Gündəliyin yarımçıq məsələsi             

Müəllif: Gülzar İbrahimova

1. Qalın Cəngi meşəsində, 
Uca bir dağ zirvəsində, 
Bütün meşə heyvanları,
Həşaratları, quşları,
Zəhmət çəkib öz gücünə, 
Hərə ev qurub özünə,
Yaşayırdı, sakit, rahat,
Burda çox gözəldi həyat.


Heyvanlar yaşayan dağda, 
Vardı möhkəm qanun-qayda.  
Burda baş verəndə nəsə, 
Hamı verərdi səs-səsə, 
Keçirərdilər iclaslar, 
Çıxışlar, sonra qərarlar,
Səhər iclas, axşam iclas,  
Mən deyim, sən də qulaq as.

Bir gün hava qaraldı, 
Dağ başın düman aldı,
Elan edildi: “Diqqət,  
Baş verəcək fəlakət.
Hamı girsin evinə,
Çəkilsin həyətinə,
Olacaq dağda tufan,
Çıxmaq olmaz yuvadan!". 

Tufan keçsə də aman,
Yol tutuldu tufandan!
Dağ yoluna aşdı daş,
Heyvanlar qaldı çaşbaş:
"Bəs indi biz nə edək, 
Biz hardan çaya düşək,
Suyu hardan gətirək,
Harda yuyunaq, çimək?".


Ayı dedi: "Dəhşətdir,
Bu böyük fəlakətdir,
Olmaz, yaşamaq susuz, 
Həyat dayanar onsuz...
Çağıraq heyvanları, 


2. Zala yığaq onları, 
Qoy hər kəsi dinləyək,
Desin necə eləyək!". 

Elan verdi Yarasa,
Hamı gəldi iclasa.
Yolda daş məsələsi, 
Dilxor etdi hər kəsi.
Səsə qoyuldu təklif, 
Gündəlik aldı təsdiq,
Başlandı böyük iclas,
Gör nə oldu, qulaq as.

Lap başa keçdi Bəbir,
Sağda müavini Şir,
"Başlayaq, dedi, gəlin,
Hamınız çıxış edin,
Yığıncağı keçirək. 
Bir son qərara gələk, 
Biz bir yol tapmalıyıq, 
Dağ yolun açmalıyıq!".

Ayı bərk nərildədi:  
"Fəlakət olub dedi! 
Gecə başlayıb tufan, 
Daş qopub dağ başından,  
Aşağı yumbalanıb,
Yolu tamam bağlayıb...
Açmalıyıq biz yolu,
Yox bunun başqa yolu!".

İclas başlandı səhər,
Çəkdi gecəyə qədər.
Qoy iclas davam etsin,
Kim nə istəyir desin,
Qarışqalar o zaman,
İclas keçirilən an, 
Harda, nə edirdilər,
İclasda deyildilər?


3. Qarışqaları tufan, 
Düzə atmışdı dağdan.
Onlar da qayıdanda, 
Daşı görəndə yolda, 
Verib çiyin-çiyinə,
Tez tutdular əl-ələ, 
Yumbalatdılar daşı, 
Dərədən düz aşağı,


Dağ yolunu açdılar,
Evə tərəf qaçdılar.
Birdən çıxdı hardansa, 
Yolu kəsdi Yarasa,
Dedi: "Gəlin iclasa, 
Şirə deyərəm yoxsa!". 
Dinməzcə Qarışqalar, 
Zala daxil oldular.

Danışırdı heyvanlar, 
Dil-dil ötürdü quşlar
Kim eləyirdi çıxış,
Ona gəlirdi alqış.
Səy ilə Tutuquşu, 
Yazırdı protokolu, 
Bitmək bilmirdi ancaq, 
Bu çıxışların sonu... 


Söz verildi Çaqqala,
Çaqqal əl çala-çala, 
Gözləri parıldadı,
Sözə belə başladı, 
Dedi: "İndi soyuqdur, 
Dağ başı şaxta olur,
Gəlin yazı gözləyək 
İşi tədbirlə görək!".

Fil çıxış edib dedi:
"Bu işə ayrılsın pul, 
O vaxta açılsın yol.
Gəlin işə başlayaq, 
İşi yoluna qoyaq. 
Bizə lazım olacaq, 
Bir qaldırıcı kran,
Bir də on güclü heyvan". 

4. Tülkü qalxdı ayağa,
Hirslə dedi, Fil ağa,
Bilir ki cənab Bəbir,
Büdcəmiz kəsirdədir. 
Hamı bilsin, pul yoxdur,
Büdcə xərcimiz çoxdur.
Gərək smeta tutaq,
İndidən pul ayıraq.

Qarışqalar güldülər:
"Yol açılıb", dedilər,
Burda iclas edirsiz, 
Nahaq vaxt itirirsiz!".
Bu sözə hamı güldü,
Zalı gülüş bürüdü,
Hirsləndi Qarışqalar,
Durub zaldan çıxdılar.

Sədr qalxdı ayağa,
Başladı danışmağa,
Dedi: "Qarışqalarda, 
Siz bir cürətə baxın!
İclası tərk edirlər,
İcazə istəmirlər.
Buna görə biz gərək,
Onlara töhmət verək!". 

Şir dedi: Gecdir artıq,
İclas qalsın yarımçıq.
Səhər davam edərik, 
Bir qərara gələrik. 
Bu günlük İclası mən, 
Bağlı elan edirəm,
Hamını səhər ertə,
Bu zalda gözləyirəm!".

Hamı gördü çıxanda, 
Daş yoxdur dağ yolunda. 
Məəttəl qaldı hamı:
"Bəs bu boyda daş hanı?
Nə bura qalxıb kran,
Nə qolu zor pəhləvan,
Kim bu daşı götürüb,
Kim xeyirxah iş görüb?". 


5. Tez gizli kameranı,
Çıxardılar baxdılar, 
Gördülər Qarışqalar,
Daşı yumbaladıblar,
Dağ yolunu açıblar. 
Utanıb xəcalətlə,
Yazdılar Tərifnamə,
Hərəsinə bir dənə.

Sevindi Qarışqalar,
Məni alqışladılar!.. 
Dedilər: "Gülzar nənə,
Biz minnətdarıq sənə! 
Dəyər verdin sən bizə,
Bizim zəhmətimizə! 
Dedin "Vaxt" gərəklidir,
Hər zaman qiymətlidir!".