Bir gün balaca dovşan,
Səhər durdu yuxudan,
Çıxdı meşədə gəzsin,
Səhər yeməyi yesin.
Yolda ilişdi kola,
Düşdü dərin quyuya.
Tuta-tuta divardan,
Birtəhər çıxdı ordan.
Bu vaxt gəldi bir Aslan,
Quyuda görüb dovşan,
Dedi: - Yem oldun mənə,
Yaxşı düşdün əlimə!
Dovşan, hardan bildin sən,
Mən nahar etməmişəm!?.
Dovşan tir-tir titrədi,
Bax, Aslana nə dedi:
Bap-balaca dovşanam,
Gedim, axtarar anam.
İndi məni axtarar,
Olar, mən evə gedim?
Sənə kələm gətirim?
Ha-ha-ha-ha, ay Dovşan,
Çoxbilmişsən sən yaman,
Mən hara, kələm hara,
Kələm yeyim nahara?
Dəyişərəm heç səncə,
Dovşanı mən Kələmə?
Bu vaxt gəldi bir nəhəng,
Sarı, zolaqlı Pələng.
Dovşana tərs-tərs baxdı,
Ağzının suyu axdı.
Dedi: - Tez çıx quyudan,
Yeyim səni, çox acam!
Aslan yaman hirsləndi,
Bir nərə çəkib dedi:
Dovşanı ovlayan mən,
Dayan görüm, sən kimsən?
Mən Pələngəm, deyəsən,
Məni tanımadın sən?
Elə nərə çəkərəm,
Dağ-daşı titrədərəm!
Öyünmə boş-boşuna,
Gör kim çıxıb qarşına...
Deyəsən xəbərin yox,
Məndən gücsüzsən çox-çox!
Aslandır mənim adım
Çox itidir caynağım!
İgiddə olsa hünər
Qorxmaz, meydana girər.
Bu meydan, bu da şeytan,
Mənə çatacaq dovşan!
Məhv edərəm mən səni
Təhqir eləmə məni!
Dovşan mənim olacaq
Yorma özünü, nahaq!
Dovşan da baxa-baxa,
Başladı əlbayaxa.
Əvvəlcə vurdu Aslan,
Pəncəsini qaldırıb,
Pələngin düz başından!
Pələng döndü vəhşiyə,
Bərk kəllə vurdu Şirə,
Dişlərini qıcıdı,
Şirə halı acıdı,
Aslanı boğazladı,
Dişlədi, ağızladı.
Su yerinə axdı qan,
Bir nərə çəkdi Aslan!
Hər iki güclü rəqib,
“Dovşan mənimdir!” deyib,
Ölüncə dalaşdılar,
Hədlərini aşdılar.
Nəhayət yoruldular,
Bir anlığa durdular.
Uzanıb halsız-halsız,
İkisi də yazıq-yazıq,
Bir də baxdılar dovşan
Çıxıb, qaçıb aradan!