Gülzar İbrahimova 4 dekabr 2018
Siçan çıxdı deşikdən,
“Myau”, səs gəldi birdən!
Pişik cumdu, deşiyə,
Siçan qaçdı eşiyə...
Kİmdə günah var görən?
Ürəyimdə dedim mən,
Hirslə qalxdım ayağa,
Dost-düşmən axtarmağa!
Soruşdum mən: - Boz siçan!
Niyə gecə yatmırsan?
Çıxsana bir deşikdən,
Çox qorxursan pişikdən?
Hə, yamandır, o Məstan,
Çox qorxuram mən ondan!
Bərkdən “Myau” deyincə,
Qaçıb girirəm küncə!
Görsə məni tutacaq,
Quyruğumu dartacaq.
Məstan, Məstan, ay Məstan!
Neyləyib sənə siçan?
Balaca, gücsüz heyvan,
Sən üstünə cumursan,
Yazığı qorxudursan?
Heyvanlarda qayda var,
Güclü gücsüzü yıxar,
Məndə də bir qorxu var,
Birdən it mənə cumar.
Deyər, “Ham ham ham ham ham”
Quyruğumu qısaram,
Yerimdəcə mısaram.
Qorxudan titrəyərəm,
Bilmirəm neyləyərəm...
Bəs hardasan sən Toplan?
Çağırıram bayaqdan,
Hay vermirsən sən mənə,
Deynən, nə olub sənə?
Heç bir ağız hürmürsən,
Gözə də görünmürsən?
Eşitmişəm nahaqdan,
Məstanı incidirsən!
Bu işə nə deyirsən,
Günah kimdədir görən?
Azarlamışam yaman,
Ay ham, ay ham, ay ham ham!
Başım ağrıyır, yaman!
Ay ham, ay ham, ay ham ham!
Yemək yeyə bilmirəm,
Səsim də çıxmır hürəm,
Ay ham, ay ham, ay ham ham...
...
Eşidib onu Siçan,
Qaçıb gəldi həmin an
İtə sümük gətirdi,
Ye ki, tez sağal, dedi.
Hətta o qorxaq Məstan,
Süd gətirdi bir fincan,
Onu xəstəyə verdi,
“Süd iç, tez sağal” – dedi.
Bu işə məəttəl qaldım,
Tez ordan uzaqlaşdım.
Bilmədim bu heyvanlar,
Düşməndirlər, dostdurlar?..