Xoruzun ad gününə,
Toyuq dedi: “Gəlsənə,
Mən tort bişirim sənə,
Şokoladlı kremli,
Üstündə qozlu, cemli!
Xoruz dedi: “Nə yaxşı,
Üstündə olsun şamı.
Quqquluqu deyərəm,
Şamları söndürərəm,
Sonra tortu yeyərik,
Ad günü keçirərik!”.
Onda işdən gələnə,
Şam al, sən də bir dənə!
Toyuq xəmir yoğurdu,
İçinə xama vurdu,
Krem çaldı qaymaqdan,
Tünd şokoladlı yağdan,
Üstünə də səpdi qoz,
Gördü gecikir Xoruz,
Bayırda düşür axşam,
Toyuq getdi alsın şam.
Şam alıb evə döndü,
Yolda Xoruzu gördü,
Onlar qanad açdılar,
Tort yeməyə qaçdılar.
Xoruz açdı qapını,
Çırpdı qanadlarını,
Gördülər ev dağılıb,
Tortun qabı boşalıb,
Onu kim isə yeyib,
Qırınıqları isə,
Bütün ev boyu səpib.
Toyuq boşqaba baxdı,
Peşman Xoruza baxdı,
Qanadını salladı,
Sonra isə ağladı.
Xoruz hirslə banladı,
Çil toyuğu danladı,
Quqquluqu,- o dedi,
Tortu görən kim yedi?
Toyuq özü də qorxdu,
Təəccüblə duruxdu:
Mən indicə çıxmışdım,
Qapını bağlamışdım!
Tortu yeyib kim isə,
Heç nə qalmayıb bizə.
Polisə xəbər verək,
Oğru tapılsın gərək!
Zəng etdilər polisə,
Polis də düşdü izə.
Başladı sorğu-sual,
Dindirildi qonşular.
Polis soruşdu: “Bəs siz,
Kimdən şübhələnirsiz?
Bəlkə də Tülkü gəlib,
Gizlincə tortu yeyib?”.
Yaşasın bizim polis,
Həmin gün tapıldı iz.
Oğru tapıldı necə?
Yumurtadan yenicə,
Təzə çıxmış on cücə,
Aclığa dözməyiblər,
Bu dünyadan xəbərsiz,
Götürüb icazəsiz ,
Tortu kəsib yeyiblər,
Sonra da gizləniblər!..
Toyuq şad oldu: “Aman,
On cücə anasıyam!”
Xoruz dedi: “Quqqulu,
Cücəmiz vardır çoxlu!
Hamınız bizə gəlin,
Mən sizi qonaq edim!”.
Xoruz qonaqlıq verdi,
Məni də dəvət etdi.
Dükandan saqqız aldım,
Xoruzgilə yollandım.
Doyunca yedim, içdim,
Mən arzuma yetişdim.
İnanmırsan, inanma,
Aldatsalar, aldanma!