Elşən, Gülşən, Küpəgirən

Müəllif: Gülzar İbrahimova

Günlərin bir günündə,
Şamaxının kəndində,
Getdi meşəyə qızlar,
Gül-çiçək toplasınlar.

Dedilər: " Həm gül yığarıq,
Həm də gəzib, oynayarıq!"
- Meşə çox gözəldir, Gülşən,
İstəsən, sən də gələrsən!

Gülşən dedi: - Can nənə,
İcazə versən mənə,
Qızlar ilə gedərəm,
Mən də çiçək dərərəm!

- Get, Gülşən, amma ki sən,
Onlardan çox kiçiksən,
Dolanma təkbaşına,
Bir iş gələr başına.

“Baş üstə!”, Gülşən dedi,
Tez-tələsik geyindi.
“Sağ ol”, deyib nənəyə,
Gülşən getdi gəzməyə.

Çatan kimi meşəyə,
Açdılar qəşəng süfrə,
Yemək yeyib şənləndilər,
Deyib-gülüb, əyləndilər.

Birdən düşdü qaçaqaç,
Oynadılar gizlənpaç.
Bir yana qaçdı hərə,
Ortada qaldı süfrə.

Gülşən üstünü örtdü,
Açıq qalmış süfrənin, 
Öpüb gözünə qoydu,
Yerə düşmüş tikəni.

Qız bilmirdi bayaqdan,
İfritə kol dalından,
Gizlin ona baxırmış,
İşinə göz qoyurmuş.

Qarını görən Gülşən
Qorxub, qışqırdı bərkdən:
- Tez bura gəlin, qızlar,
Burda Küpəgirən var!

Qarının üst-başından,
Cır-cındır sallanırdı.
Onun pırtlaşıq saçı,
Eybəcər burnu vardı.

Qarı əydi belini,
Çəpəltdi gözlərini,
Tutdu qızın qolundan,
Ağlamsındı yalandan:

Gözəl qız, məni dinlə!
Gedərsənmi mənimlə
Bir komada yaşayaq
Nənə və nəvə olaq?

Getmərəm, - dedi Gülşən,
Niyə də getməliyəm?
Nə olub ki nənəmə,
Nənə gəzim özümə?!

Sənə konfet verərəm,
Tilsimlər öyrədərərəm.
Olarsan mənə nəvə,
Hər şey alaram sənə!

Qorxdu balaca Gülşən,
Qarının sözlərindən.
Dedi: - Çıx yolunla get,
İstəmirəm mən konfet!

Tərslik eləmə ay qız!
Mən də qalıram yalqız
Gedək mənimlə qalaq
İkimiz bir yaşayaq!

Kiçik görüb yaşımı,
Gəl aldatma başımı.
Kəsmə mənim yolumu,
Burax mənim qolumu!

Kəs səsini, - söylədi,
Küpəgirən Gülşənə,
Tez qızı qucaqlayıb,
Mindi süpürgəsinə!

Süpürgə göyə qalxdı
Bu vaxt ildırım çaxdı,
Gülşən qışqırdı bərkdən:
Burax məni, neynirsən?!

Bu gündən oldun mənim,
Daha yox heç bir dərdim.
Hay-küy salma, boş yerə,
Yolun yoxdur geriyə!

Mən evə geməliyəm,
Nigaran qalar nənəm!
Neylədim ki, mən sənə,
Pislik edirsən mənə?

Sonra Gülşən səslədi
Yaxın dostu Elşəni:
“Dedi, dostum hardasan,
Gəl qurtar məni dardan!

İfritə dedi: - Qız sən,
De, kimi səsləyirsən?
Məni tanıyan bir kəs
Qorxudan bura gəlməz!

Mənim bir Elşən dostum var
Pis uşaqlar ondan qorxar,
Çağırıram o gəlsin,
Sənin dərsini versin!

Qoy gəlsin, cadu edim,
Onu daşa döndərim!
Ya da ki, tora salıb
Canavara yedirdim!

İfritə güldü bərkdən
Səsini kəsdi Gülşən
Yaman qorxdu deyəsən,
Qarının gülməyindən.

O vaxtdan balaca qız
Qaldı meşədə yalqız.
Ümidini üzmədi
Öz dostunu gözlədi.

Küpəgirən qarının
Uçuq daxması vardı
Daxmanın ətrafında
Heyvanlar yaşayardı.

Daxmada bir hörümçək
Qarıya tor toxuyurdu,
Bütün günü öz eybəcər
Səsi ilə oxuyurdu.

Kimdən sizə danışım,
Kimdən sizə söz açım?
Gəlin, geri qayıdım,
Qızlardan söhbət açım!

Qaçıb səsə gələn qızlar
Gülşəni çox axtardılar.
Heç yerdə onu tapmayıb
Peşman kəndə qayıtdılar.

Nənə eşitdi Gülşən,
Qayıtmayıb meşədən
“Gülşən”, deyib qışqırdı,
Bihuş yerə yıxıldı.

İfritə isə hər gün
Cadu-piti düzəldirdi,
O hər yanı dağıdır,
Gülşən təmizləyirdi.

Qarı bütün işlərini
Kiçik qıza gördürürdü.
Hər gün tezdən Gülşənə,
Əlli hörük hördürürdü.

İfritə qızı yorurdu,
Dincəlməyə də qoymurdu:
Ləyən gətir, su gətir,
Deyirdi, məni çimdir.

Tez elə, durma, bala,
Odun yar, ocaq qala
Başımda bitlər gəzir,
Başımı yuyub, dara!

Diqqətlə qulaq as mənə
Yoxsa düşərsən tilsimə,
Toxunsan süpürgəmə!
Sonra məndən incimə!

Komanı heç vaxt süpürmə,
Hörümçək toruna dəymə.
Paltarlarımı yama,
Onları heç vaxt yuma!

Təndiri yaxşı qala
Qocalmışam mən, bala!
Qazana çoxlu yağ at,
Quzunu yaxşı qızart!

Yanında qutab bişir
İçməyə ayran gətir.
Özün yemə, azalar,
Yemək mənə az qalar.

Yeməyi gətir, vaxtdır,
Tez elə, qarnım acdır
Aman, öldüm acından
Gətir, sac kababından!

Hər tərəfi təmizlə,
Tənbəl olma, cəld işlə!
Bax haaa, küsərəm səndən,
Olmaram sənin nənən!

Gülşən qorxar qarıdan,
İşləyərdi durmadan.
Deməzdi, yorulmuşam,
Ağlayardı hər axşam.

Bir gün gördü Boz dovşan
Kiçik qızı ağlayan.
- Dedi, gəl səni aparım,
Kəndinizə yola salım!

Qız sevincək, “gedək”, dedi,
Dovşanla yola düzəldi.
Az getdilər, üz getdilər,
Dərə-təpə düz getdilər...

Bundan xəbər tutdu qarı, 
Tilsimə saldı onları!
Dovşanı atdı uzağa,
Qızı da saldı quyuya.

Onu dərin quyudan
Çıxartdı gözəl Ceyran, 
Dedi, tez ardımca gəl,
Qarı tutmamış xəbər!

Bir azca getmişdilər,
Yenə səs eşitdilər,
Hörümçək saldı haray: 
"Gülşəni qaçırdırlar!".

Eşidəndə bunu qarı,
Tilsimə saldı onları, 
Ceyran yox oldu birdən,
Qorxdu balaca Gülşən.

Bir gün eşitdi Elşən,
Yox olub birdən Gülşən.
Tez barmağını dişlədi,
Bu kimin işidir bildi.

Dedi: - Gedirəm meşəyə,
Dostumu xilas etməyə!
Pislik edən Gülşənə,
Cavab verəcək mənə!

Elşən az getdi, çox getdi,
İynə ucu qədər yol getdi.
Yuxusuna haram qatdı,
Nə gecə, nə gündüz yatdı.

Xeyli axtardı meşəni
Axır ki tapdı Gülşəni,
Dedi: - Qorxma, burdayam!
Səni darda qoymaram!

Görüb İfritə qarını
Çəkdi taxta qılıncını.
Dedi: “Ey Küpəgirən,
Cavab ver, neyləyirsən?

De, hansı hünərlə sən
Uşaqları incidirsən?
Gülşəni oğurlayıb
Komanda gizlədirsən?

Qarı qorxuya düşdü,
Həyəcandan büzüşdü
Sözün düzü, çox çaşdı,
Çaşıb dombalaq aşdı.

Qozbel beli əyildi,
Qorxub geri çəkildi.
Səsi titrədi qorxudan
Özündən uydurdu yalan:

Ey cəsarətli oğlan,
Mənə qılınc qaldıran!
Bilmədim nə üçün sən,
Mənə “oğru” deyirsən?

- Kəs səsini Küpəgirən!
Xəbərim var, tilsimindən!
Uşaqları bezdirmisən
Yetər, daha, ölməlisən!

Sən mənə inan, Elşən!
Meşədə azmışdı Gülşən,
Guya yaxşılıq elədim,
Onu daxmama gətirdim.

Aldatmısan dostumu
Oğurlamısan onu,
Meşədə rast gəlib sənə,
Salmısan onu tilsimə!

De, hardan biləydim mən,
Var onun dostu Elşən,
Bir gün qılıncla gələcək,
Gülşəni xilas edəcək?

Çox yalvardı Küpəgirən:
Gəl məni öldürmə, Elşən!
Bundan belə bir də mən,
Heç kimi incitmərəm!

İnanmıram! – dedi, Elşən
Pis işlərdir sənin peşən!
Tilsimini qıracağam,
Səndən qisas alacağam!

Heç sənin kimi oğlan,
Belə igid, qəhrəman,
Qarıdan qisas alar,
Qocaya əl qaldıar?

Eşidəndə bu sözləri
Doldu Elşənin gözləri
Gizlətdi qılıncını,
Bağışladı qarını.

Dedi: - Ey Küpəgirən!
Bundan sonra bir də sən
Uşaqlara pislik etsən,
Mənə cavab verəcəksən!

Ağladı Küpəgirən:
Söz verirəm bu gündən
Heç kəsi aldatmaram,
Heç kimi qorxutmaram!


Elşən Gülşəni götürdü,
Düz nənəsinə gətirdi.
Sevindi qoca nənə,
“Sağ ol!”, dedi Elşənə.

Nağıl sona yetişdi,
Sacda üç fətir bişdi.
Biri çatdı Elşənə,
Biri çatdı Gülşənə.

Biri nağıl deyənə,
Yəni, Gülzar nənəyə.
Nağıl yazan sağ olsun,
Qulaq asan var olsun!

Yaxşı artsın, çox olsun!
Pis azalıb, yox olsun!
Hamı çatsın muradına,
Sən də yetiş öz arzuna!