Səmavi və ya İlahi kitablar

Müəllif: Gülzar İbrahimova

Gülzar İbrahimova   2016
Sehrli dünya jurnalının  2016 il may ayı 48 sayında seh 18-21 yayımlanıb. 

Bu günə qədər Səmavi və ya İlahi kitablar mövcuddur ki, onlar da Allahın Peyğəmbərlər vasitəsilə insanlara göndərdiyi İlahi kitablardır. Həmin kitablarda Allahın insanlara göstərdiyi düzgün yollar və qadağalar yazılıb.
İlahi kitabları vərəqlədikcə, oxuduqca başa düşürsən ki, Gözəl Allahın əsas istəyi bəndələrini xoşbəxt görməkdir. Həmin kitablar müxtəlif zamanlarda, müxtəlif cəmiyyətlərdə olsalar da, məqsədləri eynidir.
Müqəddəs Quran ondan əvvəl yaranmış bütün Səmavi kitablara hörmətlə yanaşır, onları qəbul edir, onların haqqında məlumat verir, bu kitablardan yararlanmağı, faydalanmağı tövsiyə edir. 
Bu günümüzə qədər olan İlahi kitabların adlarını yadımızda saxlasaq gözəl olar: 


Tövrat                    
Zəbur 
İncil
Quran

Tövrat kitabı insanlara həzrəti Musa vasitəsilə göndərilmiş kitabdır.
Əsası İbrani dilində (ən geniş yayılmış yıhudi dili) yazılıb.
Tövratda həzrət Musanın ölməzdən əvvəl yəhudilərə verdiyi nəsihətlər yazılıb.
Müqəddəs Qurani-Kərimdə Allahın insanlara yol göstərmək üçün göndərdiyi kitablardan birinin Tövrat olduğu qeyd olunur.

Zəbur kitabı - həzrət Davudun adı ilə bağlıdır. Kitaba “Davuda göndərilən kitab” da deyilir. 
Zəbur sözünün özü də elə mənaca “Kitab” deməkdir. 
Zəbur da ibrani dilində yazılıb, hikmətli sözlərdən, əxlaqi nəsihətlərdən ibarətdir. 
Yəhudilər və xristianlar ibadət vaxtı Zəburda yazılanlardan istifadə edirlər. 

İncil kitabı - Həzrəti İsaya göndərilən kitabdır. İncil sözü yaxşı xəbər, müjdə və öyrədən mənasındadır. Əsas dili yunan dilidir.
İncil həzrət İsanın həyatı, möcüzələri, sevgi, dürüstlük, təvazökarlıq mövzulardandır. 
Qurani-Kərim İncili doğru yolu tapmaq istəyənlər üçün bir nəsihət yolu olduğunu bildirir.

Qurani-Kərim 
Müqəddəs kitabımızın adı olan Quran “oxumaq” deməkdir. Quran dinimizin əsası və Səmavi kitabların sonuncusudur. Əziz Peyğəmbərimiz Məhəmmədin dili ərəb dili olduğuna görə Müqəddəs Quran da ərəb dilində yazılıb. 
Quranın əsas mövzuları Allah, Kainat, Əxlaq, İbadət, Bilik, İnsanın davranışı, Qadağalar, Günahlar və Tövsiyələrdir. 
Qurani-Kərim Peyğəmbərimizin ən böyük möcüzəsidir. Quran insanın insanla əlaqələri haqda yol göstərir. İnsanları yaxşılığa, gözəlliyə çağırır, nəsihət edir, xəbərdarlıq edir. Həqiqəti açıqlayır, işıqlanadırır, insanın xoşbəxtliyinə kömək edir. 
Qurani-Kərim əziz Peyğəmbərimiz Məhəmmədə vəhy ilə göndərilib. 
Bütün Müqəddəs Kitabları oxuyanda insanın daxilinə bir gözəllik, bir istilik dolur. Həmin gözəlliklə də insan dünyanı daha gözəl görür, daha çox dəyərləndirir. Bütün dini kitablar tərcümə olunub. Elə İlahi kitablar var ki, onlar mürəkkəb təcrümə edilib, oxuyursan. ya çətinliklə başa düşürsən, ya da başa düşmürsən. Elə kitablar da var ki, onlar çox gözəl oxunur, çox maraqlı təcrümə olunub, asanlıqla, sevilə-sevilə oxunur. Oxuyursan, oxuyursan, daxilən zənginləşirsən. Daxilən gözəlləşirsən. Allah ürəyinizi daima Nurla doldursun. 
Bütün Müqəddəs Kitablar - gözəl kəlamları ilə oxunur, oxunduqca, oxunur, sevilir, yayılır. 
Səmavi Kitablar həm də ona görə Müqəddəs sayılırlar ki, heç bir pis adam onları axıra qədər oxuya bilmir. Oxumaq istəsə də səbri çatmır, oxuduğundan isə heç nə anlamır. 
Səmavi kitabları oxuyanlar, özləri də bilmədən oxuduqca daha da saflaşır, nurlanır.
Arzu edək, Allah dünyamızı qorusun, Müqəddəs Kitablar da həmişə insanların yolunu nurlandırsın.