Qisas

Müəllif: Gülzar İbrahimova

Gülzar İbrahimova
(hekayə)        

Mələk ikinci sinifdə oxuyurdu. Amma bu gün o məktəbə dərsə yox, Novruz şənliyinə gedəcəkdi. Məktəbdə Novruz şənliyi var idi. Özü də Mələk şənlikdə keçiriləcək «xonça» müsabiqəsində də iştirak edəcəkdi. 
Buna görə də qız axşam gec yatmış, xonçasına cürbəcür bayram təamları yığmış, yumurta bəzəyib qoymuşdu. 
Mələk yuxudan duran kimi birinci qaçdı `qonaq otağına ki, axşamdan düzəltdiyi xonçaya baxsın. Otağa girib nə görsə yaxşıdır… Xonçanın salafanı cırılıb, şəkərburalar, qoğallar bir tərəfə səpələnib, hərəsindən də biri dişlənib. Stolun üstü tama rəng içərisində idi. Kimsə rəngələmə kisti ilə yumurtaların üstünü qarmaqarışıq, eybəcər bir şəkildə rəngləmişdi. Flomaster qutusu açılmış, içərisindəki flomasterlər hərəsi bir tərəfə səpələnmişdi. Təzə, işlənməmiş dəftərlərindən bir neçəsinin üstü yazılmış, yəni qaralanmışdı. Bütün bunları görəndə Mələyi elə ağlamaq tutdu ki, özünü saxlaya bilməyib hönkür çəkib ağladı. Bu vaxt pərdənin dalında gizlənmiş balaca qardaşı Tural gizləndiyi yerdən çıxıb düz həyətə, ordan da bağçaya qaçdı. Mələk onun arxasınca qaça-qaça qışqırdı:
- Sənə deməmişdim xonçaya toxunma!?. Gör sənin başına nə oyun açacağam! Tural bacısını bir az da hirsləndirdi: 
- Tuta bilirsənsə, tut məni, sonra danış! Mələk lap hirsləndi: 
- Sonra məndən incimə! Səndən qisasımı almalıyam! 
Belə deyib Mələk qaçan qardaşını qovmağa başladı. Amma yenə də onu tuta bilmədi. Çünki Tural bir göz qırpımında meymun kimi ağaca dırmaşdı. Bacısı yaxınlaşanda o deyinə-deyinə bir az da hündür budaqlara dırmaşmağa başladı: 
- Sənə dedim bayrama məni də apar, aparmadın, mən də elədim! 
Mələk bir az da bərkdən ağladı: 
- Sənə dedim ki, olmaz, ora balacalar getmir. İndi mən sənə göstərərəm ki, qisas almaq necə olur!.. 
Tural get-gedə ağacın lap yuxarı budaqlarına dırmaşırdı. Bacısı da sakitləşmək bilmirdi. Elə hazırlaşırdı ki, ağaca çıxıb qardaşının dərsini versin, birdən Turalın ayağı necə sürüşdüsə, kəllə-mayallaq ağacdan yerə düşdü. O, düşən kimi əlləri ilə başını qucaqladı. Mələk qardaşını belə görüb çaşdı. Elə bildi ki, Turalın başı partladı, ya beli zədələndi. Bir anda ağlamağını kəsib Turalı qucaqladı: 
- Nə oldu sənə, Tural? Əzildin? 
Turaldan səs gəlmədiyini görən Mələk lap qorxdu. Onun başını qaldırdı. Üzündən, gözündən öpməyə başladı: - Bağışla Tural! Mən elədim. Gərək mən bir xonça üstündə belə etməzdim. Bağışla məni, eşidirsən? Bağışla! 
Mələk gördü ki, Tural gözlərini açmır, lap qorxuya düşdü: 
- Bax Tural, istəyirsən, heç şənliyə getməyim, xonçanı da, flamasterlərimin hamısını sənə bağışlayım. Hələ üstəlik, rəngli karandaşlarımı, rəsm albomumu, nə istəyirsən verim sənə. Sən bircə gözünü aç! 
Bayaqdan bacısının qorxusundan gözlərini açmayan Tural bu yerdə gözlərini açdı. O başa düşdü ki, bacısı onu nə qədər çox istəyir. Bacısını qucaqlayıb dedi: 
- Mən də səni çox istəyirəm. Daha bir də səndən icazəsiz sənin stoluna yaxın durmaram! Sən də məni bağışla. Yaxşı? Mələk dedi: 
- Əlbəttə! 
Və qardaşının əzilmədiyini görüb çox sevindi. Onlar bərk-bərk qucaqlaşdılar. Sonra isə birgə gedib xonçanı düzəltdilər. Təzədən yumurta bəzədilər. Xonça əvvəlkindən də gözəl oldu. Və əlbəttə ki, Mələk müsabiqədə qalib gəldi. Çünki həmin xonça iki mehriban bacı-qardaşın əməyindən yaranmışdı.