Habil, Qabil və Gül üçüz idilər. Yəni, əkizlər kimi bir gündə doğulmuşdular. İkisi oğlan idi, biri qız. Üçü də bir-birlərinə oxşayırdı. Hətta anaları belə onları dəyişik salır, Habili düz, Qabili qıvrım saçlarından, Gülü uzun, ipək saçlarından tanıyırdı. Onların gülməkləri, danışıqları da eyni idi. Düşünməkləri, yorulmaqları, ağrımaqları, sevinməkləri, susamaqları, yeməkləri, hirslənməkləri, şənlənməkləri də eyni idi. Bundan başqa pis cəhətləri də var idi ki, bu analarını çox narahat edir, bilmirdi nə eləsin ki, balaları dərs öyrənsin. Məktəbdə çox vaxt “3” alırdılar deyə, bir müəllim adlarını “Üçlər”, qoymuşdu. Hamı onları “Üçlər”, deyə çağırırdı.
Bir yay bacı-qardaşlar büsbütün dəyişdilər. Uşaqlar sanki birdən-birə böyüyüb, başqalaşdı. Onların belə dəyişməsinə səbəb bir kəlmə söz oldu. Bu belə baş verdi. Tənəffüsdə kimsə daş atıb pəncərəni qırdı. Müəllim təqsirkarı axtarmadan, tapmadan, dedi, pəncərərəni “Üçlər” sındırıb. Direktorun da ilk sözü bu oldu:
• Baba, nənə, ana neçə il türmədə yatıblar, uşaqlar türmədə doğulub, onlardan nə gözləyirsən?
Direktordan belə söz eşidəndə bir anlığa uşaqlar yerlərində donub məəttəl-məəttəl bir-birlərinin üzünə baxdılar. Baxışları ilə bir-birlərindən soruşdular: “Bu nə deməkdir?” Çünki bu haqda heç nə bilmirdilər.
Bitmiş uşaqlıq
Uşaqlar məktəbdə durmayıb düz evə qaçdılar. Ana həyətdə mürəbbə bişirirdi. Uşaqları dərsdən tez qayıtmış görüb təəccüblə soruşdu:
• Nəsə olub?
• Olub ana, bizim bilmədiyimiz şeylər var. Sən onları bizdən gizlətmisən? – Deyə Gül ağlaya-ağlaya dedi.
Ana daha da həyəcanlandı:
• Açıq danışın, nə baş verib? Nəyi gizlətmişəm?
Uşaqlar direktorun sözlərini anaya deyəndə, ana, iki əlləri ilə üzünü tutub hönkür çəkib ağladı. Diziüstə torpağa çökdü. Bir az belə qalandan sonra dikəldi və dedi:
• Övladlarım! Mən bunu sizdən gizlətsəm də, eşitdiyiniz düzdür. Hətta siz də həbsxanada, dəmir barmaqlıqlar arasında dünyaya gəlmisiz. Amma inanın mənə, həbsdə olmağımda mənim heç bir günahım olmayıb!
• Sənə inanırıq, ana, amma bilməliyik ki, anamız, nənəmiz, babamız nəyə görə cəza alıb? – Habil dedi.
• Bilməliyik, kimdir təqsirkar!? – Qabil də öz sözünü belə dedi.
• Qardaşlarımın fikri ilə razıyam. Günahınız olmayıbsa, deməli sizə qarşı haqsızlıq olub! Kimdir düşmənimiz, de, tanıyaq, bilək, qisas alaq!
• Düşmənim insafsız, ləyaqətsiz, daş ürəkli adamlardı.
• Daha dəqiq və konkret... – Gül belə deyəndə ana uşaqlarına yalvardı:
• Sizə yalvarıram, məni məcbur eləməyin ki, sirri sizə açım, hələ balacasız. Beyninizi qisas hissi ilə doldurmaq istəmirəm!
• Danış ana, hamısını danış! – Deyəndə, ana baxdı ki, hər şeyi övladlarına deməyin zamanı çatıb, dedi:
• Başıma gələnləri sizə danışacağam. Amma onu da bilin ki, sirrimi bilən kimi uşaqlığınız bitəcək, bir günün içərisində böyüyəcəksiz. Razısınızsa, danışım!
• Razıyıq! – Deyə Üçlərin üçü də birdən dilləndi.
Birinci haqsızlıq “Səhv hökm”
Balaca idim, yadıma gəlmir neçə yaşım vardı. Bir gün qonşu inəyi həyətimizə girdi, ağaclarımızın budaqlarını yedi, atam hirsləndi, getdi qonşu ilə dava elədi. Bir azdan anam da getdi. Darıxıb onların dalınca getdim. Gördüm qonşu yuxarıdan, eyvandan qışqırır. Birdən ayağı nəyəsə ilişdi, pilləkənlərdən aşağı yumbalandı və səsi kəsildi. Özü yıxıldı, gördüm, dedim də... Amma o vaxt mənə heç kəs inanmadı. Atamla anamı tutdular, mən isə əmimgildə qaldım.
İkinci haqsızlıq “Ögey ana”
Adım Göyçək idi. O qədər arıq idim, əmim adımı “Böcək”, çağıırırdı. Əmim öləndən sonra əmim arvadı məni döydü, incitdi, qapılarda işlətdi. Qazandığım pullardan qızına güllü don, ayaqqabı alırdı. Bir gün o məni özü kimi insafsız bir qadına satdı. Mən həmişəlik onlarda qaldım. Qadının adı Nüşabə idi. Özü də, səsi də, xasiyyəti də kobud idi. Hardasa hakim işləyirdi. Bütün günü telefonla qışqıra-qışqıra danışır, puldan danışanda isə səsini azaldır, pıçıldayırdı. Nüşabə xanımın mən yaşda, yəni 10 yaşlı Atəş adlı bir oğlu vardı. Birinci gündən Atəşlə dost oldum. Nüşabə xanım çox vaxt işdə olurdu. İşlərimi qurtaran kimi Atəş mənə yazmaq, opxumaq öyrədirdi. Onunla cürbəcür oyunlar – gizlənpaç, qaçdı-qovdu, daşgizlətdi, xan-vəzir oynayırdıq. Atəşlə bir-birimizi çox istəyirdik.
Nüşabə xanım günü-gündən zalımlaşır, qəddarlaşırdı. Üç mərtəbəli evi hər gün mənə təmizlətdirir, saysız-hesabsız qonaqlıqların yeməklərini mənə bişirtdirir, hələ bu az imiş kimi məni gecə növbəsində də sexə çörək bişirməyə göndərirdi. İşləməkdən yorulmurdum, çünki bu evdə məni çox istəyən Atəş vardı.
Vaxt keçdi, biz böyüyüb, həddi-buluğa çatdıq. Məni sevdiyini Atəş anasına deyəndə Nüşabə xanımın hirsindən-hikkəsindən ürəyi getdi. Ayılanda deyindi:
• Bir o qalmışdı, işləyim, qazanım, yetimin biri var-dövlətimə sahib çıxsın. Mən bu böcəkdi, həşəratdı, nədi, ona çörək verdim, böyütdüm, qayıdıb mənim malıma, dövlətimə göz dikdi. Onu evimdən elə qovum ki...
• Onda məni də bu evdə görməyəcəksən! – Oğlundan bunu eşidəndə daha Nüşabə xanımın səsi çıxmadı.
Atəş ayrıca ev tutdu. Özümüzə balaca toy elədik. Cəmi üç gün bir yerdə olduq. Sonra məni polislər gəlib apardı. Məhkəmədə Nüşabə xanım yalandan üzümə durdu ki, onun qiymətli və qədimi, almaz üzük-sırğa dəstini oğurlamışam. Məni həbs etdilər. Bir neçə aydan sonra siz anadan olduz. Bir gün günahsız olduğumu sübut edən dəlil ortaya çıxdı. Məni körpə uşaqlarımla azad elədilər. Bu dəfə Nüşabə xanımın evində işləyən bağban doğrudan da oğurluq eləyib onun qiymətli əşyalarını oğurlamışdı. Qiymətli əşyalara baxış keçirəndə məlum olub ki, həmin qızıl dəst o vaxt heç oğurlanmayıbmış. Mən nahaqdan cəza çəkmişəm. Mənə böhtan atdığına, tutdurduğuna görə Nüşabə xanıma heç nə eləmədilər, çünki özü hakim işləyirdi.
Sonra Atəşi nə qədər axtardım, tapmadım. Dedilər İngiltərəyə, oxumağa gedib. Qaldım tək. İllər keçsə də, o qayıtmadı. Budur mənim və valideynlərimin çəkdiyimiz haqsız cəzalarımız.
Biz qisas almalıyıq!
Uşaqlar eşitdiklərindən çox pis oldular. Ürəklərində pislərə, haqsızlara, Nüşabə kimi hakimlərə, şər-böhtan atanlara, onlara inananlara, insanlara pis olanlara, onların həyatını məhv edənlərə kin-küdurət, nifrət yarandı. Düz üç gün-üç gecə nə yedilər, nə içdilər, nə də dərsə getdilər.
“Biz qisas almalıyıq!”, dedilər. Qərar: Nənəmizin, babamızın, anamızın qisasını! Sual: Necə, Kimdən? Nə cür? Hansı yolla? Kimdir müqəssir? Cavab: İnsanlara inanmayanlar! Gücsüzlərə əl qaldıranlar! Şər-bohtan atanlar! Böhtançılara inananlar. Andı ucuzlaşdırıb ayaq altda tapdayanlar, anda inanmayanlar!
Düz üç gün, üç gecədən sonra uşaqlar ayağa qalxdı. Amma onlar daha uşaq deyildilər. Bu üç gündə dəyişdilər, böyüdülər. İndi onlar daha həyətə qaçıb oynamaq haqda yox, ağılla hərəkət edib qisas almaq haqda düşünür, yollar axtarırdılar.
Axtardılar və tapdılar. İlk əvvəl Nardənə xanımın yanına getdilər. Nardənə xanımla məktəbdə tanış olmuşdular. O, dünyaca tanınmış alim Lütfüzadənin tələbəsi olmuşdu. Müxtəlif riyazi fiqur yolları ilə İstedadlı uşaqların istedadını üzə çıxarıb, onlara yol göstərə bilirdi. Görüşdə Habilin ona verdiyi bircə sualdan Nardənə onun xüsusi istedadlı olduğunu bildirdi. Habili xüsusi dərslər keçmək üçün məşqlərə çağırdı. Habilə lazım idi ki, savadlı olsun, savadı ilə arzusuna çata bilsin, haqsızlara, ədalətsizlərə gücü çatsın.
Üçlər bu məqsədlə Nardənə xanımın məşqlərinə getdilər və az bir müddətdə nəinki bütün sinif yoldaşlarından savadlı oldular, hətta onlardan çox irəli getdilər.
Üçlərin belə sıçrayışı hamını heyran qoydu. Bütün məktəb, hətta Təhsil Nazirliyi 5-ci sinif şagirdlərində belə bir sürətli qiymət dəyişikliyinin araşdırılması üçün məktəbə növbədənkənar komissiya göndərdi. Komissiya faktı təsdiq elədi. Üçlər isə heç nəyə fikir vermədən digər siniflərə keçməyi gözləmir, bir tərəfdən əllərinə keçən bütün elmi və elmi araşdırma. proqramlaşdırma kitablarını oxuyur, qeyri-adi nəticə əldə etmək istəyirdilər.
Ana sevinirdi, nəhayət ki onun da balaları böyüyəcək, müstəntiq, hakim olacaqlar, gücləri çatan qədər haqqı, ədaləti qoruyacaqdılar. Amma ana gözlədiyi kimi Üçlərdən heç biri özünə belə bir peşə seçmədi.
Uşaqlar Nardənə müəlliməni sevir, tapşırıqlarını həvəslə yerinə yetirirdilər. Bir gün eşitdilər ki, həkim onların sevimli müəlliminə yanlış iynə vurub, Nardənə müəllimə nə yataqdan qalxa bilir, nə danışa bilir. Bu ən çox Habilə təsir elədi. O söz verdi:
• Gələcəkdə elə yollar axtarıb tapacağam ki, insanlar həkimə getmədən özlərini müalicə eləyə bilsin!
• Mən isə elə bir sistem icad edəcəyəm ki, o sistem insanları yalandan, böhtandan uzaqlaşdırsın. Heç kəs başqasına pislik edə bilməsin! Pislik edən qanunsuz, məhkəməsiz özü cəza alsın! - Habil dedi.
Gül isə belə dedi:
• Qabil insanlara sağlamlıq verəcək, sən isə onlara rahat, qorxusuz həyat. Sağlam və xoşbəxt yaşayanı nə kədərləndirər? Əlbəttə, qocalmaq! Mən isə elə bir şey icad edəcəyəm ki, insanlar qocalmasın!
Üçlər belə dedi və belə də elədilər. Bütün dünya Üçlərin ixtiralarından danışdı, Ana öz övladları ilə fəxr elədi. Üçlər bütün dünyanı dəyişdilər. Necə dəyişdilər? Qulaq as, danışım...
Sağlam ol!
Habil kompyuterdə elə bir “Sağlam ol!” proqramı qurdu ki, proqram işə başlayan kimi milyonlarla insan öz xəstəliyini, onun yaranma səbəblərini, əlamətlərini, müalicə yollarını yazdı kompyuterə. Digərləri də onu öyrənib özlərini həmin təbii yollarla dərmansız, filansız müalicə eləyib, sağaldılar. Tonlarla mikroblu peyvəndlər məhv edildi, uşaqlara, böyüklərə vurulmadan yandırıldı. Tibbi əməliiyyatlar qadağan olundu, onlara ehtiyac da qalmadı. Habil uğurlarını Nardənə müəllimə ilə bölüşdü. Nardənə müəllimə danışa bilməsə də, şagirdinin uğuruna elə sevindi ki, gözlərindən sevinc göz yaşları axdı. Ona uğurlar dilədi. Güclə qələm tutan əlləri ilə, “Sağ ol, üzümü ağ elədin, Habil!”, yazdı. O da tezliklə sağalıb, ayağa qalxdı.
Qabil çox axtardı, çox araşdırdı, insanları pis əməllərdən çəkindirə biləcək ixtira tapdı. İxtiralarının sonu elə qurtarırdı ki, onlar həyata keçsəydi, pis adamlar çirkin əməllərini həyata keçirmək üçün istifadə edərək, varalanacaq, pislik çoxalacaqdı.
Axırda Qabil təngə gəlib İnternet silahı icad elədi. Bu silahla insanlar da, qanunlar da dəyişəcəkdi. Proqram çox sadə olsa da, ilkin etaplar acınacaqlı ola bilərdi. Qabil əvvəl ixtirasını gizli saxladı. Amma nəticəni əvvəlcədən özü görə bildi. Başqa yol yox idi. İnsanlar get-gedə dəyişir, amansız olurdular. Bunun qarşısı alınmalıydı. Ona görə xüsusi proqramı haqda əvvəl Nardənə müəlliməyə danışdı. Müəllimə ixtira haqda eşidib ağladı, əlinin işarəsi ilə Qabili yanından qovdu.
Başqa yol yoxdur!
Amma səhər onu yanına çağırtdırıb əlləri əsə-əsə yazdı: “İnsanların başqa yolu yoxdur, ixtiranı həyata keçir!”. Qabil müəlliməsinin əllərini öpüb işə başladı. Həmin gün işlədiyi proqramı internetə yüklədi. Proqram özü çox sadə olsa da, nəticəsi ağır idi.
Məhkəmələr azaldı, hakimlər ixtisara düşdü, həbsxanala bağlandı. Polislər yox oldu. Bu necə ixtira idi? Qabil nə icad elmişdi ki, insanlar əmin-amanlıq içərisində yaşamağa başladılar? Qabil internet gülləsi icad eləmişdi. O, elə bir proqram ixtira edib mükəmməlləşdirmişdi ki, istənilən canlı, hərəkətli varlığı həmin proqramla bir saniyə içərisində məhv etmək mümkün idi. İnternet silahın üstün cəhəti onda idi ki, sənə pislik etmiş şəxsin şəklini verirsən proqrama və sənə etdiyi pislik haqda məlumat bazasına məlumat ötürürsən. Məlumat bazasında məlumatlar fəza cisimləri vasitəsilə öyrənilir, günahkar məhv edilir, yox, əgər, sifariş yanlış verilibsə, obyektin heç bir günahı yoxdursa, güllə geri – bazaya qayıdır, yəni göndərənin özünü məhv edir. Ən sadə, ən kasıb insan belə bu İnternet silahdan pulsuz əldə edə bilirdi. İnternet silahından istifadə edib, bir batalyon terror qrupunu bir dəqiqənin yox, bir saniyədə məhv etmək mümkündü. Özü də anonim şəkildə. Heç bilən də olmayacaqdı ki, bu qədər terrorçunu bir dəqiqədə kim məhv elədi. Ölüm isə ani baş verirdi. Dağıdıcı şüa günahkarın düz ürəyinə girir, bir anda onu məhv edirdi. İlkin vuruşma, silahın ilk sınağı terrorçular arasında baş verdi. Bir gündə neçə terrorçu məhv oldu. Daha silahdan istifadə edilmədi. Hər kəs haqsızlıq eləməyə, qan tökməyə qorxdu.
Sülh sükutu
İnternet ir silahın ixtira olunması dünyanı silkələdi. Cinayət hadisələri kəskin şəkildə azaldı. “Həyat, yaşamaq çox şirindir”, deyə, heç kəs həyatını təhlükə qarşısında qoymadı. Zorakılıq o qədər azaldı ki, hətta müharibələr dayandı. Dünyaya xoş bir sülh sükutu çökdü. Həyat elə gözəlləşdi, elə gözəlləşdi, bunu yazı ilə ifadə etmək belə çox çətindir. Çünki müharibələrə sərf edilən külli miqdarda pullar əmin-amanlığa xərcləndi. Kosmosda həyat axtaranlar axtarışlarını dayandırdı.
Dünyanın gözəlləşən zamanında bu tərəfdən də Gül öz ixtirasını elədi. O elə bir fəza gözəllik cismi kəşf elədi ki, insanlarda qocalma prosesi getmədi. Hamı cavan qaldı. Demək, gülmək, şənlik səsi aləmi bürümüşdü. Bir sözlə dünya hərtərəfli gözəl oldu. Bu gözəlliklər içərisində Atəş axtarıb Böcəyi tapdı. Onlar xoşbəxt yaşadılar. O vaxtdan insanlar Atəşböcəyini daha da çox sevdilər.