Gələcəyimiz təmiz olsun və ya Mən pis deyiləm!

Müəllif: Gülzar İbrahimova

Aynur elə sevinirdi ki... Baba ilə  dənizkənarı parka getmək onun çox xoşuna gəlirdi. Nə istəyirdi, baba alırdı, nəyə istəyirdi, baba mindirirdi. Demirdi: “Pulumuz qurtardı!”.
Həmin gün Aynur yaxşı gəzdi. Karusellərin çoxuna mindi. Elə yorulmuşdu, özü gedib skamyada oturdu:
- Yorulmuşam, baba, bir az oturaq?
- Oturaq, qəşəng balam!
- Baba, mənə bir dondurma alarsan, oturum yeyim?
Baba Aynura dondurma aldı. O, dondurma xoşlasa da, yarısını yedi. Elə yorulmuşdu gözləri yumulurdu:
- Baba, yuxum gəlir, gedək evə!
Aynur dondurmanın qalanını skamyada qoydu.

Bir-iki gündən sonra ana Aynura ağ don aldı. Paltar ona gözəl yaraşdı. Aynur aynanın qarşısında özünə heyran oldu. Səhər baba onu bulvara aparanda Aynur həmin paltarı geyindi. Elə bil bulvardakılar da paltarın təzə olduğunu başa düşmüşdülər. Aynura baxır, gülümsəyir, "Nə qəşəng qızdır!", deyə pıçıldaşırdılar. Aynur fərəhindən az qalırdı uçsun.

Paltarın ətəyi elə enli idi, oturanda lap şahzadə paltarına oxşayırdı. Paltarının gözəlliyini hamıya göstərmək üçün Aynur skamyada oturdu. Amma ayağa qalxanda paltar bir az skamyaya yapışdı. Elə bil oturacağa yapışqan sürtmüşdün. Aynur dönüb arxadan paltarına baxanda nə görsə yaxşıdır?! Ağ paltar skamyaya dağılmış dondurmaya bulaşmışdı. Şokolad uzaqdan lap “pis bir şeyə” oxşayırdı. Aynur hirsindən ağlamağa başladı. Ətrafdakılar elə bildilər uşaq, paltarını bulaşdırıb onu sakitləşdirməyə çalışdılar:
- Darıxma, qızım, biz də balaca olanda paltarımızı bulaşdırmışıq, böyüyəndə yadından çıxaracaqsan!
Ona hamı təsəlli verirdi:
- Heç nə olmaz, get evə, yuyunarsan, təmizlənərsən, ağlama!
Bu sözləri eşidəndə Aynur lap hirslənir, başa düşürdü ki, onu, paltarını bulaşdıran “balaca bəbə” sayıb, sakitləşdirirlər.
Baba isə nəm salfetlə həm Aynurun üstünü təmizləyir, həm də ətrafdakıları başa salmağa çalışırdı:
- Yox, o, balaca deyil, paltarını bulaşdırmaz, ağıllı qızdır. Sadəcə, kimsə skamyaya şokoladlı dondurma töküb, saqqız yapışdırıb, Aynur da görməyib üstündə oturub!

Qucağında körpə uşaq olan qəşəng bir qadın başını bulayıb dedi:
- Qəm yemə, gözəl qızım, sənə təzə paltar alarlar! Yəqin bunu yaramazın biri edib. Çünki bu yaxınlıqda zibil qutusu ola-ola, necə ola bilər ki, dondurmanı, saqqızı skamyanın üstünə atasan...
- Görəsən onu hansı tərbiyəsiz edib?
- Eləsini gərək oturdasan dondurmanın, saqqızın üstündə, ağlı başına gələ! ‒ Deyə, hərə Aynuru bir cür təsəlli edirdi.
Aynur bunları eşidib bir az sakitləşdi. Ağlamağını dayandırdı. Baba çox çətinliklə saqqızı paltardan qoparsa da, qırmızı ləkəsi təzə paltarı köhnəldib, görkəmini pozdu.

Baba hirslə saqqızı ətrafdakılara göstərəndə, Aynur üç gün bundan qabaq dondurma yeyərkən ağzından çıxarıb skamyaya yapışdırdığı rəngli saqqızı tanıdı. Yadına düşdü ki, onda da babası ilə burda oturmuşdu. Yuxusu gəldiyindən dondurmanı skamyada qoyub getmişdi.             
Əlbəttə, baba bunu görməmişdi. Görsəydi, mütləq onu zibil qabına atacaqdı. Bunları yadına salanda Aynur çox pis oldu. Çünki özünün səhlənkarlığından, pis işindən ən gözəl paltarı korlanmışdı. Üstəlik baba da dilxor olmuşdu.
Bu vaxt bir gombul əmi kobud səslə dedi:

- Nə qədər pis adamlar var! Biz bütün günü bulvarda səliqə yaradırıq, hamı gəlsin burda vaxtını xoş keçirsin, pislər isə həmişə camaatın kefini pozur. Mikrobdurlar elələri. Hər yana mikrob səpirlər!
Bunları eşidən Aynur bərkdən ağlamağa başladı:
- Mən pis deyiləm! Mən mikrob deyiləm!

Baba o saat hər şeyi başa düşdü. Neçə gün bundan əvvəl burda Aynur əvvəl saqqız çeynəmiş, sonra dondurma yemişdi. Aynurun birdən belə ürəkdən ağlamağının səbəbi də babaya aydın oldu. Aynur səhvini başa düşmüşdü. Baba onu sakitləşdirməyə çalışdı:
- Pis deyilsən, balam! “Pis”, səhvini başa düşməyənə deyirlər!

- Mən bir də belə eləmərəm, baba! ‒ Deyib, Aynur çantasından nəm salfet çıxarıb, paltarını yox, skamyanı təmizlədi.
Ətrafdakılar skamyanı təmizlədiyinə görə Aynuru alqışladılar:
- Afərin, qızım! Sən ağıllı qızsan, çünki gələcəyi təmiz görmək istəyənlərdənsən!
- Mən istəyirəm ki, hər yan tərtəmiz olsun!