Mənim yerimə sən olsaydın…

Müəllif: Gülzar İbrahimova

Bryansk  vilayətinin Komariçi qəsəbəsində Vladik (Vladislav) adlı 12 yaşlı bir oğlan var idi.    
Vladik çox dəcəl idi. O dostları ilə çox vaxt kompyüterdə savaş oyunları oynayar, qorxulu savaş filmlərinə baxar, sonra onlar oyuncaq silahlarını götürüb dava-dava oynayardılar. Əlbəttə ki, bu oyunlar çox vaxt dalaşmaqla nəticələnərdi. Dostlar dalaşar, sonra yenə də barışıb dostlaşardılar. 
Qonşuluqda Anya xala adlı qoca bir qadın yaşayırdı. Anya xala həmişə uşaqları danlayır, deyirdi:
- Vəhşi, qəddar filmələrə çox baxmayın, vəhşi oyunlar oynamayın. Dava, müharibə, nə qədər olar. Sizin oyunlarda hamı bir-birini öldürür, gülləliyir. Belə filmlər də, oyunlar da sizi vəhşiləşdirir. Ona görə tez-tez dalaşırsız, böyüyə hörmət eləməyi bacarmırsız.
Anya xala belə sözlərlə uşaqları tez-tez danlayar, hamının da yanında deyinərdi: 
- Çox pisdi indiki uşaqlar. Bizim vaxtımızda belə, bizim vaxtımızda elə… deyə öz vaxtlarından danışardı. 
Uşaqların həmişə eyni sözləri təkrarlayan, onlarrrın qarasınca danışan qarıdan xoşları gəlməzdi. Anya xala özü də bunu yaxşı bilirdi.   
Bir gün bütün qəzetlər, jurnallar 12 yaşlı Vladikin qəhərəmanlığından yazdı. Televiziyda onun cəsarətindən danışıb, ona  «qəhrəman» dedilər. Vladislav isə deyirdi: 
- Mən nə qəhrəmanlıq eləmişəm ki?
Niyə belə deyirdi Vladik? Neyləmişdi ki, balaca uşağa «qəhrəman» deyirdilər? Niyə oğlan qəhrəmanlığını boynuna almırdı? Danışım… 
Bir gün Vladik televizora baxanda tüstü iyi hiss eləi. Qalxıb mətbəxə keçdi. Elə bildi mətbəxdə nəsə yanır. Sonra başa düşdü ki, tüstü qonşudan – Anya xalagildən gəlir.
Vladik baxdı ki, Anya xalanın tüstülənən evindən alov qalxdı. 
Soyuq olduğundan istədi geyinsin. Amma tez fikrini dəyişib, «Geyinsəm gec olar, bəlkə Anya xala evdədi…», deyə  yanğın olan həyətə qaçdı. 
Qapıda qıfıl görməyən Vladik başa düşdü ki, Anya xala evdədi. Qapını bərkdən döyə-döyə qışqırdı:

- Anya xala, Anya xala!
Səs gəlmədiyini görən Vladiik vaxt itirmədən pəncərədən evə tullandı. Anya xala doğrudan da evdəydi. Özü də yatmışdı.   
Kimsəsiz Anya xalanın 93 yaşı vardı. Qulaqları yaxşı eşitməyən, gözləri də pis görən qarı oyanan kimi  Vladiki tanıyıb kobud səslə onu acıladı: 
- Nə istəyirsən, sizin əlinizdən rahat yatmaq da olmur! 
- Anya xala, ev yanır, dur!

«Yanır» sözünü eşidən Anya xala elə qışqırdı ki, səsini uzaqdakı qonşular da eşitdi. 
Yaşına görə çox zəif olan Vladik çətinliklə də olsa qoca qadını yanan evdən bayıra çıxara bildi.
Camaat köməyə gələnə qədər taxta evin alovu göyə qalxdı. Tüstü hər tərəifi görünməz elədi. 
Hamı dəhşət içərisində ydi. Qışqıran kim, vedrə ilə su daşıyan kim… 
Hamı elə bilirdi ki, Anya xala yanan evdə qalıb. Evin isə külü qalmışdı.       
Tüstü azalanda gördülər ki, Anya xala xeyli aralıda qısılıb bir küncdə oturub, ağlayır.  Vladiki də yun şalına bürüyüb bərk-bərk bağrına basıb ki, uşağa soyuq olmasın... 

Camaat Anya xalanı salamat görəndə sevindi. Qarı hər şeyi olduğu kimi danışdı:         
- Pasxa bayramı şərəfinə bir şam yandırdım. Yuxu tutub məni, yəqin yanğın da elə ondan başlayıb. Bir də eşitdim Allah köməyi olmuş Vladikin səsi gəlir. 
 
Anya xala çox danışdı. Sözünün axırında da belə dedi:
- Mən də həmişə elə bilirdim ki, bu uşaqlar vəhşi, qəddar  filmlərə baxa-baxa ürəkləri daşlaşır. Sən demə əsl insanı heç bir dəhşətli film, heç bir qəddar kompyüter oyunu dəyişdirə bilməz. Bax mənim bu xilaskarım – qəhrəmanım kimi. 
Az bir vaxtda hadisə nəinki şəhərə, hətta internetlə dünyaya yayıldı. Vladikdən müsahibə alan jurnalist soruşdu:
- Qəhrəmanlıq eləyəndə yanıb kül olmaqdan qorxmadın?
- Mən qəhrəmanlıq eləməmişəm!

Sonra başqa bir jurnalist bu sualı uşağa verib eyni cavabı aldı. Demək olar ki, bütün jurnalistlər eyni sual verirdilər. Axırda balaca qəhrəman eyni sualdan bezib özü jurnalistə belə sual verdi:
- Burda qəhrəmanlıq yoxdur. Məgər mənim yerimə sən olsaydın belə eləməzdin?