Yusif və cücələr

Müəllif: Gülzar İbrahimova

Yusif ikinci sinifdə sinfdə oxuyurdu. Onlar Bakının Görədil kəndində yaşayırdılar. Bir gün onlar Bakıya köçdülər. Şəhərdəki evləri çox qəşəng idi, amma Yusif kənd üçün darıxır, Görədilə gələndə qayıtmaq istəmirdi. Hər dəfə kənddə nənəyə çoxlu sual verirdi. Nənə də suallara səbrlə cavab verirdi.
Nənə, niyə inəklər ət yemir?
Onlar ət xoşlamaz!
Niyə canavar ət xoşlayır?
Canavar vəhşidir!
Bəs adamlar niyə ət xoşlayır?
Yusif nənəni sualları ilə çaşdırırdı:
Elə şeylər var, onlar təbiətdən belədirlər. Dəyişdirmək olmaz!
Biz yumurta yesək qarnımızda cücə olar?
Olmaz!
Bəs cücə necə çıxır? 
Cücə çıxması üçün gərək yumurtanı isti yerdə saxlayasan. 
Hin isti deyil, orda yumurtadan cücə necə çıxır?
Yumurtaların üstündə toyuq oturur. Uzun müddət onları isidir, isidir, sonra yumurtalardan cücə çıxır. 
Yumurtaları isti yerə qoysam onlardan cücə çıxar?
Çıxar! 
Nənənin axırıncı sözü Yusifin yadından çıxmadı. Şəhərə qayıdandan sonra bütün günü bu haqda fikirləşdi. Nənə kənddən onlara kənd payı -  təzə yumurta qoymuşdu. Yusif yumurtalardan ikisini nəlbəkiyə qoydu. Nəlbəkini isə aparıb otağındakı batareyanın altına soxdu. Elə dibə itələdi, evi tozsoranla təmizləyəndə də onu görmək olmurdu. Sonra Yusif günləri saydı: “Bir, iki, üç, on üç, on səkkiz...). O hər gün yumurtaları götürüb baxır, diqqətlə qulaq asır, amma içərisindən səs eşidə bilmirdi. 
Günlər keçirdi. Bir gün Yusif gözləməkdən yoruldu, günləri saymağı da, yumurtaları da yaddan çıxartdı.  Aradan neçə gün keçdi. Bir gün otağından cücə səsi eşidib sevindi:
Uraaa, yumurtalardan cücə çıxdı! Uraaaa!
Amma onun səsini heç kəs eşitmədi. Çünki evdə tək idi. Atası da, anası da işdə idi. Yusif divanın altına əyiləndə gördü orda iki balaca cücə var. Əlini uzatdı, cücələri dartıb divanın altından çıxartdı. Hərəsini bir əlinə götürüb heyranlıqla onlara baxdı, sevindiyindən qışqıra-qışqıra ağzına gələni danışmağa başladı:
Aman siz necə gözəlsiz! Sizi mən dünyaya gətirmişəm. İnanırsız, mən! Deməli, mən bacarıqlıyam! 
Yusif cücələri ehmalca yerə qoyub tez anasına zəng elədi. Olanları anaya danışdı. Ana isə sevinməkdən həyəcanlandı:
Ah Yusif, neyləmisən, mən işdən yarımçıq gələ bilmirəm, indi cücələr bütün evi bulaşdıracaq! 
Mən elə bilirdim sevinəcəksən, mənə “sağ ol!”, deyəcəksən, sən isə evin dərdinə qalırsan! Qorxma, özüm yığışdıraram! 
Ana Yusifin incidiyini görüb dedi:
Təkcə evin çirklənməyinə görə demirəm! Kəndə baxma, toyuqülar həyətdə gəzə bilirlər, amma şəhər evində cücə, toyuq saxlamazlar. İndi ona nə verəcəksən yesin? 
Çörək!
Olmaz onlara çörək vermək. Balacadırlar, çörək boğazlarında qalar, ölərlər, yazıqdırlar! Anaları da yoxdur.
Anaları hardadır? – Yusif kefsiz oldu. Ana telefonda onun pərt olduğunu başa düşdü:
Onları sən çıxartmısan, anaları da, ataları da sənsən! – belə deyib İstədi Yusifin könlünü alsın, amma gec idi. Yusif səhvini başa düşmüşdü. Cücələr dünyaya anasız gəlmişdilər. Bunu başa düşəndə cücələr balaca Yusifə böyük dərd oldu.   
Yusif cücələrə  baxıb bikef-bikef anasından kömək istədi:
 İndi neyləyim? Onlar o yana-bu yana qaçıb xalçanı dimdikləyir, yemək axtarırlar.   
Onları sal hamama, işdən gələndə, yemək verərəm! Bazar günü apararıq kəndə, nənə onları da qatar öz cücələrinin arasına. Anaş toyuq onlara da analıq edər. 
Nə yaxşı olar. Amma indi bütün günü ac qalsınlar?
Axşam gələrəm yumurta bişirib verərəm cücələrə! 
Mən bişirim verim! 
Evdə yumurta qurtarıb! 
Bəs neyləyim? Özün də deyirsən anasızdırlar? Mən bütün günü ac qalsam xoşuna gələr? 
Yusif, mübahisə eləmə, bayaqdan telefonla danışıram, rəis mənə tərs-tərs baxır. Gedirəm işləyim, Sən də dərsini oxu, hazırlaş, dərsə gecikmə! 
Cücələri ac qoyub dərsə gedə bilmərəm!
Atanla danış, o bir şey fikirləşər!
Yusif bu dəfə atasına zəng elədi. Ata isə onu başa düşmək əvəzinə o qədər güldü ki... Bu Yusifin xoşuna gəlmədi:
Ata, o qədər gülürsən, elə bil yumor danışdım. Mən səndən kömək istəyirəm, sən gülürsən! Mən neyləyim?
Ata gülməyini dayandırıb Yusifə elə söz dedi ki, Yusif atasına zəng elədiyinə peşman oldu:
Sal onları tualetə, qapını bağla, evə girməsinlər. Aparıb nənəyə verərik, böyüdər, kəsib-yeyərik! 
Yusif bu cavabı eşitcək atasına acığı tutdu...
Niyə elə deyirsən ata! Mən nə vaxtdı gözləyirəm cücələr yumurtadan çıxsın, sən isə bu yazıq, anasız cücələri kəsməkdən danışırsan. Bazardan almağa toyuq yoxdur? 
Ata Yusifin səsinin titrədiyini hiss elədi:
Ah düz deyirsən, bağışla! İndi nə etmək istəyirsən?
Onları kəndə aparaq! 
İşdəyəm, axşama gələcəyəm, indi gedə bilmərəm!
Onda mən aparım!
Tək gedə bilərsən?
Əlbəttə gedərəm. Azadlıq metrosundan 107 saylı avtobusa minirsən düz gedir Görədilə!
Afərin! Tez get-qayıt, dərsə gecikməyəsən! Anaya mən deyərəm!   
Sağ ol ata, sən yaxşı atasan! – Deyib Yusif tez geyindi, cücələri kağız torbaya qoyub metroya qaçdı. Eskalatorun yanından keçəndə Yusifin ürəyi möhkəm döyündü: “Birdən metroya cücə qoymasalar, necə olacaq?”, deyə düşündü.   
Yaxşı ki, cücələr səslərini çıxartmadılar. Amma avtobusda səslərini bir an belə olsa kəsmədilər. Hamı dönüb Yusifə baxıb gülürdü. Yusifin isə cücələrə görə heç kəsdən utanmaq fikri yox idi.  Əsas o idi ki, cücələri nənəyə çatdırsın. Anaş toyuq cücələri qovmasaydı, əla olardı. Yusif kəndə çatmaq üçün çox darıxırdı. 
Nəhayət avtobus kəndə çatdı. Yusif avtobusdan hamıdan əvvəl düşdü. Elə həyəcanlı idi ki, ətrafa baxmadan nənəsigilə götürüldü. 
Nənə Yusufi qapıda qarşıladı. Ata zəng edib hər şeyi nənəyə danışmışdı. Ona görə də nənə cücələrə yumurta bişirmiş, sarısını xırdalayıb, qaba töküb cücələr üçün saxlamışdı. 
Nənə Yusifi qarşılayıb öpdü. Cücələri ondan alıb yerə qoydu. Yerdə, nəlbəkidə olan yemi şirin-şirin yedilər. Sonra nənə aparıb cücələri anaş toyuğun qanadı altına qoydu. Anaş toyuq əvvəlcə qaqqıldadı, sonra sakitləşdi.  Yusifin sevincdən gözləri doldu. Tez nənəni öpüb məktəbə qaçdı.  
Yusif dərsə çox gecikməsə də, sinfə girən kimi Azadə müəllimə soruşdu:
Niyə dərsə gecikmisən? Üstü-büşın da toz-torpaq içərisindədir. Nə olub dalaşmısan?
Yox, müəllimə! -  Deyib bütün başıma gələnləri müəlliməyə, sinif yoldaşlarıma danışdım. 
Otur! – deyə Azadə müəllimə sakit səslə dedi. Sonra özü də oturdu. O, bir əlini gözlərinin üstünə qoydu, bir əli ilə də jurnala nəsə yazdı.  Səsinin birdən birdən-birə sakitləşməsindən  təəccübləndim. Baxdım ki, jurnala bir damla düşdü. Yəqin ki Azadə müəllimə ağlayırdı. Amma niyə ağladı, onu başa düşmədim.  
 Sonralar, yuxarı sinif şagirdi olanda və eşidəndə ki, Azadə müəllimə uşaq evində böyüyüb, həmin bir damla göz yaşının səbəbini yalnız onda anladım.