Dovşan acmışdı. O, meşədə gəzir, ləzzətlə göbələk, çiyələk yeyirdi. Birdən onun qarşısına yekəpər, boz bir Canavar çıxdı. Canavar sevincək dedi:
- Nə yaxşı sənə rast gəldim. İndicə səni fikirləşirdim. Acından ölürdüm, deyirdim, kaş bu saat qarşıma toppuş bir dovşan çıxaydı, onu ləzzətlə yeyəydim!
Dovşan elə qorxdu, elə qorxdu, amma Canavara bildirmədi. Bir yol fikirləşib tapmaq istədi ki, canını Canavardan qurtarsın. Dedi:
Məni nə vaxt istəsən yeyə bilərsən, tələsmə. Amma yağışdan sonrakı çiyələk, göbələk elə dadlı olur, dadlarından doymaq olmur. Gəl birlikdə çiyələk, göbələk yeyək, doymasan, məni də yeyərsən.
Canavar yerdəki göbələyə, çiyələyə baxıb ağzını büzdü:
Fu... Canavarlar göbələk, çiyələk yemir, onlar ət yeyirlər, ət. Toppuş dovşan əti. Mən toppuş dovşan ətini çiyələyə, göbələyə dəyişmərəm! Sən çox ləzzətli, ətirli dovşana oxşayırsan. İndicə səni ləzzətlə yeyəcəyəm.
Belə deyəndə Canavar yaxına gəldi ki, Dovşanı yesin, Dovşan arxaya çəkilib bərkdən güldü. Canavar təəccüblə soruşdu:
Deyirəm səni yeyəcəyəm, sən isə gülürsn. Qorxmursan? Niyə gülürsən?
Sənə gülürəm! Sən məni heç vaxt ləzzətlə yeyə bilməyəcəksən!
Niyə?
Deyəsən sənin xəbərin yoxdur ki, dovşanlar iki cür olur.
Necə yəni dovşanlar iki cür olur?
Duzlu dovşanlar, duzsuz dovşanlar.
Sən hansındansan?
Mən duzsuz dovşanam. Mənə duz vurmadan yesən, çox dadsız olaram.
Neyləyim onda?
Qoy gedim duz gətirim!
Səni buraxım gedəsən, mən də qalım burda səni gözləyə-gözləyə? Elə şey yoxdur.
İnanmırsan, gəl sən də mənimlə gedək! Yuvamız yaxındadır.
Elə olar. Gedək!
Dovşan qabaqda, Canavar isə onun arxasınca gəlirlər Dovşangilin evlərinə. Canavar evin dalında gizlənib deyir:
Tez gəl, gözləyirəm!
Yaxşı! – Deyib Dovşan qapılarını döyür. Ana qapını açan kimi balasını əzizləyir:
Gözəl bala, ağıllı bala, gəldin?
Bala Dovşan atası eşitsin deyə, bərkdən deyir:
Yox, gedirəm, tələsirəm! Mənə duz lazımdır!
Ana nigaran-nigaran soruşur:
Duzu neyləyirsən, bala?
Canavar məni yemək istəyirdi, gəldim duz aparım ki, duzsuz yeməsin.
Nə?- Ana həyəcanla dedi.
Ata dovşan balasının səsini eşidən kimi, ona bir torba duz gətirib verdi.
Bala dovşan torbanı belinə alıb evin dalına keçdi. O yaxşı bilirdi ki, indicə ata-anası ac canavarın dərsini verəcəklər.
Canavar duz torbasını açmaq istəyirdi ki, ata dovşnın əlində toppuzu görüb bərkdən uladı. Ata dovşan gətirdiyi toppuzu Canavarın başına elə vurdu, canavar ağrıdan yerə uzandı.
Canavar qorxudan üç dovşanı altı gördü. Ana dovşan da canavarın başına tor atdı. Canavar nə qədər çapaladı, tordan çıxa bilmədi. Onu o qədər kötəklədilər, yerindən güclə qalxıb qaçdı.
Həmin vaxtdan sonra Canavar bala dovşanı harda görürdü,qaçıb gizlənirdi.