Çəpişlər

Müəllif: Gülzar İbrahimova

Biri vardı, biri yoxdu, bir Çəpiş vardı. Balaca Çəpiş həmişə qəmgin gəzirdi. "Bacım da yoxdu, qardaşım da yoxdu", –  deyərdi. Ata-anası ona dadlı konfetlər, maraqlı oyuncaqlar alsalar da, Çəpiş heç vaxt gülmürdü. Buna görə hamı ona Gülməz deyirdi.  
Gülməz tək olanda heç vaxt meşəyə getmirdi. Qorxurdu ki, Canavara, Ayıya rast gələr. 
Bir gün Gülməz çay kənarına böyürtkən yeməyə getdi. Kolluğa çatanda qarşısında böyük bir Tülkü gördü. Tülkü qabaq pəncələrini qaldırdı və Çəpişin üstünə atılmaq istədi. Çəpiş özünü tez kolluğa atdı. Tülkü Çəpişi aldatmaq istədi:
– Hara girirsən kolluğa, üst-başın tikan olacaq. Tikanları üstündən təmizləyə bilməyəcəksən!
–   Eybi yox, acgöz Tülküyə yem olmaqdansa, tikanlıqda qalmaq yaxşıdır!
Tülkü nə qədər çalışdı, tikanlığa girə bilmədi. Bir yanda gizlənib gözlədi ki, Çəpiş ordan çıxsın. Çəpiş Tülkünün hiyləsini başa düşdü və kolluqdan çıxmadı. Axşam düşəndə Tülkü gizləndiyi yerdən çıxdı və hirslə qışqırdı: 
– Tərs Çəpiş! Bütün günü məni ac qoydun. Amma əlimdən qurtara biməyəcəksən. Səni tutub yeyəcəyəm!
– Tuta bilməyəcəksən!
–  Görərik! 
Görərik! – deyib Gülməz ona acıq verdi. 
Tülkü gedən kimi Çəpiş kolluqdan çıxdı. Tikanlar onun  ayaqlarını çızıq-çızıq eləmişdi. Ağrıdan güclə yeriyirdi. O, çaya girdi ki,  ayaqlarının ağrısı azalsın. 
Bu vaxt suda öz əksini üç görüb təəccübləndi. Ətrafa baxanda gördü yanında iki Çəpiş var. Heç vaxt gülməyən Gülməz bala Çəpişləri görəndə gülümsədi. Sevincək soruşdu:
– Siz kimsiz? 
– Mən Dəcəl Çəpişəm!
– Mən də Xallı Çəpişəm! Dəcəl Çəpişin bacısıyam!
– Mən də Gülməzəm!
– Adın niyə Gülməzdir? Sən ki,  gülməyi bacarırsan...
– Mən heç vaxt gülmürəm. Amma sizi görəndə güldüm! 
– Niyə gülmürsən? Gül, çoxlu gül! Gülmək çox yaxşıdır, – Xallı Çəpiş dedi.
–  Biz çoxlu gülürük, həmişə gülürük! – deyib Dəcəl Çəpiş güldü. 
– Mən bikefəm, ona görə gülmürəm! – belə deyib Gülməz "ah" çəkdi.
– Niyə bikefsən? 
– Heç olmasa bircə bacım, ya da, bircə qardaşım olsaydı, onda gülərdim. 
Xallı Çəpiş və Dəcəl Çəpiş əvvəl bikef oldular, sonra birdən soruşdular: 
–  Biz səninlə dost olsaq, onda gülərsən?
– Hə gülərəm, – deyib Gülməz güldü.
Onlar dostlaşıb, oldular üç dost. Üç dost meşəyə getdilər. Sevincək atıldılar, düşdülər, dağdan sürüşdülər. Evə gedəndə, sağollaşıb ayrıldılar.
Hərə öz evinə tərəf gedirdi, birdən Xallı Çəpişlə Dəcəl Çəpiş Gülməzin səsini eşidib qayıtdılar, ona köməyə qaçdılar. 
O vaxt çatdılar ki, acgöz Tülkü Gülməzin qarşısını kəsib, onu tutmaq istəyirdi. Gülməz dostlarını görüb ürəkləndi. Tülkünün üstünə qışqırıb elə mələdi ki... Bu vaxt Xallı Çəpiş bir yandan, Dəcəl Çəpiş də o biri  tərəfdən Tülkünün qulağına elə mələdilər, Tülkünün qorxudan gözləri bərəldi. O qorxaq it kimi zingildəyə-zingildəyə qaçdı. O vaxtdan daha bir də Gülməzi tutmaq fikrinə düşmədi.   
İsti günlərin birində Xallı Çəpişlə Dəcəl Çəpiş Gülməzgilin həyətinə gəlib onu səslədilər: 
– Gülməz, ay Gülməz!
Gülməz eyvana çıxdı. Dəcəl Çəpiş dedi:
– Gəl çaya gedək, çimək, sərinləyək!
– Siz gedin, oyuncaqlarımı yığım, gəlirəm! – Gülməz dedi. 
– Yaxşı! – deyib, Xallı Çəpişlə Dəcəl Çəpiş çaya getdilər.
Çəpişlər çaya çatan kimi suya girdilər. Özləri də dayaz yerdə çimdilər ki, orda timsah olmasın. Xallı Çəpiş dedi:
– Gəl başımızı suya salaq, görək kim suyun altında çox qalır...
– Dəcəl razılaşdı: "Bir, iki, üç", – sayan kimi onlar başlarını suya saldılar. Başlarını qaldıranda qarşılarında nəhəng timsah gördülər. Timsah ağzını elə açmışdı, ağzına beş çəpiş yerləşərdi.
Timsahı görəndə Çəpişlərin yaş başlarını titrəmə tutdu. Onlar qorxudan qucaqlaşıb qışqırışdılar. 
Bu vaxt Timsahın yekə ağzı bağlandı, onun başında Gülməz görünüb qışqırdı: "Qaçıııın!" 
Bacı-qardaş dal pəncələrini suyun dibindəki daşlara vurub, çay kənarına tullandılar. 
Gülməz də dal ayağı ilə Timsahın başına möhkəm təkan vurub çay kənarına atıldı. 
Gülməz çaya gələndə uzaqdan görmüşdü ki, yaşıl, böyük bir Timsah suyun içərisində yavaş-yavaş onun dostlarına tərəf üzür. Bunu görəndə Gülməz uzaqdan qaça-qaça gəldi, hoppandı düz Timsahın uzun, yekə ağzının üstünə. 
Timsah ağzını açmışdı ki, onun dostlarını yesin, Gülməz onun ağzına hoppananda Timsahın dişləri bir-birinə dəydi, ağzı örtüldü. Beləliklə, Gülməz  Xallı Çəpişlə, Dəcəl Çəpişi vəhşi Timsahın qorxulu ağzından qurtardı. Bundan sonra çəpişlər daha da möhkəm dost oldular.  
Onların dostluğu gündən-günə möhkəmləndi. Çəpişlər elə dəcəl idilər, heç sakit dayanmırdılar, bu dağdan çıxıb, o biri dağdan düşürdülər. 
Bir gün üç dost meşədə gizlənpaç oynayırdı. Əvvəl Xallı yumdu, o birilər gizləndi. Daha  sonra Dəcəl yumdu, Gülməzlə Xallı gizləndi. 
Gülməz gözlərini yumanda isə, birdən hardansa qorxulu, boz bir Canavar çıxıb, onu tutdu. Elə istədi iti dişləri ilə balaca Çəpişin boğazından yapışsın, bu vaxt Canavar elə uladı, elə uladı, səsi meşəni bürüdü. Gülməz nə gördüsə, onu gülmək tutdu. Elə gülmək tutdu, qəhqəhəsi meşəni bürüdü. Gülməz nə gördü? Niyə güldü? 
Canavar Gülməzi tutmaq istəyəndə gördü ki, Xallı Çəpişlə Dəcəl Çəpiş balaca dişləri ilə vəhşi Canavarın belindən elə tutublar, elə tutublar... Canavar da dayanmadan ulayırdı.
Bir azdan onlar dişlərini Canavarın belindən çəkəndə Canavar qayıdıb onların üstünə cumub ikisini də tutdu. Çəpişlər mələdi, istədilər Canavardan canlarını qurtarsınlar, qurtara bilmədilər. 
Birdən Canavar onları buraxdı, yenə uladı. İndi Canavar niyə uladı?
Çünki, bu dəfə də Gülməz dostlarını vəhşi Canavardan xilas elədi. Necə?
Gülməz gördü Canavar onun dostlarını tutub, tez dırmaşdı ağaca, ordan tullandı düz Canavarın başına. Canavarın bütün dişləri bir-birinə dəyib çaqqıldadı. Dişi sındı, başı da ağrıdı.  Canavar "Vay başım, vay dişim", – deyib uladı. Elə uladı, elə uladı...
Xallı Çəpiş, Dəcəl Çəpiş və Gülməz tez qaçıb aradan çıxdılar. Yolda da o qədər güldülər, gülməkdən qarınları sancılandı.
O gündən heç bir  vəhşi heyvan Çəpişlərə – üç dosta  bir də yaxın düşmədi.