Cırtdan Qorxaqlar ölkəsində

Müəllif: Gülzar İbrahimova

Bir Cırtdan var idi. O, balıq tutmağı çox sevirdi. Bir gün Cırtdan balıq tutmağa gedir. Nə qədər gözləyir, tilovuna balıq düşmür. Yuxusu gəldiyindən elə qayıqdaca yatır. Nə qədər yatır, bilmir, amma mən bilirəm, çünki olanları yazıram deyə, hər şeydən xəbərim var. Cırtdan düz üç gün, üç gecə yatır. Bir də tilov tərpənəndə ayılır. Tilov da elə tərpənir, elə tərpənir, az qalır qayıq çevrilsin. Cırtdan qayığın bir küncündən  o biri küncünə yuvarlanır. Başını qaldırır görsün tilova nə düşüb ki, bu boyda qayığı çevirmək istəyir?! Görür nəhəng bir balıqdır, özünü ora-bura çırpıb tilovdan qurtulmaq istəyir. Balıq Cırtdanı görən kimi sakitləşir. İnsan kimi dil açıb deyir: 

- Ey Cırtdan, mən səni tanıyıram!

Cırtdan təəccüblə soruşur:

- Hardan bilirsən insan dilini, məni hardan tanıyırsan?

- Bütün sehr bilənlər səni tanıyır! Sən o Cırtdansan ki, yoldaşlarının canını qorxulu divin əlindən qurtarmısan. Şahzadəni ölümdən xilas eləmisən, sehrli ilanı öldürmüsən, Ayı tilsimdən qurtarıb, qaranlığı işıqlandırmısan. Əlqərəz, nə arzu etsən yerinə yetirməyə hazıram, bircə məni bu tilovdan qurtar, qarmaq boğazıma necə keçibsə az qalıram boğulum. Körpə balalarım yolumu gözləyir! Əvəzində nə arzun varsa de, yerinə yetirim! 

Cırtdan bunu eşitcək tez əyildi qarmağı üsulluca çəkib balığın boynundan çıxartdı. Nəhəng balıq rahat nəfəs alıb dedi:

- Sağ ol, Cırtdan, canımı qurtardın. İndi məndən nə istəyirsən, istə! 

- Get balalarının yanına, sən balıq, mən insan, sən mənə necə yaxşılıq edə bilərsən?! Təkcə çayda boğulsam çıxara bilərsən, o da ki olmayacaq, çünki üzə bilirəm!

- Elə demə oğlan! Mən sənə elə məsləhət verərəm ki, bir saatda bu ölkənin şahı olarsan!

Cırtdan elə güldü, elə güldü, ağacdakı quşlar səksənib uçdular. Gülüb qurtarandan sonra dedi:

- Məndən də şah olar?

- Niyə olmur?

- Bapbalacayam!

- Şah olmaq üçün əsas boyun uca olmağı yox, ağlın və rəhmin çox olması vacibdir.

- Axı şahımız var. Şah ola-ola deyim ki, padşah olmaq istəyirəm?! Deməzlər “Cırtdan dəli olub?".

- Deyərlər! Amma sənin məmləkətində şah var. Burda isə, bu məmləkətdə şah ölüb, nə vaxtdır ki, şah qoymağa birisini axtarırlar?

- Nə danışırsan? Bura elə mənim məmləkətimdir də...

- Ey balaca! Dünyadan xəbərin yoxdur. Yəqin yuxulamısan, sehrli külək əsib qayığını Qorxaqlar məmləkətinə gətirib.

- Necə yəni? İndi mən başqa məmləkətdəyəm?

- Əlbəttə, yadında saxla, bura Qorxaqlar məmləkətidir.

- Necə yəni Qorxaqlar məmləkəti? Yəni, burda ancaq qorxaqlar yaşayır?

- Bəli!

- Nədən qorxurlar onlar? Niyə məmləkət belə adlanır?

- Burda yaşayanların uşaqları azca böyüyən kimi onu o qədər qorxudurlar ki, o da böyüyüb qorxaq olur!

- Nə ilə qorxudurlar? Niyə qorxudurlar? 

- Belə qorxudurlar: “Bayıra çıxma yıxılarsan!, Yeməyini ye, yoxsa xortdan gələr, səni yeyər!, Qaranlıqda bayıra çıxma, səni oğurlayarlar!, Su içmə, içində mikrob var, pişiyə toxunma cırmaqlayar, itə yaxınlaşma tutar, yad adamla danışma, səni oğurlayar, güləşmə qolun sınar, qaçma, qıçın sınar, möhkəm geyin soyuq səni tutar, bürün, ağcaqanad səni çalar!”.

- Bəsdir! Belələri bizdə də var da, məgər bununla qorxaq olarlar?

- Belələri sizdə də var. Amma burda hamı belədir deyə, hamı da qorxaqdır. Şəhərə girən kimi hər şeyi özün görəcəksən. Yerdə yol çəkməkdənsə yun döşəklər səriblər ki, yıxılan qolunu-qıçını sındırmasın.

- Nə qəribə şəhərdir?! Bəs burdan qayıtmaq istəsəm? 

- Çox qəribədir! Get, gəz-dolan, amma evə qayıtmaq istəyəndə gəl çayın kənarına, məni səslə, səni tez evinə çatdırım!

- Özüm qayıdaram!

- Özün qayıtmaq üçün gərək araba ilə düz bir ay yol gedəsən!

- Aman! Nə qədər üzüb gəlmişəm?

- Sehrli küləklə düz üç gün, üç gecə!

Nəhəng balıq bunu deyib suyun altına çəkildi. Cırtdanı maraq götürdü: “Görəsən, bura necə şəhərdir ki, burda yalnız qorxaqlar yaşayır?! Qayığını bir tərəfə bağlayıb şəhərə girdi. İlk gördüyü bu oldu ki, küçələrin hamısına yun döşənmişdi. Adamlar çox yavaş yeriyir, çox yavaş danışırdılar. 

   Cırtdanı görən kimi hamı onun başına yığıldı.

Sən demə, sahildə bir balıqçı Cırtdanı nəhəng balıqla söhbət eləyəndə görüb. Qorxusundan qaçıb gizlənib, bir ağacın dalından ona baxmağa başlayıb. Şəhərdə də hamıya xəbər yayıb ki, bir balaca oğlan var, nəhəng balıq tutub, sonra da balığı açıb çaya buraxıb.

   Camaat təəccüblə Cırtdana suallar verirdi. Hər dəfə də sual verəndə mütləq soruşurdular:

- Qorxmadın?

- Nədən qorxum ki?

O qədər qorxaq suallar verdilər, Cırtdan lap darıxdı. Onu əhatə eləyənlərin arasından çıxmaq istəyirdi ki, kimsə qışqırdı:

- Ey camaat! Təklif edirıəm ki, bu qəhrəman oğlan bizim şahımız olsun!

- Olsun! ‒ Deyə hamı bir tərəfdən qışqırdı. 

- Nə padşah? Nə danışırsınız? Məndən padşah olar? – Desə də, heç kəs Cırtdanı eşitmirdi. Onu mühasirəyə alanlar get-gedə çoxalırdı. Camaat harasa irəliləyir, Cırtdanı da özləri ilə aparırdılar. Onlar gəlib möhtəşəm bir saraya çatdılar. Bura elə al-əlvan, gözəl idi ki, gözəlliyindən adamın gözü qamaşırdı.

- Mən şah olmaq istəmirəm! – Deyə, Cırtdan nə qədər qışqırdısa da, onu zorla gətirib taxta oturtdular, sonra isə Cırtdana baş əyib səcdə elədilər. Bir nurani qoca Cırtdana baş əyib dedi:

- Mən baş vəzirəm. Şahımız neçə vaxtdır ki, qocalıb, ölüb. Övladı da yoxdur ki, ondan sonra taxtı-taca sahib dursun. Taxtı-tacımız nə vaxtdır ki, boş qalıb. Mən də qocalmışam, qorxuram şahlığı qəbul edim. Heç kəs şah olmaq istəmir.

- Niyə?

- Hamı qorxur!

- Niyə qorxurlar?

- Qorxurlar ki, öhdəsindən gələ bilməsinlər. Müharibədən, onları öldürməklərindən qorxurlar!

Cırtdan bilmədi bu qorxaqlardan canını necə qurtarsın, əlacı kəsildi yalan dedi:

- Mən də qorxuram!

Ona inanmadılar:

- Yox, biz sənin haqqında eşitmişik. Bilirik sən kimsən.

- Kiməm?

- Sən o Cırtdansan ki, yoldaşlarının canını qorxulu divdən, Şahzadəni ölümdən qurtarmısan. Tilsimi sındırmısan, sehrli ilanı öldürmüsən. Ayı xilas eləyib, qaranlığı işıqlandırmısan. Bizim camaat yalnız sənin şah olmağını arzulayır. “Cırtdan taxtda olsa, gecələr rahat yata bilərik!”, deyirlər. Artıq qırx gündür şahımız ölüb, heç kəs gecəni yatmır. Hamı növbə ilə gündüzlər yatır.

- Aman, siz nə qorxaqsınız?! Belə yaşamaq olar?!

Belə deyəndə, hamı ağladı. Baş vəzir də ağlaya-ağlaya dedi:

- Düzdür, Cırtdan, zülüm içərisindəyik, nə gecəmiz var, nə gündüzümüz. Bizə yazığın gəlsin. Padşahımız ol, camaatın qorxusu keçsin!

- Bəs nənəm? Nənəm məndən nigaran qalar, xəstəlik tapar, mən qayıtmalıyam!

- Qoymarıq, ‒ deyib, bu dəfə lap bərkdən və zülüm-zülüm ağladılar. Cırtdan onları heç cürə sakitləşdirə bilmədi. Axırda çar-naçar şah olmağa razılaşdı. 

Camaat o qədər sevindi ki... Bayram elədilər. Yedilər, içdilər, gecəyə qədər şənləndilər.

Gecə olan kimi Cırtdan bir də baxdı, hamı yatıb, tək bir nəfərdən başqa. Ondan soruşdu:

- Sən nə əcəb yatmırsan?

- Onlar neçə gecədir oyaqdırlar, yuxusuzdurlar, ona görə yatdılar. Mən isə hər gecə yatıram!

- Bəs sən qorxmursan?

- Nədən qorxacağam?

- Onlar nədən qorxur, sən də ondan!

- Mən qorxmuram!

- Onda şah sən olarsan!

- Yox, mən şah ola bilmərəm! Hamı qorxaqdır, qorxaqlara şah olmaq çətindir!

- Mən sənə əmr edirəm!

- Şah sağ olsun, əmr edirsənsə, bir söz demirəm, əmrə itaət etmək borcumdur!

Cırtdan sevincək başındakı tacı çıxarıb onun başına qoydu. Bununla da, canı qorxaqlardan qurtardı. Çayın sahilinə qaçıb nəhəng balığı çağırdı. Balıq həmin an yetişib Cırtdanı öz məmləkətinə çatdırdı. Cırtdan qorxaqlardan canını qurtardığına çox sevindi.

Nağılımız da burda qurtardı, göydən üç alma düşdü. Başımı əydim, qorxdum ki, başıma düşər. Aman, sən demə, qorxaqlıq da keçirmiş. Bu vaxta qədər nə qədər nağıl yazmışam, heç vaxt qorxmamışam ki, alma başıma düşər. İndi qorxaqlardan nağıl yazdım, ondan sonra qorxaqlaşdım ki, alma başıma düşər. Yox, qorxmayacağam, qorxaraq yaşayırsansa, deməli yaşamırsan!