Biri vardı, biri yoxdu, Tapdıq adlı kasıb, keçəl bir çirkin oğlan vardı. Bir gün Tapdıq oyandı, geyindi, saçlarını daradı, hazırlaşdı, ağacsız meşədə heyvan otarmağa getdi.
Günorta heyvanları bir yerə topladı. Dincini almaq üçün otsuz çəmənlikdə uzandı ki, dincəlsin, bir də gördü uzaqdan bir gözəl gəlir. Gözəl nə gözəl, bədən qısa, baş yekə, saç seyrək, burun nə boyda, diş seyrək, gözlər görünmür, alt dodaq yer süpürür, üst dodaq göy. Ayaqlar əyri, gözlər çəp, üz qap-qara. Aya deyir, mən səndən gözələm, gizlən, mən çıxım, Günə deyir, mən səndən şəfəqliyəm, get işinlə məşğul ol, mən səni əvəz edərəm!
Bir sözlə, bu qızı söz ilə tərifləsən də bəs eləməz, saz ilə tərifləsən də. Uzun sözün qısası, keçəl bir könüldən min könülə bu gözələ aşiq oldu. Fikirləşdi: “Ey dadi-bidad, mən mütləq bu qızla evlənməliyəm, öldü var, döndü yoxdu.”
Bu fikirlərlə Tapdıq istədi qıza ürəyini açsın, gördü ay aman, bir anda qırx incəbel qız gözəli əhatəyə aldı. Amma keçəl də tərsin biriydi. Qızların dalınca düşüb evlərinə qədər gəldi. Çatan kimi də oturdu elçi daşının üstündə.
Xana xəbər çatanda ki kasıb bir keçəl qızına elçi düşüb, hirsləndi, amma büruzə verməyib elçini yanına çağırtdırdı. Keçəl çatan kimi oturdu yumşaq döşəkçədə. Döşəkçə çox rahat idi, çünki çaydan çıxarılmış yup-yumru daşlardan düzəldilmişdi. Nə isə keçəl yerini rahatlayıb məqsədini bildirəndə xan dedi:
- Qızım çox gözəldir, gözəlliyinin sorağı aləmə yayılıb. Kim şərtimi yerinə yetirsə, qızımı ona verəcəyəm.
- Yerinə yetirəcəyəm, de şərtini!
Xan bilirdi keçəl tapşırığı yerinə yetirə bilməyəcək, razılaşdı:
- Şərtim belədir! Yaşadığımız dünyadan mənə yüz almaz, yaşamadığımız, ayağımız dəyməyən dünyadan yüz mirvari gətir!
Tapdıq xanın sözlərini eşidib dedi:
- Baş üstə, xan! Amma bax haa, vədinə xilaf çıxma!
Keçəl yola düzəldi. Xanın dedikləri yadına düşəndə az qala dəli oldu:
- Ey dadi-bidad, mən nə söz verdim? Yaşamadığımız dünyaya nə təhər gedəcəyəm?
Bütün bunları fikirləşən keçəl zülüm-zülüm ağlamağa başladı. O qədər ağladı ki yorulub dərin yuxuya getdi.
Yuxuda gördü ki, ağ saqqallı, ağ başlı, ağ paltarlı bir qoca deyir:
- Zavallı keçəl, niyə ağlayırsan?
Keçəl başına gələni qocaya danışıb dedi:
- Öldü var, döndü yoxdur, ölsəm də gərək o qızla evlənəm!
Qocanın keçəlin cavabından xoşu gəldi. Dedi:
- Söylədiklərimi yerinə yetirə bilsən, yüz qızılın olacaq!
- Qulaq asıram, de!
- Uzaq səfərə çıxarsan, düz gündoğana səmt gedərsən. Gedərsən, gedərsən, beş səhra, beş məmləkət, beş dərya keçib bir məmləkətə çatarsan. O, dünyanın ən varlı məmləkəti sayılan İran məmləkətidir. Bu ölkədə şah saraylarının sütunları, məscidlərin günbəzləri, şəhər qapısı, hətta hamam vannaları da qızıldandır. Xanımlar boyunlarına o qədər qızıl, gümüş taxırlar ki, ağırlıqdan qamətləri əyilir. Qocaların əlindəki əsa da qızıldandır. Şəhərə gecə girərsən. Qaranlıqda ən çox parıltısı olan hündür bir məscidi tapıb günbəzinə çıxarsan. Məbada oğurluq eləyəsən ha, oğurluğunu bilsələr, bağışlamaz, əllərini kəsərlər. Səhər kim səndən ora çıxmağının səbəbini soruşsa, yuxunu danışarsan. O yolla da varlanıb yüz almazı tapacaqsan.
Bunu deyib qoca yox oldu. Tapdıq ha çağırdı, ha bağırdı, öz səsinə özü yuxudan ayıldı. Vaxt itirməyib səfərə çıxdı.
Az getdi, çox getdi, bilmədi getdi, ya getmədi, dincəldi, ya dincəlmədi, gündüz demədi, gecə yemədi, beş səhra, beş məmləkət, beş dərya keçib nurani qoca deyən məmləkətə çatdı.
Gecə Ay işığında par-par parlayan böyük bir məscid gördü. Dırmaşıb günbəzə çıxdı. Səhər namaza gələnlər gördülər günbəzdə bir keçəl oturub, başı elə parıldayır ki, Günəşə baxmaq olur, ona yox. Soruşdular:
- Ay keçəl, bu istidə ora niyə dırmaşmısan?
Tapdıq danışmağa başladı:
- Mən bir qıza elçi düşdüm. Atası mənə şərt qoydu: “Yaşadığımız dünyadan mənə yüz almaz, yaşamadığımız, ayağımız dəyməyən dünyadan yüz mirvari gətir!”. Yatdım yuxuda gördüm bir qoca mənə deyir: “Dediklərimi etsən, yüz qızılın olacaq! İndi mən də qoca deyəni edib çıxmışam günbəzə.
Camaat səbrlə ona qulaq asdı. Keçəl sözünü qurtaran kimi isə ürəkdən gülüb onu ələ saldılar:
- Ay səfeh, çəkil gəlim yanına! Pul qazanmağın ən asan yolunu sən tapmısan!
- Ay keçəl, get ağlına dua yazdır! Bəlkə onda ağıllanıb varlanasan!
- Qızıl günbəzi dişlə ye, bəlkə varlandın!
Keçəli ağlamaq tutmuşdu, elə istəyirdi ağlasın, bu vaxt məscidin baş mollası gəldi:
- Bala, ora niyə çıxmısan?
Tapdıq yenə danışmağa başladı.
Camaat keçələ qulaq asır, gülməkdən uğunub gedirdilər.
Beləliklə, Tapdıq səhərdən axşama qədər danışdı. Kim dərdini soruşdu, danışdı. Amma yazıq keçələ heç kəs bir qızıl da vermədi ki, varlansın.
Nə qədər keçələ yalvardılar günbəzdən düşsün, tərs keçəl inadından dönmədi.
Xəbər İran şahına çatdı. Şahın əmri ilə keçəli günbəzdən düşürdüb qaydanı pozduğuna görə, yüz şallaq vurdular. Cəlladın keçələ yazığı gəldi:
- Ay səfeh, yuxu görməklə o boyda yola səfərə çıxarlar? Nə olsun, indi mən də yuxuda görmüşəm ki, Alban məmləkətində bir Quz qalası var, onun da yaxınlığında bir ağac var, ağacın yarısı qırmızı alma gətirir, yarısı sapsarı alma. Guya o ağacı qazsam altından bir sandıq almaz çıxacaq. İndi mən işimi gücümü ─ sarayda bu boyda vəzifəmi atım, sənin kimi səfərə çıxım, həm lağ yeri olum, həm də döyülüm?
Keçəl indi səhvini başa düşdü. Cəlladın sözləri ona təsir elədi. Qayıtdı vətəninə. Necə gəlmişdi, elə də qayıtdı. Az qala ölüsü gəlib evinə yetişdi. Ona bir qurtum su verib uzatdılar həyətdəki alma ağacının kölgəsinə ki, özünə gəlsin. Keçəlin gözləri yumuluydu, birdən gözlərini açıb elə bərəltdi hamı elə bildi keçəlin son nəfəsidir.
Keçəl kölgəsində uzandığı alma ağacına, onun meyvələrinə elə baxdı, elə baxdı... Birdən nə yadına düşdüsə, yerindən dik atılıb ağacın dibini qazmağa başladı.
Hamı məəttəl-məəttəl keçələ tamaşa elədi. Fikirləşdilər yəqin keçəlin başına hava gəlib.
Keçəl bir xeyli qazdı, birdən bel nəsə bərk bir şeyə toxundu. Çıxartdılar ki, balaca bir qızıl sandıq. İçərisi də dolu almaz.
Sən demə, keçəl Tapdıq halsız uzananda cəlladın dediyi yadına düşür: “Alma ağacı, yarı qırmızı, yarı sarı. Altında xəzinə...! Bu ağac keçəlgilin həyətindəki ağacmış, cəlladın yuxuda gördüyü, qisməti isə keçələ yazıldığı...
Keçəl almazları saydı, düz yüz almaz idi. Tez onları götürüb xan evinə yola düşdü. Eşitdi xan dənizə balıq ovuna gedib, qızı da özü ilə aparıb. Qayığa minib onların arxasınca yollandı. Xan uzaqdan keçəli tanıyıb gizlincə əmr etdi ki, qayığı aşırtsınlar, keçəldən canı qurtarsın.
Az qalmışdı qayıq gəmiyə çatsın, xanın nökərləri qayığı aşırtdılar. Keçəl, əlində də içi almazla dolu sandıq dənizə düşdü. O, sandığını götürmək üçün suyun dibinə üzdü. Bir də baxdı ki, sandıq düşən yer doludur mirvarilərlə.
Ey dadi-bidad! İndi elə bu ölüm ayağında Tapdığın yadına düşdü ki, xan ona deyəndə "yaşamadığımız, ayağımız dəyməyən dünya" o, dəryaların, dənizlərin, çayların dibini nəzərdə tuturmuş.
Tapdıq dənizin dibindən sandığını götürüb qoltuğuna vurdu. Ciblərini də doldurdu mirvarilərlə. Sudan çıxıb sandığı xana göstərəndə acgözlükdən xanın gözləri parıldadı.
Nökərlər keçəli gəmiyə qaldırdı. Xan gördü Tapdıq onun bütün şərtlərini yerinə yetirib, əlacı kəsildi, üç gün, üç gecə toy eləyib qızını Tapdığa verdi. Onlar xoşbəxt yaşadılar. Qoy bu nağılı oxuyan da, oxumayan da xoşbəxt olsun. Yalan bizdən uzaq olsun, dərd bizdən kənar dursun. Yaşadığımız və yaşamadığımız yerlərdən bizə həm var-dövlət, həm də sevinc axıb gəlsin.