Povest Kahramanmaraş zəlzələsində (6 fevral 2023-cü il) faciə görmüş uşaqlara və bir də zəlzələ zamanı tikdiyi binaların heç biri dağılmamış tikinti mühəndisi Hasan Oktaya (ad şərtidir) həsr olunub.
- Bakı üçün darıxıram!
- Darıxma, tətildə gedəcəyik Bakıya!
- Mən indi istəyirəm, − deyib Ayşən qəhərləndi.
- Sən yenə başladın?... Deməmişəm nahaqdan qaşqabağını tökmə?!...
- Ordakı dostlarımı istəyirəm. Darıxıram!
- Heç darıxma, sənin burda da çoxlu dostun olacaq.
- Yooox... − deyib Ayşən ağladı.
Ayşəngilin ailəsi Kahramanmaraşa Bakıdan köçüb gəlmişdilər. Atası həkim, anası isə tibb bacısı işləyirdi. Ayşən bura köçəndən sonra həm Bakı üçün, həm də köhnə dostları üçün çox darıxırdı. Bakını yadına salanda əhvalı pis olurdu.
Onlar Bakının Bayıl qəsəbəsində, üçmərtəbəli, köhnə evlərdə yaşamışdılar. Evləri Şıx çimərliyinə çox yaxın olduğundan yayda da, soyuqda da tez-tez dənizə gedərdilər. Piyada dənizə on-on beş dəqiqəyə çatmaq olurdu. Bu zaman məhəllənin uşaqları da onlara qoşulardı. Həyətləri darısqal idi deyə, dənizə getmək uşaqlar üçün bir bayrama çevrilərdi. Elə vaxt olurdu, on-on beş uşaq yığılıb dənizə gedirdilər. Gəzintilər çox maraqlı olardı. Yayda çimər, suda cürbəcür oyunlar oynayardılar. Qışda da cürbəcür dadlı yeməklər götürər, orda özlərinə süfrə açıb şənlənərdilər. Gizlənpaç, ortadaqaldı oynayıb, vaxtlarını xoş keçirərdilər. Ayşən məhəllə dostlarını - Gülşəni, Səbinəni, Nərgizi, İlqarı, Arifi çox, lap çox istəyirdi.
Ayşəngil Türkiyəyə köçəndə uşaqlar çox bikef oldu. Ayşən isə sevinsə də, Qahramanmaraşa çatan kimi dostları üçün darıxmağa başladı.
Ata-ana onu əyləncəli yerlərə apardılar, cürbəcür oyuncaqlar, təzə paltarlar alıdılar ki, Ayşənin bir az kefi açılsın. Amma günlər keçir, qızın qaşqabağı açılmırdı.
Ayşənin Bakıda da hər şeydən narazılığı vardı. İndi ona yad olan şəhərdə narazılığı bir az da artmışdı. Hər şeyə hirslənir, deyinirdi. Ata-ana nə qədər nazı ilə oynasalar da, inciməyə səbəb tapırdı.
Bir gün atası onu başa salmağa çalışdı ki, bir az küsməklərini, ağlamaqlarını azaltsın:
- Qızım, darıxma, iş müqaviləmzin bitməsinə az qalıb. Bitsin, qayıdacağıq Bakıya.
- Nə qədər qalıb? − Deyib Ayşən sevinclə soruşdu.
- Cəmi üç ay qalıb.
- Çoxdu üç ay... - Belə deyəndə Ayşənin gözləri doldu. Ata qızının gözlərini salfetlə qurulayıb dedi:
- Sakit ol, sənə sözüm var. Mənə de görüm, Ayşən, sən sağlamsan, xəstə deyilsən, düzdü?
- Düzdü!
- Şükür Allaha! Mən də həmişə şükür edirəm ki, sağlamıq, ailəmiz gözəldir. Bax, atan, anan yanındadır. İstədiyini alırıq sənə. Səni dünyalar qədər sevirik. Evimiz gözəl, məhəlləmiz gözəl, hazırlığa getdiyin məktəb gözəl, müəllimini sevirsən. Amma hər dəfə bir bəhanə tapıb bizi məyus edirsən. Bir az sakit ol. Hər şeydən narazı olmaq olmaz. Bu, yaxşı deyil. Böyüyəndə əsəbi, deyingən olarsan. Belə adamların dostu olmur. Adamın dostu olmayanda da həyat rəngarəng olmur, ağ-qara olur.
Atası ilə söhbətdən sonra Ayşən xeyli dəyişsə də, hələ də səbəbsiz sızıldamaqları canında qalmışdı.
O qədər gülürdülər...
Bir gün Ayşən həyətdən evə sevincək gəlib dedi:
- Ana, bu gün bir dostum da oldu!
- Nə gözəl, kimdir o?
- Əsma. Bura təzə köçüblər. Əvvəl köhnə, birmərtəbəli evdə yaşayıblar. İndi bura köçüblər. Bizim bina ilə bitişik binaya. Evləri bizim pəncərədən görünür. Çox maraqlı qızdır. Özü də həm rəsm çəkə bilir, həm də yaxşı mahnılar oxuyur. Onunla dost olduq.
- Əla, bir gün anasından izin alar, evimizə dəvət edərsən.
- Hə? İcazə verərsən?
- Əlbəttə verərəm!
- Nə yaxşı olar, sən də Əsmanı tanıyarsan.
O gündən Ayşən Əsma ilə dostluq eləməyə başladı. Əsmadan sonra onun Kahramanmaraşdakı dostlarının sayı xeyli çoxaldı.
Dostların sayı çoxaldıqca Ayşənin Bakı üçün darıxmağı azalırdı. Təzə dostlar Ayşəni darıxmağa qoymurdu.
Əsma Ayşənlə yaşıd idi. O, gözəl mahnılar oxuyur, Ayşənə də öyrədirdi. Bir gün Əsma sevincək dedi:
- Həmişə deyirsən Bakı üçün darıxırsan. Sənə görə təzə Bakı mahnısı öyrənmişəm. Sənə də öyrədərəm. Azərbaycan mahnısıdı. Çox xoşuma gəldi, öyrəndim.
- Necədi?
- Sənin də xoşuna gələcək. − Əsma belə deyib oxumağa başladı:
- Çox dəyişib mənim Bakım,
Gözəlləşib mənim Bakım,
Sahilində Göy Xəzəri,
Bakı gözəllər şəhəri.
Əsma mahnını bitirənə qədər baxdı ki, Ayşənin dodaqları titrəyir, daha oxumadı. Ayşən özünü ağlamaqdan saxlamaq istəsə də, bacarmadı. Gözlərindən yaş süzüldü:
- Nə gözəl mahnıdır. Eşitməmişdim. Yəqin təzə mahnıdır. Oxudun, Bakı üçün lap darıxdım. Mən də öyrənərəm, Bakı üçün darıxanda oxuyaram.
- Darıxma! Mən sənin dostunam. Məni dost, rəfiqə kimi çox istəyirsənsə, gərək mənim yanımda darıxmayasan.
Ayşən ilə Əsmanın Uğur adında bir oğlan dostları da var idi. Üçü çox vaxt bir yerdə oynayırdı. Uğur elə gülməli idi, hamını güldürürdü. Əsas da qızlar “çin kəndiri” oynayanda gəlib kəndirin üstündə elə hoppanırdı, elə əzilib büzülürdü...Gülməli üzünü elə hallara salırdı...O qədər gülürdülər, oyun qarışırdı. Uğur həyətdə olmayanda Ayşən və Səma üçün darıxdırıcı olurdu.
Məktəb yaxınlıqda yerləşirdi deyə, məhəllə uşaqlarının çoxu məktəb, sinif yoldaşı idilər. Ayşən ilə Əsma hələ hazırlığa gedirdilər. Amma oynadıqları uşaqların çoxu məktəbli idi.
Zəhləmgetmiş
Ayşən məhəllədəki bütün uşaqlarla dostlaşmışdı. Bircə Salehdən xoşu gəlmirdi. O, Ayşəndən böyük idi. Həmişə Saleh həyətə çıxan kimi Ayşəngilin oyunları yarımçıq qalardı. Hamı Salehin başına yığışar, futbol oynayardılar. Ayşən ürəyində Salehə hirslənib, deyinərdi. Amma büruzə verməz, hirslə bir yana çəkilib oturardı.
Bir gün Ayşən Əsmanın qulağına pıçıldadı:
- Yenə bu zəhləmgetmiş gəldi.
- O kimdir ki?...
- Saleh!
- Niyə ondan zəhlən gedir ki?
- Həmişə o gələn kimi aranı qarışdırır. Qəşəngcə oynuyurduq...
- Hə...O gedən kimi yenə oynayarıq.
- Onda da gec olacaq, anam məni evə çağıracaq.
Bir gün uşaqlar həvəslə həyətdə “ortadaqaldı” oynayırdı, Saleh top əlində həyətə düşdü. Uşaqların çoxu qaçıb onun başına yığışdı. Saleh əlindəki hakim fitini çalıb uşaqlara dedi:
- Kim futbol oynayır, komandaya bölünsün!
Səs-küy başladı. Ayşən elə hirsləndi... Axır, dözə bilməyib Salehə qışqırdı:
- Sən oyun pozansan. Bizim bütün oyunlarımızı pozursan.
- Neynirəm ki? − Deyib Saleh balaca qıza tərəf əyilib gülə-gülə soruşdu.
- Hər dəfə sən gələndə oyunumuz yarımçıq qalır. − Ayşən hirslə dedi.
- Vay, vay, bir də belə eləmərəm! Sarışın, qəşəng, Bakılı qızı!
Bu adın da bir tarixi vardı. Bir dəfə Salehin atası Hasan usta həyətdə eşidəndə ki, Ayşəngil Bakıdan köçüb Kahramanmaraşa gəliblər, qızı əzizləyib demişdi:
- Xoş gəlmisiniz buralara, sarışın, qəşəng Bakılı qızı!
Bu söz də uşaqların dilinə düşmüşdü: “Sarışın, qəşəng, Bakılı qızı”.
- Mənim adım var. Mən sarışın, qəşəng-zad deyiləm!
- Nədir adın?
- Ayşən! − Deyib qız hikkə ilə göz süzdürdü.
- Hə də, sarışın, qəşəng, Bakılı qızı, Ayşən!
- Uff, yenə başladı... Əsma, gəl gedək o yandakı oturacaqda oynayaq. Bu məni lap hirsləndirir.
Əsma gördü rəfiqəsi hirslənib, bir söz demədi. Amma bir azdan sakitləşdiyini görüb ürəkləndi:
- Saleh sənə nə dedi ki, hirsləndin?
- Sarışın, qəşəng deməsin mənə, hirslənirəm. Mənim adım var!
- Çirkin demir ki... qəşəng deyir... Sən də onu acılayırsan...
- Deməsin, o mənə elə deyəndə hirslənirəm! Zəhləmgetmiş!
Bir neçə gündən sonra Saleh uşaqlara yaxınlaşanda Ayşən nifrətlə üzünü ondan döndərdi. Salehin heç salamını da almadı. Sonralar da həmişə Saleh həyətə düşən kimi ya üzünü çevirib aralanırdı, ya da evə gedirdi.
Saleh də bunu başa düşür, hər dəfə də onu cırnadırdı:
- Sarışın, qəşəng, Bakılı qızı, Ayşən, barışaq?
Belə deyəndə Ayşən az qalırdı atılsın onun üz-gözünü cırmaqlasın, Amma Əsmanın sözləri yadına düşür, sakitləşirdi: “Qəşəng deyir də, çirkin demir ki”...
Ayşən Salehi görən kimi dodaqaltı pıçıldayırdı: “zəhləmgetmiş”.
- Bax, Əsma, yenə “zəhləmgetmiş” gəldi, oyunumuzu pozacaq!
- Kimi deyirsən, Salehi?
- Məhəllədə tək bir adamdan zəhləm gedir, o da Salehdi.
Bircə Əsma ilə Uğur bilirdi ki, “zəhləmgetmiş” kəlməsi kimə aiddir. Ayşəndən fərqli olaraq uşaqların çoxu Salehi çox istəyirdi. Ayşən elə bilirdi ki, hərdən uşaqlar Salehin mənasız sözünə gülür. Oğlanın danışığı, hərəkəti heç xoşuna gəlmirdi. Hətta hərdən fikirləşirdi: “Niyə ondan bu qədər zəhləm gedir?!... Oyunumuzu pozur, ona görə? Qapqaradı ona görə. Qulaqları böyükdü, ona görə... Bəlkə mənə “sarışın, qəşəng, Bakılı qızı” deyir... Ona görə?... Bilmirəm!”.
Ad günün mübarək!
Onda heç Ayşənin ağlına gəlməzdi ki, bir gün “zəhləmgetmiş” adı qoyduğu bu oğlan onunla qaranlıq dünyada rastlaşacaq.
İndi hər kəs düşünə bilər... Nə oldu, nağıla keçdik? Qaranlıq dünya, işıqlı dünya...Bunlar nağıllarda olur axı. Bəs, necə oldu ki, dünya qaranlıq oldu...
Beləəə...
Bir gün məhəllə uşaqları yığışdı, həyətdəcə Əsmaya ad günü keçirdilər. Həyət bağçasının iyirmi nəfərlik oturacaq skamyası, qarşısında da böyük stolu vardı. Elə orda da məhəllə uşaqları Əsmaya unudulmaz bir ad günü yaşatdılar.
Fevralın 5-də Əsmanın ad günü olacaqdı, amma babası xəstələndiyinə görə, ata-anası kəndə getmiş, Əsma bibisi ilə qalmışdı. Ad günü keçirməyi başqa vaxta saxlamışdılar.
Elə buna görə də Əsma bikef gəzirdi. Ayşən qaça-qaça həyətə düşüb rəfiqəsini qucaqladı, öpdü. Ona balaca dibçəkdə gül, bir də zərli kağıza bükülmüş bir hədiyyə verib musiqili avazla dedi:
- Ad günün mübarək, ad günün mübarək!
Əsma üçün bu gözlənilməz oldu. O çaşıb-qaldı:
- Aaa, bu gün ad günü eləmirdik. Ad günüm olanda səni də çağıracaqdım...
- Onda da gələrəm. Axı bu gündür sənin ad günün. Yadımdadı, bilirəm, ad gününü sonra edəcəksiz. Hədiyyə almışdıq, dedim verim, səni sevindirim. Əlcəkdir. Yadındadır, mənim əlcəyimdən xoşun gəlmişdi?!
- Yadımda. − Deyib, Əsma həvəslə bağlamanı açmağa başladı. Əlcəyi görəndə sevindi. Rəfiqələr qucaqlaşdı.
Bu vaxt Uğur bərkdən əl çaldı. İndi qızlar fikir verdi ki, danışıqlarını eşidib, hamı yığışıb onların başına. Uşaqlar Əsmanın ad gününü təbrik etdilər. Təbrik bununla bitmədi. Ad günü gecəyə qədər davam elədi.
Qışın fevral ayı olmasına baxmayaraq, havada qəribə bir istilik vardı. Hətta uşaqların bəzisi gödəkçəsini çıxartmışdı.
Məhəllə uşaqları yığışıb həyətdəki stolun üstünə süfrə açdılar. Bəzi şeyləri dükandan aldılar, nələri isə evlərindən gətirdilər. Süfrəyə dadlı meyvə şirələri, tort, cürbəcür şirniyyatlar qoydular. Uğur evdən fişəng, şar, şam gətirdi. Tortun üstünə şam düzdülər. "Ad günün mübarək", mahnısı oxuyub Əsmanı təbrik etdilər. Telefonda şən, oynaq mahnılar qoyub, çalıb-oynadılar. Ad günü əsl bayrama döndü.
Uğurun atası Sərdar əmi eşidəndə Əsmanın ad günüdür, və onun ata-anası uzaqdadır, kafedən pizza sifariş elədi. Özü də Əsmanın ad gününü təbrik elədi:
- Əsma, arzu edirəm bir gün məktəbə gedəsən, biz də burdaca yığışıb səni təbrik edək!
Bu vaxt Saleh də əlində gitara gəldi. Sərdar əmi onu görəndə sevincini gizlətmədi:
- Maşallah, gitarada da çala bilrsən?
- Bir az...
Sərdar əmi gülüb onun boynunu qucaqladı:
- Halal olsun sənə. Daha səni tərif etməyə söz tapmıram! Dərsini yaxşı oxuyursan, şahmat oynayırsan, karateyə gedirsən. Burdan da gitara. Əhsən sənə. Uşaqlar, siz də Salehdən öyrənin, hər işə vaxt çatdırır!
Belə deyəndə uşaqlar "Sağ ol, Saleh", deyib Salehi alqışladılar. Saleh utandığından qızardı, üzünü yana çevirdi.
- Uşaqlar, pizzanızı soyutmayın, nuş olsun sizə! − Sərdar əmi belə deyib getdi.
“Mən belə dadlı pizza yeməmişdim”, Əsma deyən kimi, uşaqlar ürəklənib Əsma deyəni təkrar elədi. Doğrudan da, pizza çox dadlı idi. Sərdar əmi də o qədər sifariş eləmişdi, hərəyə iki-üç tikə çatdı.
Yeyəndən sonra uşaqlar şənləndilər, çaldılar, oynadılar, şəkil çəkdirdlər. Saleh gitara çaldı, Əsma mahnı oxudu. Ayşən də rəfiqəsi üçün təzə öyrəndiyi "Gözəlləşib mənim Bakım" mahnısını oxudu. Mahnı oxumaq Ayşənin çox xoşuna gəldi.
Saleh arada gülməli lətifələr də danışdı. Ad günü çox maraqlı keçirdi. Uşaqlar ayrılmaq istəmirdi. Hamı sözləşdi ki, sabah axşamçağı yenə burda görüşsünlər...
Yazdığım qələm əks-səda verdi... “Görüşsünlər”... “Görüşsünlər”...
Kiçikləri Ayşən ilə Əsma idi deyə, onlar evə daha tez getdi. Əsmanın bir qucaq hədiyyəsi vardı. Ayşən ona kömək elədi. Ad günündən əvvəl bikef gəzən Əsmadan əsər-əlamət qalmamışdı. O, hədiyyələrinə baxıb çox sevinirdi:
- Atamgil də sabah qayıdanda mənə “Pijamaskalılar”ın məktəb çantasını alacaqlar.
- Nə yaxşı. Zəng eləsələr, deyərsən çəhrayı rəng alsınlar.
- Mən də elə o rəngi istəmişəm. Bircə tez gəlsəydilər...
- Darıxma, yatıb-duracaqsan, görəcəksən gəldilər.
Qələmim əks-səda verdi. “Yatıb-duracaqsan, görəcəksən gəldilər”...
- Ad günüm yaxşı keçdi, yoox? − Əsma əyilib Ayşənin üzünə baxıb soruşdu.
- Çoox maraqlı keçdi.
Onlar ayrılanda Ayşən Əsmaya dedi:
- Mən daha Salehə “zəhləmgetmiş” deməyəcəyəm.
Qaranlıq dünya
Yatmazdan əvvəl Ayşən ata-anasına Əsmanın ad günündən xeyli danışdı. Sonra bir az fikrə gedib dedi:
- Olar, mənim də ad günüm olanda həyətdə, uşaqlarla keçirim?
- Əlbəttə, niyə olmur? −Deyib ata-ana bir-birlərinə baxıb gülümsədilər.
Ayşən hər gecə olduğu kimi ata-anasını öpüb yataq otağına keçdi. Həmin gecə o öz ad gününün həyətdə necə keçirəcəyini düşünə-düşünə, sevinc içərisində yuxuya getdi.
O gün müxtəlif vaxtlarda, müxtəlif arzularla, ayrı-ayrı planlarla yuxuya getmiş Kahramanmaraşlılar yuxudan bir vaxtda oyandılar. Düz saat yeddiyə on dəqiqə qalmış hamı yuxudan oyandı. Oyandılar və dəhşət gördülər. Həmin gün Kahramanmaraşda sanki dünya dağılırdı. Həqiqətən də, həmin gün çoxunun dünyası dağıldı...
Qələmimin əks-sədası mənim də ürəyimi parçaladı: “Kahramanmaraşda sanki dünya dağılırdı...”
O gün Kahramanmaraşda minlərlə insanın qaranlıq dünyası oldu. Kimlərsə şanslı, bacarıqlı olub “qaranlıq dünya”dan “işıqlı dünya”ya çıxa bildi... Kimlər isə...
Bu minlərlə insanın içərisində təəssüf ki, balaca Ayşən də vardı. Səhərə yaxın şirin yuxusunu aldığı yerdə Ayşən anasının qışqırıq səsinə oyandı.
Ayşənin balaca ürəyinin səsinə qulaq asaq, görək, qızcığaz düşdüyü qaranlıq dünyasından nə danışır. Görək zavallı qız düz dörd gün, dörd gecə dağılmış betonların altında, soyuq torpağın üstündə, qaranlıq yerdə necə qalıb...
Məni sanki yerə çırpdılar
“Anam heç belə qışqırmamışdı. Əvvəlcə qorxdum, elə bildim nəyisə düz eləməmişəm, anam hirslənib mənə qışqırır. Gözlərimi açmaq istədim, aça bilmədim. Dənizdə qum düşəndə gözlərimi aça bilmədiyim kimi, indi də gözlərim açılmadı. Amma dənizdə qum gözümə az düşürdü. İndi isə elə bil gözlərim qumla dolmuşdu, nə qədər silirdim, təmizlənmirdi. “Ana, ata” çağırmaq istəyirdim, ağzıma qum dolduğundan səsim çıxmırdı. Burnuma, qulaqlarıma da qum dolmuşdu. Yatdığım çarpayını da elə bil kimsə möhkəm silkələyirdi. Birdən hiss elədim ki, elə bil göydə uçuram. Elə bil karuseldəydim, başım fırlanırdı.
Az sonra... Sanki məni götürüb, bərkdən yerə çırpdılar. Sonra yadımda deyil nə oldu...Bir vaxt yenə yatdım. Amma mən qumlu, tozlu yerdə, ağzım, gözüm qumla dolu yata bilməzdim. Bəlkə ölmüşdüm. Heç bilmirdim ölmək necə olur”...
Mən uşağam, mənə kömək edin...
Sabah eyni vaxtda mən dostlarımla görüşə bilmədim. Həmin vaxt mən “qaranlıq dünya”da idim. Qaranlıq, dəhşətli bir dünyada. Gözlərimi nə qədər möhkəm açsam da, heç nə görmürdüm. Qışqırmaq istədim, ağzıma o qədər qum dolmuşdu, səsim çıxmadı. Tərpənmək istəyəndə, ayaqlarımın dəhşətli ağrıdığını hiss edib zarıdım. Ağzımdakı torpaqları tüpürüb çıxarmağa çalışdım. Gecə köynəyimin cırılmış qolu ilə, çox çətinliklə, birtəhər ağzımı, gözümü təmizlədim. Amma tərpənə bilmədim. Elə bil ayaqlarımdan kimsə bərkdən tutub saxlayırdı. Bir güclə yavaşcadan “Ana, ata, hardasız?”, deyə səslənsəm də, heç kəs cavab vermədi. Ağlamağa, çağırmağa davam elədim:
- Nə olar, kimsə mənə yardım eləsin. Mən uşağam, mənə kömək edin. Allahım, mənə kömək elə, ata, ana, hardasız? Nə olar, gəlin işığı yandırın. Qorxuram qaranlıqdan. Kimsə gəlsin, mənə yardım etsin. Məni burdan çıxartsın! Məni eşidirsiz? Mən burdayam, dura bilmirəm, Qaranlıqdır, heç nə görmürəm. Mənə kömək eləyin. Evimizə istəyirəm!”.
O qədər qışqırıb çağırdım, yoruldum, daha səsim çıxmadı. Ayaqlarım bərk ağrıyırdı. Üstümdə böyük daş vardı. Nə qədər çapalayırdım, daşın altından çıxa bilmirdim. Tərpəndikcə ayağım lap pis ağrayırdı. Boynum da elə bir daşın üstündəydi, hər tərpənəndə başımın altındakı daş boynumu kəsirdi. Sakitləşə bilmirdim. Bir azdan “Yəqin mən ölürəm”, fikirləşib yenə ağladım, qışqırdım. Sonra istəsəm də, istəməsəm də, ağlamaqdan yorulub susdum. Yəqin hamı belə ölür, fikirləşəndə, qorxudan əsməyə başladım.
Yavaşca “su, su”, deyib, ağlayırdım. Amma bilmirəm kimdən su istəyirdim. Yaxınlıqda heç kəs yox idi. Elə susamışdım, çox susuz idim.
Bir azdan isə soyuqdan elə titrətdim, qorxmağım yadımdan çıxdı. Yenə atam, anam... Mənə soyuq olmasın deyə, üstümü örtəndə həmişə məni öpərdilər...Kaş ki...
Yadıma düşəndə dişlərim bir-birinə dəyib elə tıqqıldadı, daha ağlaya bilmədim. Soyuqdan titrəyəndə dişlərim bir-birinə dəyir, ağzımdakı qumlar dişlərimin arasında çıqqıldayırdı. Evimiz, hamamdakı diş fırçam yadıma düşürdü. Kaş indi evdə olaydım, diş fırçamla, dişlərimi təmiz fırçalayardım. Ağzımdan qumlar təmizlənərdi. Bircə titrətməm dayansaydı...
Titrəməm birdən dayandı. Elə bil yaxınımda od yandırdılar. İstidən alnımdan gözümə su tökülməyə başladı. İndi də istidən əllərim əsməyə başladı. Aman, bu nə idi, başa düşə bilmirdim. Elə bil yanırdım. Alnımdan axan təri silməkdən gecə köynəyimin qolu tamam islanmışdı. Atamı, anamı görən kimi bütün ağrılarım dayandı”.
Ata, sən işdən gələndə parka gedərik...
Titrətməsi keçsə də, Ayşənin qızdırması get-gedə onu haldan salmağa başladı. Yüksək hərarətdən sayaqlamağa - ata-anası ilə danışmağa başladı: “Ana, fırçam yerində deyil, tapa bilmirəm. Yemək istəmirəm, qoy dişlərimi fırçalayım. İstidir, yorğanı üstümdən götür. Yox soyuqdur, götürmə. Gəlinciyim hardadır? Verin mənə, o ağlayır...Nə olub gəlinciyimə?... Kim onu ağladıb?... Ata, sən işdən gələndə parka gedərik...
Bir azdan Ayşən daha düşünə də bilmədi. Çünki, yüksək qızdırmadan bayılıb huşunu itirmişdi. Neçə saat bu vəziyyətdə qalandan sonra ağrıdan yavaş-yavaş ayıldı.
Bu dəfə zavallı qızcığaz ayılmağına peşman oldu. Qarnı elə sancılanmışdı ki, ayaqlarının ağrısını unutdu. Var gücünü toplayıb səsi xırıldaya-xırıldaya yalvardı: “Aman, nə olar, kimsə yaxınlıqda varsa, mənə kömək etsin! Kömək eləyin mənə, kömək eləyin!”.
Qarnının ağrısı azalan kimi isə yenə “su, su”, deyib zarıdı. Yenə ata-anası yadına düşdü: “Kaş, indi evdə olaydım. Əvvəl atama, sonra da anama yaxınlaşıb, onlara “gecəniz xeyrə qalsın”, deyib, yatmağa gedəydim. Mən nahaqdan ağlayanda anam həmişə hirslənirdi. Anam bir də məni qucaqlasa, qulağına deyəcəyəm: “Daha mən ağlamayacağam, ana! Mən daha heç vaxt hirslənməyəcəm!”.
Ayşən bu fikirlərdə ikən birdən qulağına səs gəldi. Hardansa işıq gəldiyini hiss edib gözlərini açdı.
Mən də ata-anamı istəyirəm
Zəlzələ zamanı dağıntıların altında qalmış yeniyetmə səs eşidib köməyə tələsdi. Qaranlıqda, zəif telefon işığı ilə daş-kəsəklə yerimək çox çətin olsa da, o, uşaq səsinə biganə qala bilmədi. Əziyyətlə də olsa, yol tapıb köməyə can atdı. Səs gələn səmtə gedəndə başı daşa dəydi, belini əydi. Azca belə getdi, gördü daşlar imkan vermir, iməklədi. Ağlamaq səsi get-gedə yaxınlaşırdı:
- Ağlama, kimsən, gəlirəm, hardasan? Sən də mən tərəfə gəl.
Qız içini çəkə-çəkə dedi:
- Dura bilmirəm, üstümdə daş var. Onu götür, nə olar, kömək elə, ayağım ağrıyır.
- Vay, gözlə, telefonum söndü, açım, səni görüm...
Ayşənin gözləri qumdan yanırdı deyə, o çox vaxt gözlərini yumurdu. İndi də onun gözləri yumulu idi. Səs eşidib gözünü açanda qaranlıqda üzünə tuşlanan işıq gözlərini qamaşdırdı. O, işıqdan başqa heç nə görməyib, qışqırdı:
- Vay gözüm!
Oğlan gördü yerdə yarıuzanılı vəziyyətdə balaca qız var. O, tamam qumun, tozun içərisində idi. Bəlkə də elə ona görə Saleh əvvəlcə Ayşəni tanımadı. Yazıq qızın üstündə böyük beton daş parçası vardı. Bircə başı, boğazı, azca da sinəsi görünürdü. Üstünə torpaq tökülmüş, bədəninin aşağı hissəsinə isə beton daş düşmüşdü. Ayşən danışanda Saleh onu tanıdı:
- Bakılı qız?
- Həəə... Sən də Salehsən! – Ayşən də səsindən Salehi tanıdı.
- Nə yaxşı tanıdın?
- Səsindən tanıdım!
- Bura haradır?
- Bilmirəm.
- Niyə biz burdayıq?
- Onu da bilmirəm. Ya balon qazı partlayıb, ya zəlzələdir, ya da müharibə.
- Çox qaranlıqdır, işığı yandır, qorxuram! Mən atamı, anamı, Bakını istəyirəm, − qız belə deyib bərkdən ağladı.
- Mən də ata-anamı istəyirəm. Bilsən nə qədər istəyirəm. − Saleh belə deyəndə gözlərindən yaş süzüldü. Tez gözünü sildi, özünü ələ aldı.
Ayşənin ağrıları artsa da, o, Salehi görəndə bir az sakitləşdi. Bu qaranlıqda Ayşənin səsinə səs verən Saleh oldu. Nə qədər qışqırmışdı, heç kəs ona hay verməmişdi. İndi Saleh Ayşənin gözünə filmlərdəki “Hörümçək adam”, sehrli xilaskar kimi görünürdü. Bir vaxtlar onun Salehdən zəhləsi gedirdi. İndi o, Ayşənə çox doğma gəldi. Saleh onun əlini əlinə alıb dedi:
- Ağlama, Ayşən, mən sənin yanındayam.
- Sən çıxıb gedəcəksən, mən yenə tək qalacağam...
- Yox, − deyib Saleh Ayşənin başını tumarlaya-tumarlaya dedi, − səni burda qoyub heç yana getməyəcəyəm!
Ayşən o biri əli ilə Salehin əlindən tutub ağlamsındı:
- Söz ver ki, məni burda tək qoyub heç yana getməyəcəksən.
- Əlbəttə, söz verirəm, − deyib Saleh Ayşəni sakitləşdirdi. - Sonra o, qollarını çirmələdi ki, işə başlasın. Ayşən soruşdu:
- Neyləyirsən?
- Sənin üstünə tökülmüş daşları, qumları təmizləmək istəyirəm.
Ayşən dedi:
- Bir az dayan. Çox susuzam. Bilmirsən, burda hardan su tapmaq olar?
- Baxaram, qoy əvvəlcə ayaqlarını betonun altından çıxarım, sonra.
- Mənə su tapa bilərsən? Susuzdan yanıram. Dözə bilmirəm, bəlkə yaxınlıqda hardasa su var...
- Yaxşı, gedim baxım, bəlkə hardasa var.
- Birdən azarsan, qayıtmarsan!
- Qorxma, azca gözlə, görüm hardan su tapıram.
Saleh telefon işığında ətrafı gəzib su axtardı. Tərslikdən heç yerdə su yox idi. Ayşənin yanına qayıdanda hardansa damcı-damcı su düşdüyünü eşidib səsləndi:
- Ayşən, sən də qulaq as, deyəsən hardansa su damcılayır. Eşidirsən?
- Yoox.
- Sən sakit uzan, səs eləmə, eşidim, görüm su səsi hardan gəlir. Darıxma, sənə su tapacağam. Gedim, yenə axtarım.
- Onda telefonun işığını yandır, qoy yanımda qalsın, qorxuram!
- Telefon işığı olmasa, gedə bilmərəm axı. İşıqsız su tapa bilmərəm. Qaranlıqdır.
- Onda qorxuram, getmə! − Ayşən səsi titrəyə-titrəyə dedi.
- Yaxşı, balaca deyilsən, burda bir az böyüməlisən. Bizi tapacaqlar, burdan çıxaracaqlar. Bircə sən darıxma. Gedim sənə su axtarım. Tez gələcəyəm.
- Su istəyirəm.. Ayşən ağlaya-ağlaya dedi. − Get, amma tez gəl.
- Yaxşı, gözünü yum, − deyib, Saleh əli ilə qaranlıqda Ayşənin gözlərini özü yumdu. Üzünü də tumarladı ki, bir az sakitləşsin. Sonra tez telefonunu çıxarıb səs gələn səmtə getdi. Su damcılarının səsi hardansa yaxından gəlməyə başladı.
Kişilər ağlamaz!
Saleh telefon işığı ilə baxdı ki, su damcıları hardansa yuxarıdan, divarlar arasında sıxılıb əzilmiş, gümüşü rəngdə bir soyuducudan damır. Damcılar yəqin ki, soyuducunun donmuş buz dolabından axırdı və hər an kəsilə bilərdi. Saleh bu damcılardan su yığıb Ayşənə aparmalı idi. Bəs nəyə yığsın?! Tərslikdən də ətrafda torpaq, qum, daşdan başqa heç nə yox idi. Birdən Saleh qumun içində kiçik bir limonad qapağı tapdı. Götürüb köynəyinin ətəyi ilə qumunu təmizlədi. Qapağı soyuducunun altına tutdu ki, damcılar ora düşsün.
O, hər dəfə telefonu yandırıb-söndürürdü ki, telefonun enerjisinə qənaət olsun. Hər dəfə də yandıranda həsrətlə yaşıl zəng düyməsinə baxırdı ki, ona zəng gəlib, yoxsa, yox. Özü də zəng edə bilmirdi, çünki heç yerə zəng çatmır, dalğa tutmurdu. Ona da zəng gəlmir, telefonun enerjisi isə get-gedə azalırdı.
Qapaq balaca olduğu üçün tez doldu. Saleh dağıtmasın deyə, suyu yavaş-yavaş Ayşənə apardı.
Salehin getməyi ilə qayıtmağı cəmi on dəqiqə çəkdi. Qayıdanda Ayşən elə ağladı, Saleh həyəcanla soruşdu:
- Nə oldu sənə?
- Gec gəldin, elə bildim azmısan?
- Qorxma, hər yan bağlıdır, azmağa yer də yoxdur. Hara azıram...
- Tapdın, su? − Ayşən soruşdu.
- Bir əzilmiş soyuducu var idi. İçindən su damırdı, ordan tapdım. Azca başını qaldır, yerə tökülməsin, iç!
Ayşən qapaqdakı suyu içib soruşdu:
- Orda yenə su var idi?
- Hə, qabı ver, gedim gətirim.
Saleh Ayşənə su gətirmək üçün üç dəfə gedib qayıtdı. Axırıncı dəfə əliboş qayıtdı. Damcı kəsilmişdi. Özünün də susuzluqdan ağzı-dili qurumuşdu. Amma o suyu özü içməyib, Ayşənə gətirdi. Fikirləşdi ki, Ayşən pis vəziyyətdədir, su ona daha vacibdir. Ayşən suyu içə-içə Salehə minnətdarlıq eləyib dedi:
- Çox qəribədir. Mən heç vaxt belə susamamışdım.
Saleh istədi desin,"mən də çox susamışam", amma demədi.
- Qoy üstündəki daşları, torpaqları təmizləyək, bəlkə qalxa bildin. Sən də bacardığın qədər kömək eləyərsən! - Saleh dedi.
- Yaxşı!
Saleh işə başlayıb Ayşənin üstündən torpağı götürüb kənara atmağa başladı. Ayşən də gücü çatan qədər öz üstündən, yanlarından torpağı ovuclayıb kənara atdı. O, Salehin qaranlıqda işlədiyini görüb soruşdu:
- Telefonun işığını niyə söndürdün? Yandır, görə biləsən.
- Qənaət edirəm. Enerjisi az qalıb.
- Həəə...
Saleh Ayşənin üstündən torpaqları kənara atdıqca danışır, qızın fikrini yayındırmağa çalışırdı ki, ağrılarını az da olsa ona unutdura bilsin:
- Darıxma, biz burdan çıxacağıq. Nə sənin ata-anan, nə mənimkilər, bizi burda qoymazlar qalaq. İnan mənə, özün görəcəksən. Gələcəklər.
- Doğurdan gələcəklər?
- Əlbəttə! Xilaskarlar da gələcək. Görəcəksən!
- Bizi necə tapacaqlar?
- Çox asan! Bir də görcəksən telefonuma zəng çatdı, yerimizi tapdılar, bizi çıxartdılar.
- Bu gün çıxardacaqlar?
- Hə, elə bu gün çıxardacaqlar! − Deyə, Saleh bəzən durmadan yalanlar uydurur, balaca qızın ümidini üzmək istəmirdi. Saleh, var-gücü ilə çalışırdı ki, Ayşən sakitləşsin, ağrımasın, ağlamasın...
Saleh durmadan işləyir, Ayşəni beton, daş parçalarının altından çıxartmağa çalışırdı. Amma bu elə də asan deyildi. Salehin Ayşənin üstündən çəkib yana itələmək istədiyi beton parçasını bəlkə də beş kişi ancaq qaldıra bilərdi. Saleh çalışırdı ki, heç olmasa, beton parçasının üstündəki torpaqları, daşları kənara atsın ki, bəlkə onda Ayşənin ayaqlarına çox ağırlıq düşməz.
Saleh inanırdı ki, bir gün onların canı bu qaranlıq dünyadan qurtaracaq. Amma yeniyetmə yaşlarına təzəcə girmiş oğlan həyatı az da olsa, dərk edə bilirdi. Ona görə qorxur, ümidsizliyə qapılanda dizləri bükülür, üzüqoylu buz kimi torpağın üstünə uzanırdı. Belə vaxtlar gözlərindəki yaşlar, “kişilər ağlamaz”, düşüncələri arasından torpağa süzülürdü.
Ölsəm də, getməyəcəyəm!
Ayşən ağrıdan o qədər ufuldayıb zarımışdı, özü də yorulmuşdu. Birdən o qışqırdı:
- Ay boynum, deşildi boynum!
Bu o vaxt idi ki, Saleh çox yorulduğundan, yerə uzanmışdı ki, bir az dincəlsin, sonra yenə qalxıb işini davam eləsin. Ayşənin səsindən yerindən dik qalxdı. Cibindən telefonu çıxarıb Ayşənin üzünə tutub soruşdu:
- Nə oldu sənə?
- Başımın altında bir daş var, bıçaq kimidir. Boynumu kəsir...
- Başını azca qaldır, görüm, götürə bilirəm onu?
Ayşən başını azca qaldırdı. Saleh əlini daşa sürtüb dedi:
- Bu daş elə böyükdür, özü də yerə batıb. Onu yerindən tərpətmək olmaz.
- Neyləyim onda? − Ayşən yazıq-yazıq soruşdu.
- Bilmirəm. Yaxşısı budur, bir şey tapım, sürtüm daşa, iti yeri bir az kütləşsin.
- Yaxşı, − Ayşən küskün səslə dedi.
Saleh getdi, bir az keçmişdi, hardansa balaca bir dəmir parçası tapıb gətirdi, dedi:
- Başını azca qaldır, boynunun altındakı daşı bir az sürtüm, hamarlayım.
- Yaxşı, − deyib Ayşən ağrıdan sızıldaya-sızıldaya başını qaldırdı.
- Bir azca da qaldıra bilsəydin, yaxşı olardı.
- Qaldıra bilmirəm, boynum bərk ağrıyır.
Saleh bir əli ilə Ayşənin boynunu tutdu, o biri əli ilə isə əlindəki dəmirlə daşın iti yerini sürtüb, qaşıdı, onu kütləşdirməyə çalışdı. Bir xeyli əziyyətdən sonra daş hamarlaşdı, daha Ayşənin boynunu deşib incitmədi. Ayşən azca rahatlaşan kimi yenə Salehə minnətdarlıq elədi.
Saleh yorulduğuna baxmadı. Yenə ayağa qalxıb əvvəlki işinə davam elədi. Ayşən dedi:
- Sən daşları üstümdən götürdükcə, ayaqlarımın ağrıları azalır.
- Hə, lap yaxşı, − deyib Saleh daha həvəslə işləməyə başladı.
Saleh işləyir, yorulanda gəzir, bir işıq yeri tapmaq, bu dəhşətli qaranlıqdan canlarını qurtarmaq üçün yol axtarırdı. Amma heç bir işıq gələn yer tapmırdı. Hər dəfə də yol axtaranda Ayşəndən çox uzaqlaşmır, qızın yerini itirəcəyindən qorxurdu. Bəlkə də Saleh tək olsaydı, bir dəlmə-deşik tapıb çoxdan qurtulmuşdu. Amma indi Ayşən onun qarşısını kəsmişdi. O, Ayşəni burda tək qoyub gedə bilməzdi.
Yaşamaq nə qədər şirin olsa da, Saleh bu haqda fikirləşmək belə istəmirdi. Salehin düşüncələrində bir müdriklik var idi. Onun da yaşamaq eşqi ilə çırpınan qəlbi vardı. Dayanmadan ürəyi, vicdanı, ağlı, qorxusu, həyat eşqi bir-birləri ilə mübahisə edir, sonda Saleh qətiyyətlə son qərarını verirdi: “Ölsəm də, getməyəcəyəm. Bu balaca qızı tək qoyub gedə bilmərəm. O köməksizdi. Ümidi mənəm”.
Balaca qızı qoyub getmək... Özü də bu vəziyyətdə... Saleh üçün bu, yol deyildi.
Bircə burdan çıxa bilsəydik
Hərdən, lap çox uzaqdan, güclə eşidilən hava həyəcanı səsi gəlirdi. Bu səs az da olsa Salehə ümid verirdi. Bununla belə çox qorxurdu. Ən çox qorxu hissi isə ata-anasını bir daha görməmək idi. Bunu yadına salanda dəhşətə gəlirdi. Gözlərindən yaş durmadan axırdı. “Kişilər ağlamaz!”, əvvəllər atasının bu sözü yadına düşəndə Saleh özünü ağlamaqdan saxlaya bilirdi. İndi isə gözlərindən yaş axırdı. O, Ayşənin yanında ağlamağını gizlədir, istəmirdi Ayşən onun ağladığını başa düşsün. Qızın ümidlərini qırmaq istəmirdi. Ayşən ona böyük kimi arxalanırdı. Salehin özü uşaq olsa da, (onun cəmi on bir yaşı vardı) bu qaranlıq dünyada Ayşən üçün böyük olmağı özünə borc bilirdi.
Zəlzələ başlayanda Saleh tez mobil telefonu götürmüşdü ki, zəng eləsin. Amma buna macal tapmamışdı. Qapıdan bayıra çıxmaq istəyəndə, ev elə silkələnmişdi... Dəmir qapı çərçivəsi ilə birgə yerindən çıxmış, Saleh çərçivə ilə qapının arasında qalmışdı. Bəlkə də elə Salehin salamat qalmasına da səbəb dəmir qapı olmuşdu. Saleh çərçivədən möhkəm tutmuş, qapı uşağın üstünə beton pilətələr düşməsinə əngəl olmuşdu. Bəlkə də... Həyatda bilmədiklərimiz də çoxdur, “bəlkə”lər çoxdur.
Telefonun enerjisi 52 faiz qalmışdı. Əslində, bu elə də az deyildi. Amma telefonun dalğası tutmur, “zəng etdiyiniz nömrə əhatə dairəsindədir”, mesajı gəlirdi. Saleh beton divarlar arasında o yana-bu yana qaçır, telefon dalğası tutan yer axtarır, ümid edir, Allaha yalvarırdı ki, onun zəngini kimsə eşitsin. Həyəcanla fikirləşirdi: “Telefon tutsa, bəlkə də yerimizi tez taparlar. Bircə burdan çıxa bilsəydik”.
Ağrını özün idarə etməyi bacar
Saleh Ayşəni tapana qədər problemi yol tapıb, xilas olmaq idi. Dəlmə-deşiklərdən soxulub, ayrı-ayrı yerlərə çıxmaq, yuxarılara can atmaq, işıq gələn yer tapmaq.
Ayşəni tapandan sonra isə tamam ayrı cür düşünürdü: “Yazıq qalıb torpağın altında. Belə çox qalsa, bəlkə də ölər. Çalışım onu torpağın altından çıxarım. Yazıqdır. Onu xilas eləməliyəm”.
Saleh karateyə gedəndə həmişə onun gizli bir arzusu vardı. O həmişə güclü olmaq, haradasa, kimisə ölümdən xilas edib “Qəhrəman” olmağı arzu edirdi. İndi isə Saleh belə düşünürdü: "Məncə, Ayşəni torpağın altından çıxarmaq da elə qəhrəmanlıq sayılar. Bunu bacarsaydım, nə yaxşı olardı"...
Birdən Saleh fikirləşdi: “Amma Ayşən olmasaydı, bəlkə də indi yol tapıb xilas olmuşdum. Bəlkə də, həyəcan siqnalının səsi gələn səmtə getsəm, işığa tərəf - adamlara tərəf yol tapıb xilas olaram. Əlbəttə, Ayşən olmasaydı... Amma Ayşən var... Tutaq ki, xilas oldum, ata-anamı tapdım, qucaqladım. O vaxt Ayşən harda olar? Qaranlıqda məni çağıra-çağıra qalar”...
Saleh bilirdi ki, bu, mümkün ola bilməz. O, Ayşəni köməksiz qoyub gedə bilməz. Ayşənin bu qaranlıqda Salehdən başqa heç bir köməyi yoxdur. Telefonun zəif işığında qızın yalvarışlı baxışları hər an Salehin gözü önündə idi.
Saleh bütün dolaşıq fikirlərindən sonra qəti qərar verirdi: "O burda, qızın yanında qalıb, balaca qıza kömək eləməlidir".
“Saleh, sən güclüsən, ağıllısan!”, deyib atasının həmişə ona dediyi sözləri burda da xatırladı. Sonra yenə işinə davam elədi. O, əllərinin ağrısına fikir vermədən, barmaqları döyənək ola-ola, Ayşənin belinin altından, ayaqlarının yanlarından torpağı təmizləməyə davam elədi. Salehin dırnaqlarnın arası ətdən aralanıb qanı axır, amma o ağrıya fikir vermirdi.
Məşqçisinin sözlərini xatırlayanda sanki ona güc gəlirdi: “Rəqibə qalib gəlmək istəyirsənsə, ağrıya əhəmiyyət vermə. Ağrını özün idarə etməyi bacar. Ağrı hiss edən kimi, düşüncənlə, fikrinlə, gücünlə onu kəs. Bu zaman ağrı hiss etməyəcəksən, rahat-rahat vuruşub qalib gələ biləcəksən!”.
Belə vurdum, belə yıxdım...
İndi Salehin rəqibi soyuq, bərk torpaq idi. O, balaca qızı bərk-bərk sıxır, onu öldürmək istəyirdi. Saleh isə xilaskar idi. O düşməninə qalib gəlib uşağı xilas etməli idi.
Belə fantaziyalarla Saleh dayanmadan işləyirdi.
Saleh torpağı əlləri ilə götürüb kənara atırdı. Torpaq bərk olduğundan, bir azdan əlləri ağrıdı. Axtarıb bir dəmir parçası tapdı, torpağı onunla qazmağa başladı.
Ayşənin ağlamağı, sızlamağı yadından çıxsın, başı qarışsın deyə, ona cürbəcür əhvalatlar uydurub danışmağa başladı: “Qaranlıqda beş quldura rast gəldim. Belə vurdum, belə yıxdım. Belə qorxub qaçdılar...” Belə uydurmalar Ayşənin çox xoşuna gəlir, o hətta bəzən gülümsəyirdi. Salehin uydurmaları bitəndən sonra isə nağıllara keçirdi. Arada tez-tez telefonu açır, zəng edir, sonra yavaşca “ah” çəkib, söhbətini, işini davam edirdi.
Saleh danışanda Ayşən ağrısa da, susur, diqqətlə ona qulaq asırdı.
Fəryad
Evdə Salehə telefon istifadə eləməyə icazə vermir, “Yaşın azdır, sənin telefon işlətməyin hələ tezdir”, deyirdilər. Amma hərdən telefondan dərs üçün, hansısa bir məlumatı əldə etmək üçün istifadə etməyə icazə vardı. Əlbəttə, Saleh də başqa uşaqlar kimi hərdən, gizlincə internetin maraqlı saytlarına baş vururdu.
Saleh eşitmişdi ki, zəlzələ baş verəndə, ən əvvəl telefonu götürmək lazımdır.
Ona görə də çarpayısının tərpəndiyini hiss edən kimi, tez qalxdı, telefonu götürüb otaqdan çıxdı. O ananın, ana da oğlunun otağına can atdı...
Amma tavandan tökülən toz-tozanaq, qum, daş, bəla aralarını kəsdi, anaları balalardan ayırdı. Tozanaqda qopan ah-nalə, fəryad səsi aləmə yayıldı.
Bu, bir evdən gələn imdad səsi deyildi. Bu, bir qış səhəri Kahramanmaraşda yaşayan camaatın göyə yüksələn fəryadı idi. “Ey böyük, Allah, yardım elə!”, “Allah, sən saxla!”, “Allah, günahımızdan keç!”, “Oğlum”, “Qızım”, “Bala”, “Ana”, “Ata”, “Nənə”, “Baba”, “Kömək eləyin!”, səsləri. Səslər əks-səda verib dünyaya da yayıldı, Türk dünyası əzizlərinin gözlərini yaşartdı, ağlatdı.
Dayansam, əllərimin ağrısı artacaq
Saleh dayanmadan, dincəlmədən Ayşənin üstündə nə vardı, daş, torpaq, beton qırıntıları, − hamısını əli ilə süpürüb yana atırdı. Bəzən bərkimiş torpağa rast gələndə onu dırnaqları ilə qaşıyıb yumşaldırdı. Hərdən əlinə nəsə batanda fərqinə varmır, yenə də işini davam eləyirdi. Çünki, gördüyü işi dayandıran kimi barmaqları ağrıdan zoqquldayırdı. Qəti qərarlı idi ki, işi davam etməli, Ayşəni xilas eləməlidir. Düşünürdü: “Bəlkə mən dayansam, əllərimin ağrısı artacaq, daha torpağı, daşı təmizləyə bilməyəcəyəm... Ayşən belə çox qalsa, birdən ölər. Ona görə mən durmamalıyam. Əsas odur ki, işləyəndə əllərimin, barmaqlarımın ağrısını hiss eləmirəm. Dincəlməyə vaxt yoxdur...”
“Dincəlməyə vaxt yoxdur”. Bu Salehin atasının sözləri idi. O qədər bu sözü işlədirdi ki, hamının dilinə düşmüşdü. O gecə bilmir, gündüz bilmir bütün günü işləyirdi. Tikinti rəisi idi. İşini çox sevirdi. Tikəcəyi binaların lahiyələrini özü çəkir, təsdiq elətdirir, sonra da icrasına başlayırdı. Bir tikinti başa çatana qədər neçə icraçı, neçə tikinti müdiri dəyişirdi.
Hasan ustanın tikdiyi binalar görünüşcə, dizaynca digər binalardan çox da gözəl olmasa da, işi elə can-başla görürdü ki, onun rəhbərliyi ilə tikilən evləri elə özünün tanınıdıqları adamlar alırdı. Binaların bünövrəsini möhkəm, dövlətin qoyduğu standartlara uyğun və zəlzələyə davamlı etdiyindən tikdiyi binadakı evlərə müştəri axtarmağa ehtiyac olmurdu. Bu səbəbdən də başqa tikinti rəhbərləri iki, üç bina təhvil verəndə o, birini başa çatdıra bilirdi. Əlbəttə, buna görə başı çox ağrısa da, Hasan usta başqa cür işləyə bilmirdi. Vicdanı yol vermirdi ki, işinə biganə yanaşsın. Hasan ustanın da hesabat verdiyi yuxarı tikinti təşkilatları vardı. Onlar da bir yandan Hasan ustaya təzyiq edir, sürətlə işləməsini tələb edirdilər. Amma usta heç tələsməz, işini sevə-sevə görərdi. Onu tələsdirənlərə isə cavabı bu olardı: “Gözümün qabağında elə evlər tikirlər, ürəyim ağrıyır. Bir neçə ilə həmin evlər qum kimi ovulub töküləcək. Mənim tikdiyim evlər isə, iki yüz il də istifadə olunsa, olduğu kimi qalacaq. Əminəm ki, o vaxt, mən həyatda olmayanda həmin evi tikənə rəhmət oxuyacaqlar”.
Amma elə gün gəldi ki, Kahramanmaraş camaatı Hasan Oktaya diri ikən dua oxudular, atasına rəhmət dedilər. 2023-cü ilin fevralın 6-sında Kahramanmaraşda zəlzələ baş verən zaman Hasan ustanın tikdiyi 22 binadan biri də nəinki dağılmadı, heç çatlamadı da... Ən qəribəsi o idi ki, həmin evlərin şüşəsi belə sınmadı. Hətta aşağılarında mağaza olan binalarda mağazaların vitrinində olan şüşə qablar belə yerə tökülüb, çiliklənmədi. Baxmayaraq ki, həmin vaxt ətrafda bütün binalar çökmüşdü....
Bəlkə də xoşbəxtlikdən, bəlkə də...
Hasan usta tikdiyi binalardan birində özlərinə də təzə ev almışdı. Başı işdən ayılmadığından “Bu gün-səhər köçərik”, deyib, təzə evə köçməyi ləngidirdi. Hazırda isə onlar beşmərtəbəli köhnə binaların birində, üçüncü mərtəbədə olurdular. Zəlzələ zamanı yanlarındakı hündür mərtəbə bina onlar səmtə aşmasaydı, yəqin ki, faciə beşmərtəbə üçün bir az yüngül keçərdi.
Saleh də atası kimi tikinti mühəndisi olmağı arzu edirdi. Atası lahiyə çəkəndə başı üstündə dayanır, ona tamaşa edirdi. Son lahiyələrdə hətta atasına bir neçə ideya da vermişdi. Saleh atası ilə, onun gördüyü işlərlə fəxr edirdi.
Hasan ustanın rəhbərliyi ilə tikilən binaların hər mərtəbəsinə beton tökəndə fəhlələr səhərə qədər, növbə ilə tikintidə işləyirdilər. Bu vaxtlar Hasan usta nəzarəti heç kimə etibar etməzdi. Özü fəhlələrlə bərabər gecə səhərə qədər tikintidə qalar, işə nəzarət edərdi.
Bəlkə də xoşbəxtlikdən, ya bəlkə də bədbəxtlikdən zəlzələ baş verən gecə Hasan usta tikintidə idi. Buna görə özünü çox qınayırdı ki, çətin anda ailəsinin yanında olmayıb.
Bu qaranlıq dünyada Saleh yarımçıq qalmış arzuları haqda çox düşünürdü. Ayşənə rast gələnə qədər. Elə ki Ayşənə rast gəldi, Saleh ancaq qızı xilas etmək haqda düşünməyə başladı.
Saleh Ayşənin üstündən, yanlarından o qədər daş-torpaq təmizlədi ki, birdən Ayşən sevincək dedi:
- Ayağımı tərpədə bildim.
- Nə yaxşı. İkisini də tərpədə bildin?
- Qoy baxım... Hə, ikisini də. − Sonra yenə sızıldayıb, zarımağa başladı. - Amma deyəsən sınıb ayağım. Çox ağrıyır.
- Yaxşı, dayan bir. Nə bilirsən sınıb, bəlkə sınmayıb?
- Axı çox ağrıyır.
- Yəqin dünəndən hərəkətsiz qalıb, ona görə ağrıyır. Qoy, qollarından tutum, səni çəkim, çıx.
- Yaxşı, gəl, tut. Amma bərk dartma. Desəm ağrıyır, buraxarsan.
- Yaxşı.
Saleh əllərinin tozunu çırpıb Ayşənin baş tərəfinə keşdi. Hər iki əlini Ayşənin qoltuğunun altına salıb, yavaş-yavaş çəkməyə başladı.
- Yox-yox, dəymə, ağrıdı.
- Tərpədə bilirsənsə, azca döz, səni çıxarım.
- Dözə bilmirəm, bərk ağrıyır.
- Qoy onda bir az da belinin altından torpaq çıxarım.
Saleh Ayşənin ayaq tərəfinə keçdi ki, yenə işə başlasın, barmaqlarının ucu elə ağrıdı, elə ağrıdı...Saleh telefonun işığını əllərinə tutanda gördü, hər iki əlində baş barmaqlarından başqa bütün barmaqları qanayır. Oğlan həyəcanla dedi:
- Aman, bu nədir?
- Nə olub, əlinə şüşə batıb?
Saleh ağrıdan nəfəsi kəsilə-kəsilə dedi:
- Yox, mənim əlimi bir dəfə şüşə kəsib. Bilirəm o necə olur. Bu isə dəhşətli bir şeydir. Dözə bilmirəm.
Burada balaca qalmaq olmaz! Böyü!
Ayşən öz ağrısını unudub, Salehin dərdinə qaldı. Gecə köynəyini dartışdırdı, qolundan bir parça cırdı. Onu Salehə verib dedi:
- Gör hansı barmağın çox qanayır, onu bu parça ilə bərk sıx, qanı kəssin.
- Əsas ağrımasın. Pis ağrıyır. Qanı kəsməyi vacib deyil.
- Yox, qoyma qan gəlsin. Qanın qurtarar, ölərsən.
Saleh ağrısa da, Ayşənin sözünə gülməyi gəldi.
- Əllərin mənə görə belə oldu. − Ayşən doluxsuna-doluxsuna dedi, - neyləsək, ağrımaz, görəsən?
- Bilmirəm, danışdırma məni, danışa bilmirəm.
- Yaxşı bir söz deyim, daha danışmayacağam. Əllərini yuxarı qaldır, bəlkə onda ağrısı azaldı.
Saleh Ayşən deyəni elədi. Hər iki qolunu azca yuxarı qaldıran kimi barmaqlarının zoqqultusu azaldı.
- Doğrudan ağrısı azaldı, sən bunu hardan bilirdin?
- Bir dəfə barmağımı yandırmışdım, əlimi qaldıranda ağrısı azalırdı.
- Ayşən, mən bu qədər əziyyət çəkdim ki, səni daşların altından çıxarım. Amma sən yenə qaldın orda.
- Neyləyim bəs?
- Ayaqlarını tərpədə bilirsənsə, deməli çıxmaq olar. Sən də bir az ağrıya döz ki, ordan çıxa biləsən. "Ağrıyıram" deyib, hərəkətsiz qalmısan. Heç olmasa mənim əziyyətimə heyfin gəlsin.
- Yaxşı, - desə də, Ayşən qabaqcadan ağrının şiddətini təsəvvür edən kimi gözləri doldu. Bu iki gündə onun ayaqları beton parçasının altında o qədər qalmışdı ki, tərpənəndə ağrıdan qışqırırdı. Əvvəl bütün günü ayaqları ağrıyırdı, indi isə Saleh onun üstündən yükünü azaldandan sonra isə təkcə ayaqlarını tərpədəndə ağrıyırdı.
Salehin sözündən sonra Ayşən bir az özündə güc toplayıb yerindən tərpəndi. O saat da ağrıdan qışqırıb dayandı. Saleh onun tərpənməyindən başa düşdü ki, Ayşənin beton parçasının altından çıxması mümkündür. Onu başa düşən kimi də barmaqlarından gələn qana fikir vermədi. Ayşənin arxasına keçdi, qollarını onun qoltuqlarından keçirib qışqırdı:
- Mənə kömək elə, səni çıxaracağam. Burda balaca qalmaq olmaz! Mən böyüdüm. Böyü, sən də böyü!
Bu sözlərdən elə bil Ayşənə güc gəldi. O, var gücünü toplayıb ayağı ilə təkan verib çıxmağa çalışdı. Çox ağrısa da, dözdü, Salehin zəhmətini yerdə qoymayıb, betonun altından çıxdı.
Onlar qucaqlaşdılar, ağlaşdılar. Bu, Salehlə Ayşənin “Qaranlıq dünya”ya ilk qalibiyyətləri idi.
Bu, Salehin telefonudur
Ayşənin dizləri çox ağrısa da, betonun altından çıxmağına çox sevindi. o, telefonun zəif işığında Salehin qana bulaşmış əllərinə baxıb fikirləşirdi: “Çəkinməsəydim, Salehin qanlı əllərindən öpərdim, ona, “çox sağ ol, dostum”, deyərdim. Deyərdim, “bağışla məni, bir vaxt sənə “zəhləmgetmiş”, adı qoyduğuma görə”.
- Aman, nə pis ağrıyır barmaqlarım. − Salehin səsi onu fikirlərindən ayırdı.
- Həmişə ortadaqaldı oynayandan sonra ayaqlarım ağrıyanda anam həmişə mənə deyirdi, yat, ağrısı azalacaq. İndi sən də yat, ağrın azalsın.
- Bu ağrı ilə inanmıram yata biləm.
Telefonda saat 12-ni göstərirdi. Uşaqların yuxusu gəlsə də ağrıdan, soyuqdan yata bilmədilər.
- Gedə bilsəydin, bir az axtarardıq, bəlkə bir çıxış yeri tapdıq.
- Dizlərim çox ağrıyır, addım ata bilsəm gedərəm.
- Gir qoluma, sənə kömək eləyəcəyəm. Bircə barmaqlarıma dəymə.
Saleh Ayşənin qoluna girdi. Ayşən az qala iməkləyə-iməkləyə Salehin arxasınca süründü. Saleh uzaqdan azca işıq sızdığını hiss edib ürəkləndi:
- Azca da gəl, heç olmasa bir az da işıq gələn tərəfə yaxın olaq.
- Gedə bilmirəm, sən get, gör işıq hardan gəlir, mən burda səni gözləyərəm.
- Yox, sonra səni itirərəm. Dincəl, bir azdan gedərik.
Amma bir azdan gedə bilmədilər. Salehin birdən halı pisləşdi, qızdırması qalxdı. Hərarəti kim bilir neçə dərəcəyə yüksəldi. Qızdırmadan danışmağa halı olmadı. Tərslikdənmi, ya xoşbəxtlikdənmi həmin vaxt telefona zəif bir zəng gəldi. Ayşən sevincək qışqırdı:
- Saleh, zəng edirlər, aç telefonu!
Saleh bu zəngi nə qədər gözləmişdi. Amma zavallı uşaq əlini qaldıra bilmədi ki, telefonu götürsün.
Ayşən gördü Saleh halsız-hərəkətsizdi, özü telefonu açıb həyəcanla dedı:
- Alo, alo, bu, Salehin telefonudur, kim idi?
Telefonda səs də, əlaqə də kəsildi. Qızın sevinci üzündə qaldı. O, ümidsizliyə qapılıb büzüşdü. Ağladı, ağladı... O, Salehlə olanda özünü o qədər də tənha hiss eləmirdi. Amma Salehin qızdırması qalxandan özünü tənha hiss edir, dayanmadan ağlayır, balaca əllərini qaldırıb Allaha yalvarır, Salehin sağalması üçün dua edirdi.
Bu səhər çox işıqlı açıldı
Zavallı uşaqlar iki gecə belə bir hal yaşadılar. Səhərə qədər Saleh qızdırmadan sanki alışıb-yandı. Ayşən dizlərinin ağrısından ikiqat bükülsə də, balaca əlini Salehin alnından götürmədi. Ayşən elə bilirdi ki, qızdırması olanın başına əl qoyanda qızdırma düşür. Ona görə də qolu ağrısa da, əlini Salehin alnından çəkmirdi. Ağrılar azalmır, qaranlıq isə bitmək, qurtarmaq bilmirdi.
Gündüzü birtəhər yola salsalar da, gecə dünənki gecənin təkrarı oldu. Saleh səhərə qədər qızdırma içərisində sayaqladı. Ayşən “Qaranlıq dünya”nın hər gecəsində olduğu kimi, bu gecə də gecəyarıya qədər ağladı, yalnız səhərə yaxın onun gözünə yuxu getdi. Saleh isə qızdırmadan özündə deyildi deyə, gecə ona çox da uzun görünmədi.
Amma səhər... Bu səhər unudulmaz səhər oldu. Ayşəni yuxudan səhər Günəşi oyatdı. Günəşin şəfəqi onun gözlərini qamaşdırdı. Ayşən elə bildi yuxu görür. Amma bu yuxu yox, həqiqət idi. Bu səhər çox işıqlı açıldı. Səhər elə işıqlı açıldı ki, balaca qızcığazın qırılmış ümidlərini də işıqlandırdı. Səhər elə gözəl açıldı ki, Ayşən ata-anasının qucağına qısıldı.
İki gün əvvəl Salehlə Ayşən yerlərini dəyişəndən sonra nəhayət ki, telefona zəng çatmışdı.
Bunu da yazmaq, təsvir etmək çox çətindir
Hasan ustanın zəlzələdən sonra beli sınmış, sanki ikiqat olmuşdu. Dörd gün idi ki, onun sevimli balasından xəbər-ətər yox idi. Telefonuna da zəng çatmırdı. Ata gecəyarı ümidsiz-ümidsiz yenə oğlunun nömrəsini yığdı. Telefona zəng çatanda o yerindən dik atılıb, qalxdı ayağa. Həyat yoldaşına bir söz demədi. Onun ürəyinin ağrısı şiddətlənmişdi deyə, bu haqda ona heç nə demədi.
Oğlunu xilas etmək üçün sevinc dolu həyəcanla, bir az da nigarançılıqla özünü mobil şəbəkə əməkdaşlarına çatdırdı. Növbətçi onu rəislə calaşdırdı. Onlar telefon nömrəsinin əhatə dairəsini aşkar edəndən sonra Hasan usta bələdiyyə işçilərini, öz işçilərini, traktorlarını, buldozerlərini, kranlarını, zəlzələyə yardım briqadalarını, mobil şəbəkə əməkdaşlarını, bütün yaxın dostlarını həmin əraziyə topladı, gecə ilə axtarış işinə başladılar...
Yazıq vəziyyətə düşmüş ata iki gün, iki gecə hər əziyyətə qatlaşdı, beş dəqiqə belə dincini almadı.
Amma iki günlük əziyyət, zülmdən sonra bir səhər onun üzü güldü. Axtarış zamanı axırıncı beton divarı qaldıranda ata səs-küydən qorxub-hürkmüş balaca, bir qızcığaz gördü. Başını qızcığazın dizlərinə qoyub uzanmış oğlunu gördü. Qız camaatı görəndə qorxudan qışqırıb ağladı. Sonra isə silkələyib Salehi oyatmağa çalışdı. Amma iki gün çəkən qızdırmadan Saleh özünə gəlmədi. Çünki qızdırması soyuqdəymədən deyil, barmaqlarında gedən iltihabdan idi.
Oğlum tikinti mühəndisi olacaqdı
Bu an ataların, anaların sevincini heç bir yazıçı qələmi təsvir edə bilməz. Qoy oxucu özü bu sevincli, həyəcanlı anı təsəvvür etsin.
Hər iki uşağı ambulansa yerləşdirdilər. Hasan usta oğlunu ambulansa qədər qucağında apardı. Bu neçə gündə ağlamaqdan taqətdən düşmüş ana isə heç yeriyə bilmədi. Dizlərini yerə qoyub, əllərini göyə açdı. Balasını ona qaytardığına görə “Allah, Allah” deyib, Ona dua etdi.
Ayşənin isə ata-anası bilmirdi bu axtarışda onların da balası tapılacaq. Onlar Ayşəndən ümidlərini üzüb, oturmuşdular. Balalarını xəstəxanada tapanda necə sevindilər... Bunu da yazmaq, təsvir etmək çox çətindir...
Özcan həkim Salehi müayinə edəndən sonra onun ata-anasına yaxınlaşdı. Ata oğlunun halını xəbər aldı:
- Həkim, necədir Salehin halı?
- Bədənində heç bir zədə yoxdur, amma barmaqlarının ucu çox pis vəziyyətdədir.
- Necə pis?
- Tibbi terminlə desəm, ola bilər bir az çətin başa düşəsiniz. Sizin anlayacağınız dildə desək, barmaq ucları qanqren vəziyyətindədir. İltihab anbaan yuxarı hissələrə keçə bilər. Ola da bilər ki, barmaq ucları amputasiya edilsin. Əlbəttə, çalışacağıq, əlimizdən gələni edəcəyik. Hər halda Saleh üçün hansı vacibdir, onu edəcəyik.
Amputasiya sözü həm ata, həm ana üçün çox ağır oldu. Həkim aralanıb gedəndən sonra Hasan usta iki əlləri ilə başını sıxıb sızıldadı:
- Oğlum mənim kimi tikinti mühəndisi olacaqdı. Lahiyələr çəkəcəkdi, gitara çalacaqdı...
“Amputasiya” kəlməsi ata ilə ananın qulaqlarına elə zərbə ilə dəydi ki, onların ikisi də ayaq üstə dura bilməyib, oturdular.
Əməliyyat necə keçdi, həkim
Əməliyyatdan sonra Saleh narkozdan ayılan kimi onu palataya keçirtdilər. Bir azdan cərrah palataya girəndə ata da, ana da nigaranlıqla onun nə deyəcəyini gözləyirdi. Özcan həkim içəri girən kimi əlini Salehin alnına qoyub dedi:
- Keçmiş olsun. Cəngavər oğul, necəsən?
Saleh bu neçə gündə çox arıqlamış, zəifləmişdi. O istədi ağzını açıb, “yaxşıyam”, desin, nə ağzı açıldı, nə səsi çıxdı. Başının hərəkəti ilə, həkimə, “yaxşıyam”, dedi.
- Darıxma, narkozdandır, danışacaqsan.
Ata həkimə dedi:
- Sizdən bir xahişim olacaq.
- Buyurun...
- Sizə zəhmət verəcəm. Bir dəqiqəliyə bayıra çıxa bilərik?
- Əlbəttə!
Onlar dəhlizə çıxan kimi ata səsi titrəyə-titrəyə soruşdu:
- Əməliyyat necə keçdi, həkim?
- Düzünü desəm, iltihab gözlədiyimizdən çox idi. Əməliyyat çox çətin olsa da, iltihabın yayıldığı yerləri dediyim kimi kəsib təmizlədik. Həm də yayılması qorxusunun qarşısını aldıq.
Bu vaxt xəstəxananın baş həkimi hay-küylə, - hardadır Özcan həkim, − deyib otağından çıxdı. Palatanın qarşısında Özcan həkimi görəndə ona yaxınlaşdı, hamıya üzrxahlıq edib, dedi:
- Sözünüzü kəsdiyimə görə üzr istəyirəm. Özcan həkim, indicə iki yaşlı bir uşaq gətiriblər, dağıntıların arasından tapılıb. Təcili əməliyyat olunmalıdır! Çox xahiş edirəm, mənimlə gedək.
Ata ilə ana qayıdıb qəmgin-qəmgin Salehin yanında oturdular. Onlar balalarını salamat tapdıqlarına sevinsələr də, indi Salehin barmaqlarının “amputasiyası” valideynləri çox kədərləndirmişdi. Nə ata, nə də ana bir-birləri ilə bu haqda danışmağa cürət eləmirdi.
Bir insanı ölümdən xilas etmişdi
Bir neçə gündən sonra Saleh xəstəxanadan çıxdı. Onu evə yazanda həkim dedi:
- İltihab təkrar yaranmasın deyə, iki gündən bir sarğını dəyişərsiz. Yazdığım dərmanı kəsilmiş nahiyələrə sürtərsiniz. Bacarmasanız, gələrsiz xəstəxanaya tibb bacıları sizə yardımçı olar. Bir aya müayinə üçün yenə yanıma gələrsiz.
Xəstəxanadan çıxandan sonra Salehin rəngi özünə gəlmiş, əhvalı da düzəlmişdi. O, tez-tez Ayşəni soruşurdu. Həm özü yerin altından salamat çıxmışdı, həm də Saleh bir insanı ölümdən xilas etmişdi. Ayşəni qaranlıqda tək qoymamağı Salehə böyük bir sevinc bəxş etmişdi.
- Əllərin niyə sarıqlıdır, − ondan soruşanda, - boş şeydir, sağalacaq, − deyirdi.
Ayşən isə hələ də yeriyə bilmir, müalicə olunurdu. Onun diz qapaqları zədələnmişdi deyə, ağrıları çox idi. Saleh tez-tez ona zəng edir, darıxmağa qoymurdu:
- Darıxma, bir az da döz, ağrıların keçib gedəcək, − deyirdi, - bax, mənim də əllərimin ağrısı azalıb, bir-iki günə sən də sağalarsan. Əllərimin sarğısını açsınlar, gələcəyəm yanına.
Salehin belə deməyi elə bil Ayşənə təsəlli olur, ağrıları sanki azalırdı.
Ata-ana elə bilirdilər həkim Salehə amputasiya haqda heç bir söz deməyib. Çünki, Salehin kefi yerində idi. Ana iki gündən bir Salehi xəstəxanaya aparır, sarğısını təzələyirdilər. Hər dəfə də tibb bacısı sarğını açanda ana dözməyib otaqdan çıxırdı.
Salehin canı, düz deyirəm
Aradan bir ay keçdi. Nəhayət, bu gün sarğı açılacaqdı. Həmin gün Salehin valideynlərinə acı bir gün kimi gəlir, hər ikisi kövrək, gözü nəmli gəzirdi. Ana özünü pis hiss etdiyindən xəstəxanaya getmədi. Həkim demişdi, sarğını evdə də aça bilərsiz. Amma onlar ürək eləyib açmamışdılar. Həkimin müayinəsinə getməli idilər deyə, düşündülər, sarğını tibb bacısı açar.
Nəhayət tibb bacısı sarğını açdı. Atanın həmin an Salehin barmaqlarına baxmağa cürəti çatmadı. Saleh gördü atası onun barmaqlarına baxmır, əllərini cütləşdirib barmaqlarını atasına göstərib soruşdu:
- Ata, görəsən barmaqlarımın ucunda deşik qalmış yerlərə ət gələcək?
Atanın susduğunu görən tibb bacısı dedi:
- Əlbəttə, gələcək. Bir-iki aya düzələcək.
Ata oğlunun barmaqlarını görəndə təəccübdən səsini qaldırdı:
- Bu nədir? Bəs bunu bizə niyə deməmisiz? − deyib Salehin hər iki qolundan tutub əllərinə baxdı.
Tibb bacısı qorxdu, elə bildi nəyi isə düz eləməyib. Özcan həkim qonşu otaqdan səsə gəldi. O, təşviş içərisində Salehin əllərini əlinə alıb dedi:
- Nədir ki, hər şey qaydasındadır...
- Məgər onun barmaqlarının ucunu kəsməmisiz? − Ata həyəcanla soruşdu.
- Əlbəttə, yox, sizə demişdim axı, lazım gəlsə, kəsəcəyik. Gərək olmadı, təmizlədik, bitdi.
Bunu deyəndən sonra həkim birdən əlləri ilə üzünü örtdü. Azca belə qalandan sonra üzünü açıb dedi:
- Sizdən çox üzr istəyirəm, o qədər xəstəm, əməliyyatım olub, başım qarışıb, sizə deməmişəm ki, barmaqların ucuna dəymədik. Yəqin ki, bir ayda bu nigarançılıqla yaşamısınız.
Salehin və tibb bacısının bu söhbətdən xəbərləri yox idi deyə, onlar məəttəl-məəttəl bir-birlərinə baxdılar.
Atanın sevincdən gözlərindən yaş axdı. O, əvvəlcə oğlunun barmaqlarından öpdü. Sonra həkimə minnətdarlıq bildirib, əllərindən öpmək istəyəndə, həkim etiraz edib, əllərini arxaya çəkdi:
- Allah eşqinə, bu mənim həkimlik borcumdur, − dedi.
Ata tez telefonunu çıxarıb anaya zəng elədi, - Oğlumuzun barmaqları kəsilməyib! Başa düşdün, kəsilməyib. - Hə, hə, salamatdır. Salehin canı, düz deyirəm.
Çadır şəhərciyində
Hər tərəf qar idi. Ağ çadırlar ağ qarın arasında çətinliklə seçilirdi. Bütün çadırlardan soba tüstüsü çıxırdı. Böyüklər üçün belə bir görüntü ürək ağrısı idisə, uşaqlar üçün çox maraqlı idi. Çadırdakı uşaqlar qartopu oynamaq üçün bayıra çıxmışdılar. Kimin əlcəyi yox idisə, yardım çadırına girir, ordan özünə əlcək götürürdü.
Ayşən çadır şəhərciyində Salehi görəndə elə sevindi ki... Qaçıb onu qucaqladı. Yavaşca ona “zəhləmgetmiş” də dedi. Saleh balaca qızın qəribə zarafatından incimədi. O da Ayşəni qucaqladı. Hər ikisi sevindi. Saleh soruşdu:
- Dizlərin necədir? Hələ sarğını açmırlar?
- Yaxşıdır. Bazar günü sarğısını açacaqlar.
- Əlcəyi çıxart, barmaqlarına baxım, sağalıb?
- Hə, işlədə bilirəm. sağalıblar. Bir az soyuq olanda elə bil gizildəyirlər, sonra keçib gedir. - Belə deyə-deyə Saleh əlcəklərini çıxartdı, barmaqlarını Ayşənə göstərdi. Ayşən Salehin barmaqlarına baxanda çox pis oldu. Barmaqların uc ətləri kəsilmişdi deyə, bir neçə barmağının ucu əyri-üyrü görünürdü.
Ayşəndə "qaranlıq dünya"da olduğu kimi yenə elə bir istək yarandı ki, minnətdarlıq əlaməti olaraq tutub Salehin hər iki əlindən öpsün. Amma qızcığaz həm utandı, həm də qorxdu ki, Saleh bundan inciyər. Saleh Ayşənin duruxduğunu görüb onu sakitləşdirdi:
- Həkim dedi, bir neçə aya barmaqlarımın uclarındakı ətlər hamarlaşacaq. - Saleh belə deyib əlcəklərini geydi.
- Nə yaxşı olar... - Deyib Ayşən iki əli ilə Salehin barmaqlarını balaca ovcuna aldı. Saleh demişdi, barmaqlarıma soyuq olanda gizildəyir. Ona görə Ayşən istədi az da olsa Salehin barmaqları isinsin. Saleh bunu başa düşüb gülümsədi. Birdən Ayşən Salehin əlindən dartıb sevincək dedi:
- Gedək çadırlara baxaq, axtaraq görək, Əsmagilin çadırı hansıdır?
Saleh səsi titrəyə-titrəyə dedi:
- Neynirsən Əsmanı, axtarmayaq onu.
Belə deyəndə Ayşən təəccübləndi. Fikirləşdi, yəqin Salehin Əsmadan xoşu gəlmir. Amma Əsma üçün çox darıxdığından əl çəkmədi:
- Yox, yox, gedək, tapaq. Əsma üçün darıxmışam. Həm də soruşum, atası, anası onun ad gününə “Pijamaskalılar”ın çantasını alacaqdılar, aldılar?
Saleh başını aşağı salanda Ayşən gördü ki, dostunun gözündən yaş düşdü.
Ayşən duruxdu, susdu, daha danışmadı. “Niyə ağlayırsan” da, deyib soruşmadı. Başa düşdü ki, Saleh niyə ağladı. "Qaranlıq dünya"da olanda Saleh Ayşənə demişdi, “Mən böyüdüm, sən də böyü”, Ayşən də böyümüşdü. İndi o, hər şeyi başa düşürdü.
Mən Kahramanmaraşda qalmaq istəyirəm.
Atası yemək zamanı Ayşənin bikef olduğunu görüb dedi:
- Ayşən, indi zəlzələyə görə xəstə çoxdur, inşallah salamatçılıq olar, xəstələr də azalar, arzu etdiyin kimi Bakıya qayıdarıq.
- Hə, qızım, burda darıxırsansa, gedərik! − Ana da dedi.
- Mənə görə getmək istəyirsiz Bakıya? − Ayşən sual dolu baxışlarla həm atasına, həm də anasına baxıb soruşdu.
- Əlbəttə, sənə görə. Həmişə deyirdin Bakını istəyirsən. Orda dostların qalıb. − Ana belə deyib Ayşənin başını tumarladı.
- Əgər mən desəm qalmaq istəyirəm burda, onda getməyəcəksiniz Bakıya?
- Biz sənə görə getmək istəyirdik ki, burda darıxırsan. Qaşqabaqlı gəzirsən, − Ata təəccüblə dedi.
Ayşən bir az susdu, fikrə getdi, sonra yalvarış dolu baxışlarla əvvəl atasına, sonra anasına baxıb dedi:
- Ata, ana, nə olar, xahiş edirəm sizdən, heç yerə getməyək. Mən Kahramanmaraşda qalmaq istəyirəm...