Dənizkənarı parka
Gəldi iki qurbağa.
Boyları bapbalaca,
Biri birindən qoca.
Baxdılar təbiətə,
Başladılar söhbətə.
Keçmişdən danışdılar,
Qur-qur quruldaşdılar.
Qurb Ağa:
- Yadında, Qur-qur Ağa,
Gedərdik güllü bağa
Qara moruq yığmağa,
Gizlənpaç oynamağa?
Qur-qur Ağa:
- Bağa səs-küy salardıq
Qur-qur quruldaşardıq
Çəyirtkə ovlayanda,
«Qur-qur-qur» oxuyardıq!
Qurb Ağa:
- Atılardıq, düşərdik,
Yarpaqdan sürüşərdik,
Qoruqçu gələn kimi
Tez qaçıb gizlənərdik.
Qur-qur Ağa:
- Dırmaşardıq qayaya
Tullanardıq düz çaya
Nənəmiz hirslənərdi,
«Evə gəlin», deyərdi.
Qurb Ağa:
- Müəllimimiz Tısb Ağa
Bizdən şikayətlənərdi.
«Qovun onları getsin!»,
Direktora deyərdi.
Qur-qur Ağa:
- Yadımdadı, bir dəfə
Gölə düşdü zürafə.
Onda nə qədər güldük,
Səbəbsiz, düşük-düşük…
Qurb Ağa:
- Ürəkdən şənlənərdik
Kədər nədi bilməzdik
Biri bir söz deməmiş
Uğunardıq gedərdik.
Qur-qur Ağa:
- Bəs yadında yarışda
Siçanı necə ötdük?
Siçan cığallıq etdi
Onu yaxşıca döydük.
Qurb Ağa:
- Yadında, Qur-qur Ağa,
Çayda sulaşmağımız?..
Ağacdan bir tut düşəndə
Onu göydə tutmağımız?
Qurb Ağa:
- Yaman möhkəm dost idik,
Qur-qur Ağa:
- Heç vaxt ayrı gəzməzdik.
Bir-birimizdən ayrı,
Bir tikə də yeməzdik!