Sehrli Qız

Müəllif: Gülzar İbrahimova

Bu gün Nigar ilk dəfə məktəbə gedəcəkdi. Elə sevinirdi ki... Amma tərslikdən babası xəstələndi, ona

görə də anası onu məktəbə apara bilmədi. Nigar məktəbə tək getməli oldu.

Məktəb yaxınlıqda yerləşsə də, ana bərk-bərk tapşırdı:

- Yolu keçəndə ehtiyatlı ol, ayağının altına bax!

Nigar anası deyən kimi elədi. Yolu ehtiyatla keçib, məktəbə tərəf getdi. Birdən yaxınlıqda bir maşın

qəfildən əyləci basdı. Sürücü maşını yavaş-yavaş saxlayıb, qızdan soruşdu:

- Deyəsən maşının qabağından heyvan keçdi, gör o nədir? 

Nigar cavab vermək əvəzinə, əyilib maşının təkərinin düz qarşısından keçən kirpini əlinə götürdü.

Sürücü qızın təkərin altına girdiyini görüb, maşından düşüb hirslə uşağa qışqırdı:

- Neyləyirsən, qız, təkərin altına niyə girirsən?

                                           

Nigar əlindəki kirpini sürücüyə göstərdi:

- Əmi, mən sizə cavab verənə qədər bu kirpi təkərin altında qalacaqdı.

- Xatakar qız! Bir kirpidən ötəri maşının altına atılarlar? Günah səndə deyil e, səni kiçik yaşda tək həyətə buraxandadır!

Nigarın “kiçik” sözündən xoşu gəlmədi:

- Mən kiçik deyiləm, məktəbliyəm.

- Neçənci sinifdə oxuyursan?

- Birdə!

- Necə yəni "birdə"?

- Birdə də!

Sürücü o qədər güldü ki... Sonra da dedi:

- Hələ bir gün məktəbə getməmisən, deyirsən, “məktəbliyəm”! Sən ki bapbalacasan!

Sürücü elə bil onu qəsdən hirsləndirir, özü isə qəsdən gülürdü. 

Nigar hirslə çantasını açdı, kirpini çantasına qoydu. Daha ona “bapbalaca” deyən əmi ilə danışmaq istəməyib, yoluna davam elədi. Əmi isə maşına oturmaq

istəyəndə baxdı ki, təkərlərin dördü də boşalıb. Bu, lap möcüzə idi. Təkərin dördü də birdən partlamış və boşalmışdı.

Nigar məktəbdə çantasını açıq qoyanda, kirpi çantadan çıxıb, sinifdə gəzməyə başladı. O, qorxa-qorxa kirpini götürüb, çantasına qoydu. Bu vaxt kirpinin

tikanından biri yerə düşdü. Nigar onu götürüb, pəncərədəki torpaqla dolu olan dibçək qabına tökdü. 

Səhərisi gün sinifdə hamı məəttəl qaldı. Dibçəkdə qələm hündürlüyündə kaktus bitmişdi. Müəllim soruşdu:

- Bunu sinifə kim gətirib?

Heç kəs cavab verə bilmədi.

Kaktusun iynə kimi uzun, iti tikanları var idi. Nigarın saçları qıvrım və qalın idi. Boyu balaca idi deyə, sırada axırda dururdu. Hamıdan balaca olsa da, çətinə

düşənə həmişə kömək eləmək istəyirdi. 

Nigarın çantasındakı kirpini görən Orxan ona dedi:

- Sən özün kirpiyə oxşayırsan, çantanda da kirpi gəzdirirsən!

                                              

- Kirpini dünən təkərin altından xilas eləmişdim.

Orxan onu eşitmək istəmir, cırnadırdı: 

- Kirpi, kirpi, sən kirpisən! 

Bu vaxt qəribə bir hadisə baş verdi, Orxanın üzünə neçə yerdən tikan girdi. O, qışqırmağa başladı. Müəllimə

Orxanı tibb  məntəqəsinə apardı. Həkim tikanları Orxanın üzündən çıxarıb, yerinə yod çəkdi, özünə də

tapşırdı:

- Kaktusa yaxın düşmə! Bu, kaktus tikanlarıdır.

- Mən kaktusa yaxın düşməmişəm! 

Əlbəttə Orxana inanmadılar. 

Bir neçə gündən sonra, Nigarın yanından keçən bir qızın ayağı yerdəki çantaya ilişib yıxılanda qışqırdı: 

- Nigar, niyə çantanı ortaya qoymusan, görürsən yıxıldım? ‒ Bunu

demişdi ki, birdən həmin qızın dilinə nəsə batdı, qışqıra-qışqıra

qaldı. Həkim onun dilindən kaktus tikanını çıxardanda, müəllimədən

soruşdu:  

- Sinifdə kaktus var?

- Var!

- Olmaz ki onu atasınız getsin? İki gündən bir kaktusun tikanı bir uşağa batır.

- Atarıq atmağına. Amma bu, heç də inandırıcı deyil. Kaktusun tikanlarının uşağın dilində nə işi var?

- Məndən demək, özünüz bilin!

Bir gün elə bir hadisə baş verdi ki, artıq bütün sinif uşaqları, hətta müəllimə də Nigarın sehrli olduğuna inandı və kaktusu

sinifdən bayıra atdılar. Hadisə belə olmuşdu.  

Nihad tənəffüsdə arxadan Nigarın saçına bir neçə yerdən xırda kağızlar atdı. Nigarın da saçları pırpız və qalın olduğundan, elə

saçında qaldı. Nigar dərs danışmağa çıxanda hamı ona güldü. Müəllim bunu görüb hirsləndi:

                                            

- Kağızları Nigarın saçına kim atıb?

Heç kəs cavab vermədi. Bu vaxt Nihad yerindən dik qalxıb qışqırdı: 

- Amaaan! 

- Sən atmısan, Nihad? ‒ Müəllim soruşdu.

- Yooox...

- Bəs niyə durmusan ayağa?

- Müəllim, aşağıdan, stoldan altıma tikan batdı. 

- Necə tikan batdı? Üç dərs oturmusan, heç nə batmayıb, dördüncü dərs tikan batdı?

Nihad arxasını tutub qışqırmağa davam elədi:

- Öldüm, kömək ediin!

Onu həkimə aparanda, məsələ böyüyüb direktora qədər gedib çatdı. Direktor həkimə qulaq asandan sonra, hirslə

Nigargilin sinfinə gəldi. Pəncərədən kaktusu götürüb, nəzakətləmüəlliməyə dedi:

- Müəllim, etiraz etmirsinizsə, bu kaktusu mən götürüm?

- Götürün! 

Həmin kaktusu aparıb məktəbin həyətində basdırdılar. Böyüyüb nə boyda oldu. Amma o, öz tikanları ilə həmişə Nigarı

müdafiə eləyirdi. Qəribə idi, Nigar məktəbi qurtarana kimi o qədər uşağın əlinə-üzünə, qarnına kaktus tikanı batdı ki... 

Müəllimlərdən də kimsə Nigarla kobud danışan kimi, dilinə kaktus tikanı batırdı.

Nigar bir az böyüyəndən sonra başa düşdü ki, bütün bunlar o, ilk dəfə məktəbə gedəndə maşın altından xilas elədiyi

həmin sehrli kirpinin işidir. Nigar kirpini meşə yoluna buraxmışdı. Amma kirpinin sehri həmişəlik Nigarda qalmışdı. Qıza

kim pislik eləyirdi, həmin an qışqırırdı: “Kömək eləyin öldüm!”