Ən qiymətli nemət

Müəllif: Gülzar İbrahimova

Biri var idi, biri yox idi, Sərraf adlı tənbəl bir oğlan var idi. Ata-anası nə qədər ki, sağ idi, heç nədən korluq çəkmirdi, elə ki, onlar öldü, oğlan yeməyə yavan çörək belə tapmadı. Bir-iki gün qonşulardan çörək alıb yedi. İşləmək istəmədi. Qonşu Məhəmməd kişi ona öyüd verdi:

- Cavan oğlansan, bir tikə çörəkdən ötrü başqasına möhtac olma. İşlə, öz əllərinə möhtac ol!

Sərraf bikef-bikef dilləndi:

- Pul qazanana qədər ac qalım? Ata-anam sağ olanda mənimlə belə danışmırdınız. İndi yetim qalmışam, belə deyirsiniz. Heç kəs mənə kömək eləmək istəmir. Lazım deyil mənə sizin çörəyiniz, gedib başqalarından alaram.

Sərraf başladı bütün günü gəzib yemək axtarmağa. Acanda qapıları döyüb çörək istədi. Onu sağlam görən qapıdan qovdu, çörək vermədi.

Bir gün Sərraf axşama qədər gəzdi, ona bir tikə çörək verən olmadı. Gördü acından qarnı doğranır, qarnını qucaqlayıb, ağlamağa başladı. Bu vaxt bir ağ saçlı, ağ saqqallı, ağ libaslı, nurani bir kişi Sərrafa yaxınlaşıb soruşdu:

- Kişi ağlamaz, səni ağladan nədir? Sirr deyilsə de, bəlkə çarə tapdıq.

Sərraf ağlaya-ağlaya dərdini qocaya danışdı. Nurani qoca Sərrafın halına acıdı:

- Yazıq uşaq, mən də yeniyetmə olanda sənin kimi idim. Kimə ağız açırdım, bir tikə çörək üçün, hərə bir söz deyirdi. Biri deyirdi, “əlin ayağın sağ-salamat, mən niyə ruzimi sənə verməliyəm?” Başqa biri deyirdi, “ağlın başında, görən gözün, mən niyə sənə çörək verim?”. Belə-belə çox ac qaldım, axırda əlacsız qalıb iş-güc öyrəndim.

Sərraf gördü qoca onun halına acıyır, ürəyini ona açdı:

- Əlbəttə, mənə də uşaqlıqdan hər iş öyrətsəydilər, indi işləyərdim, pul qazanardım. Ata-anam hər şeyi özləri eləyib, mənə iş öyrətməyiblər.

- Mən sənə kömək edərəm, ac qalmarsan. Amma gərək mən deyəni edəsən!

- Edərəm, bircə ac qalmayım!

- Gedərsən qoşun başçısının yanına. Deyərsən məni əmin göndərib ki, döyüşçü götürəsən və hər şeyi öyrədəsən.

Sərraf tez dilləndi:

- Nə danışırsan, ay baba? Mənim gücüm var döyüşüm? Neçə gündür acam. Kimnən döyüşsəm məni götürüb vurar yerə. Orda canım çıxar. Məndən döyüşçü çıxmaz, başqa iş tap!

Qoca bir az fikirləşib dedi:

- Onda gedərsən qazinin yanına, deyərsən məni baban göndərib. Onun qoyun sürüsü var, sürüyə çoban axtarırdı. Səni götürər çobanlığa, işin olar.

- Bu iş də mənlik deyil. Evlənəndə mənə yaxşı qız gəlməz. Deyər, çobansan.

Nurani kişi səbrlə Sərrafı başa saldı:

- Başqa əlacın yoxdur, onda acından öləcəksən. 

Sərraf acından ölməkdən qorxub razılaşdı. Getdi qazinin yanına. Qoca dediklərini qaziyə dedi. Qazi oğlanı yedirtdi, içirtdi, aparıb heyvanların arxac yerini, yəni qoyunların yatdığı yeri göstərdi ki, sübh tezdən Sərraf heyvanları otarmağa aparsın. Heybəsinə də yemək qoydurdu ki, səhər ac qalmasın.

Sərraf gecə yatdı. Bir vədə oyandı ki, günorta olub, qazi işdən günorta namazına qayıdıb. Heyvanlar da qalıblar ac-susuz, mələşə-mələşə. Qazi hirslənsə də heç nə demədi. Sərraf durub yeməyini yedi, heybəsini çiyninə saldı, heyvanları qabağına qatıb yuxulu-yuxulu otarmağa apardı. 

Çatdı böyük bir çəmənliyə. Gün başına döymüşdü deyə, kölgəlik tapıb uzandı. Ac heyvanlar dayanmadan otlamağa başladılar. Bir azdan Sərrafı yuxu tutdu.  Bir də səsə ayıldı ki, canavarlar qoyunlara hücum edib. Sərraf ayağa duran kimi canavarlar çobanı görüb sürüdən əl çəkdilər. Amma qoyunların neçəsini yemişdilər.

Axşam tərəfi Sərraf sürünü həyətə gətirdi. Qazi qoyunları sayıb gördü heyvanlardan düz on dördü əksikdir. Sərrafı o qovan qovdu... 

O, yenə başladı ət kəsənlərdən, çörək bişirənlərdən, şirni satanlardan yemək istəməyə. Amma heç kim ona heç nə vermədi. “Elə bil camaatın ürəyi daşdandır!”, − deyə, Sərraf fikirləşdi. Acından qarnı sancılandı. Axşam düşmüşdü. Yenə də gəlib üç gün əvvəl qoca ilə rastlaşdığı yerdə oturdu ki, bəlkə sancısı kəsə. Bu vaxt yenə qoca gəldi:

- Neyləyirsən burda?

Sərraf olanları qocaya danışıb qazini günahkar elədi:

- Qazi adam yola verən deyil, heç nəyin üstündə məni qovdu. Acından ölürəm, baba, mənə kömək elə!

- Qoca mənalı-mənalı gülümsündü, o hər şeydən xəbərdar idi. Dedi:

- Mən daha sənə kömək edə bilmərəm.

- Neyləyim, dilənçilik edim?

- Özün bil!

- Elə bilirsən dilənməmişəm? Acından sancılananda dilənmişəm, amma heç nə verməyib, qovublar. Camaatın ürəyi daşlaşıb. Adama çörək verməkdən, qovurlar! Hamı deyir, "şikəst olsaydın, sənə pul verərdik. Bizim kimi sağlam canın, əlin-ayağın, görən gözün, get özün pul qazan!"

- Onu düz deyirlər, − qoca belə deyəndə Sərraf ağlamsınıb onu dilə tutmaq istədi:

- Mən iş öyrənəcəyəm. Amma iş öyrənənə qədər qoy sənin varlı qohumların mənə bir az pul versinlər, acından ölməyim, nə olar?!

Qocanın səbri tükənsə də, Sərrafı başa salmaq istədi:

- Hər kəs zəhmətilə özünə çörək qazanar. Kimsənin varına göz dikmə!

Sərraf acığını qocaya tökdü:

- Məsləhətindən belə başa düşürəm ki, acından ölməliyəm. Tanrı məni şikəst eləsəydi, mənə də bir
tikə çörək verərdilər.

Nurani qoca rəhmsiz bir görkəm aldı:

- Bu heç də çətin deyil! Sehr oxuyub səni şikəst edə bilərəm! Sən də asanlıqla çörək pulu qazanarsan. Kimsə bir tikəsini səndən əsirgəməz. 

Sərraf eşitdiyinə inanmadı:

- Sehr bilirsənsə, mənə çoxlu var-dövlət ver. Şikəst niyə edirsən, ürəyin daşdır?

Qoca dilləndi:

- Sən dünyada ən qiymətli nemət olan can sağlığının qədrini bilmirsən. Tanrıdan şikəstlik istəyirsən. Mən həyatı sənə başa salmaq üçün bu arzunu yerinə yetirərəm.

Sərraf qocanı yoxlamaq istədi:

- Can sağlığı ən qiymətli nemət olsaydı, mən indi hamıdan dövlətli olardım. Lazım deyil mənə belə qiymətli nemət! Mən acından öləndən sonra o sağlamlığın mənim üçün heç bir qiyməti yoxdur! Şikəst olum, amma bir tikə çörəyim olsun. Əgər sən doğrudan da sehrlisənsə, onda mənim baş barmağımı yox elə! Amma birdən peşman olsam, barmağımı təzədən mənə qaytara bilərsən?

Qoca Sərrafı başa sala bilmədiyinə təəsüflənib dedi:

- Əlbəttə! Nə vaxt peşman olsan, gələrsən, barmağını yerinə qaytararam.

Sonra qoca oğlanın baş barmağını torpağa basdırıb dua oxudu və bərkdən dedi:

- Sərrafın baş barmağını özündən qabaq sənə göndərirəm, ac torpaq! Ac torpaq! Ac torpaq! 

Bu vaxt hər tərəfə zülmət qaranlıq çökdü. Ayın üzü tutuldu, yer titrədi. Sərraf elə bildi zəlzələdi. İstədi əlini torpaqdan çıxardıb qaçsın, birdən hər şey əvvəlki kimi oldu. Ayın üzü açıldı. Yerin titrəməsi dayandı. Sərraf görəndə baş barmağı yoxdur, qorxudan qışqırdı. Sonra fikirləşdi, “neyləyir bir barmağı? Əvəzində nə istəsə verəcəklər!”.

- Sağ ol baba, indi mənim həmişə çörəyim olacaq, − Sərraf qocaya belə deyib bazara qaçdı.

Bazarın yaxınlığında dülgər emalatxanası vardı. Emalatxanaya girib ustadan pul istədi. Dülgər ona baxıb dedi:

- Oğlan, əlin-ayağın yerində, niyə sənə pul verməliyəm? Get, zəhmət çək, çörək pulunu özün qazan!

Sərraf şəstlə, olmayan barmağını dülgərə göstərib dedi:

- Barmağımı görsən, heç vaxt belə danışmazsan! 

Dülgər əlindəki taxtanı yerə qoyub əlini açdı. Sərraf gördü ki, dülgərin iki barmağı yoxdur, dedi:

- Bəs sən niyə şikəst əllə işləyirsən?

- Cavanlıqdan bu sənəti öyrənmişəm, indi də sənin kimi bir parça çörəkdən ötrü heç kəsə boyun əymirəm. Buna görə də Tanrıma şükür edirəm. 

Sərraf ordan çıxıb düz qocanın yanına qayıdıb dedi:

- Yenə sədəqə vermirlər. Qollarımı şikəst elə, bəlkə qarın dolusu yemək verələr.

Qoca elə bil Sərrafın bu sözünə bənd idi. Oğlana dedi:

- Torpağı qaz, qollarını çiynindən aşağı torpağa basdır!

Elə ki, Sərraf qoca deyəni elədi, o, vahiməli səslə dua oxuyub dedi:

- Sərrafın qollarını özündən qabaq sənə göndərirəm, ac torpaq! Ac torpaq!

Bu vaxt yenə hər tərəfə qaranlıq çökdü. Sərraf belini dikəldəndə gördü qolları daşa dönü. Ona bir tikə çörək vermədiklərinə görə hamıya qarğış elədi. 

Sərraf kefsiz-kefsiz bazara yollandı. Bazardakılar gördü ki, iki qolundan şikəst bir oğlan gəlir, halına acıdılar. Gətirib çoxlu nəzir-niyaz verdilər. Amma Sərrafın əlləri olmadığından onları nə götürə bildi, nə apara bildi, nə də yeyə bildi. Qaldı baxa-baxa. Yaxınlaşdı bal-yağ satana. Bal-yağ satan gördü şikəst gəlib yanına, tez bir dolu kasa balla-yağı qarışdırıb qoydu Sərrafın qabağına. O, başını uzadıb ağzı ilə bal-yağı yaladı. Bütün ağzı, burnu bala batdı. Qarnı doyandan sonra kefi kökəldi.

Bazardan çıxdı, üz tutdu evlərinə tərəf. Balın ətrinə gələn arılar yolda başladılar Sərrafın ağız-burnunu yalamağa. 

Oğlan da başını tez-tez o yan-bu yana tərpətdi ki, arılar onu sancmasın. Qəzəblənmiş arılar Sərrafı o ki var, sancdılar. Üz-gözündə salamat yer qoymadılar. Başsız oğlan qollarının, əllərinin qədrini indi bildi. Üz-gözü elə şişdi, gözləri ayağının altını güclə gördü.

Təzədən gözlərinin yaşını tökə-tökə gəldi qocanın yanına. Qoca oğlanı bu gündə görəndə dözmədi:

- Tənbəlliyin gör səni nə günə qoydu, oğlan?! İndi nə istəyirsən, niyə gəlmisən?

- Baba, qoldan şikəst olmaq istəmirəm. Əllərim yoxdur deyə mənə verilən nəzirləri nə daşıya bilirəm, nə də yeyə bilirəm. Qollarımı geri qaytar, onun yerinə ayaqlarımdan şikəst olum. Onda heç olmasa tapdığımı yeyə bilərəm. 

Qoca oğlanın dediklərinə əməl elədi. Oğlanın ayaqları şikəst oldu. Şikəst Sərraf iki ağac tapıb özünə qoltuq ağacı elədi. Özünü birtəhər evlərinə çatdırdı.

Gecəni yatdı. Səhər ertədən durdu ki, gedib bazarda firnidən, xəşildən, bal-yağdan doyunca yesin. Təzəcə bazara çatmışdı, hay-küy düşdü ki, kəndə sel gəlir. Qaçhaqaç başlandı. Bazardakılar qaçıb canlarını qurtardılar. Sərrafın isə qoltuq ağaclarını sel apardı. Hər yanı palçıqlı su basdı.

Oğlan indi sağ ayaqlarının qədrini bildi. Amma gec idi. Sehrli qoca da yanında deyildi ki, ona kömək eləyə. Suyun içərisində çabalamağa, bərkdən qışqırıb köməyə çağırmağa başladı. Kimsə onun səsini eşitmədi, dadına yetişmədi. Hamının başı özünə qarışmışdı. 

Sel-su o qədər çoxaldı ki, oğlanın boğazına qədər çıxdı.

Sərraf üç gün boğazına qədər palçıqlı suyun içərisində qaldı. Fikirləşdi ki, daha son nəfəsidir, Allaha yalvarmağa başladı:

- Allah, keç günahımdan, sağ canımın qədrini bilmədiyimə, bir qarın yeməkdən ötrü özümü salamat ikən şikəst elədiyimə görə.

Bir də oğlan gördü ki, su get-gedə azaldı. Su azalan kimi camaat bazara qayıtdı. Şikəst oğlanı suyun içərisində görəndə halına acıdılar. Ona çoxlu yemək, pul, nəzir verdilər. Sərraf dülgərin ona düzəltdiyi qoltuq ağacından başqa heç nə götürmədi. Çətinliklə də olsa qoca ilə rastlaşdığı yerə gəldi. Qoca elə bil oğlanı gözləyirdi:

- İndi haranın şikəst olmasını istəyirsən? İstəyirsən gözlərindən bimar edim səni? Onda sənə daha çox sədəqə verərlər. Bazara da getməyin lazım olmaz. Gətirib hər şeyi evində verərlər. Hamıdan çox yeyərsən.

Sərraf şikəstliyin nə olduğunu başa düşdü. Ona görə də qocanın sözünü kəsdi:

- Yox baba, mənim sağlam canımı, sağlam ayaqlarımı mənə qaytar, daha mənə heç nə lazım deyil. Öz çörəyimi özüm qazanaram. İndi başa düşmüşəm ki, ən qiymətli nemət doğrudan da canın sağlamlığıdır.

Nurani qoca başa düşdü ki, sehri Sərrafı ağıllandırıb, dedi:

- Torpaq, ac torpaq, qaytar Sərrafın ayaqlarını, qaytar!

Yer titrədi, Günəşin üzünü qara buludlar aldı, çox keçmədi yer sakitləşdi, Günəşin üzü açıldı.

Sərraf sap-sağlam ayağa qalxıb nurani qocaya təşəkkür elədi:

- Sağ ol, nurani baba! Sehrlərinlə hər şeyi mənə başa saldın. Başa saldın ki, dünyada əh qiymətli nemət can sağlığıdır! 

Belə deyib yola düzəldi, düz getdi meşəyə. Əlləri tikanlı kollara ilişə-ilişə çoxlu, moruq yığdı. Aparıb bazarda satdı. Əlinə pul gəldi. Sevinci yerə-göyə sığmadı. O gündən tənbəlliyin daşını atdı. Dülgərlik peşəsini öyrəndi. Hər əlinə zəhmətinin haqqı dəyəndə əllərini göyə tutub Tanrıya dua elədi. 

Ona bəxş elədiyi ən qiymətli nemətə ‒ sağlamlığa və verdiyi ruziyə görə. 

Sərraf arzusuna çatdı, biz də istəklərimizə çataq. Nağlımız da qoy elə burdaca sona çatsın! Biz də səninlə bir yerdə dua edək Tanrıya, bizə verdiyi əqlə, zəkaya, bir də sağlam cana görə. "Şükür, sənə, Yaradan, bizə hədiyyə etdiyin bütün nemətlərə görə", ‒ deyək!..