Cığal baba

Müəllif: Gülzar İbrahimova

Müəllif: Gülzar İbrahimova

Biri var idi, biri yox idi, bir baba vardı. Baba çox babalar kimi kənddə yaşayır, nəvəsi Şəbnəm üçün darıxırdı. Şəbnəm babasını həm çox istəyirdi, həm də qatarla kəndə getməkdən zövq alırdı. Babası üçün darıxan kimi  ciy-ciy səsi ilə qışqırır, “Mən babam üçün dayıxmısam!” - deyib ağlayırdı.

 Belə vaxtlarda ata-anası səsini kəsmək üçün onu kəndə aparacaqlarına söz verirdilər. 

 Bir gün yenə ata, ana Şəbnəm kəndə gəldilər. Baba nəvəsinin gəlişinə çox sevindi. Axşamçağı ata dedi:

- Hazırlaşın, yola düşürük.

Şəbnəm ciy səslə ağladı:

 - Cetmiyəm, baba ilə qalmaq istiyiyəm!

Dedilər:

- Olmaz.

Babanın, nəvənin küsdüyünü görən ata-ana Şəbnəmə bir neçə günlüyə babanın yanında qalmağa icazə verdilər:

 - Bax, ha, babaya əziyyət vermə!

Elə birinci gündən kənd macəraları başlandı. Gecəyarı Şəbnəmin qışqırtısı gəldi. Qızın səsi elə nazik və elə güclü idi ki, o qışqıranda, elə bil, fişəng partlıyırdı.

- Ay babaaaaa!..

Baba səsə dik atılıb, nəvəsi yatan otağa qaçdı:

- Can bala, nə oldu sənə?

- Pəncəyədə canavay vay, səsi gəliy!

Baba diqqətlə pəncərəyə baxanda orda balaca, qara böcək gördü. Onu qovub Şəbnəmı sakitləşdirdi:

 - Canavar-zad yoxdu, yat!

                    

Tezdən Şəbnəm səhər  yeməyi  yeyəndə baba evdən bir az aralı, yuxarı bağda iş görürdü. O, birdən Şəbnəmin ciy səsini eşidib qorxdu. Evə tərəf qaçdı. Gördü, Şəbnəm başını pəncərədən çıxarıb qışqırır:

- Ay baba, haydasan? Evə ayı cilib!

Baba qorxdu: “Vay evim yıxıldı, uşağı ayı parçalayacaq!”.

Baba qapıdakı dəryazı qapıb evə girdi. Ayını görməyəndə soruşdu:

- Hanı ayı?

Şəbnəm gözünün yaşını silə-silə dedi:

- O de, baba, cöymüysən, balqabının üstündə dayanıb, bal yeyiy! Saya da biliyəm, içi dənədi.

Baba həyəcandan az qaldı yıxılsın. Səsə yenə qonşular gəlmişdilər. Ona su verıb sakitləşdirdilər. Baba bir azdan Şəbnəmin ciy-ciy qışqırtısını eşitdi:

- Baba, çöməç elə, cölə düsdüm...

Bu dəfə baba əvvəlkindən də çox qorxdu. Çünki evin yanından çay axırdı. Baba elə bildi uşaq çaya düşüb. Səs gələn səmtə qaçanda, gördü ki, Şəbnəm yağışdan sonra əmələ gəlmiş balaca gölməçəyə girib. Azca ayaqqabısı islanıb. Hay da salıb ki, gölə düşmüşəm.

Şəbnəm bütün günü heç nədən hay-küy salır, bərkdən qışqırıb babanı qorxudurdu. Baba qaçmaqdan lap heydən düşmüşdü.

Şəbnəm bekar durmurdu. Axşamçağı baba Şəbnəmi axtardı ki, bir yerdə yemək yesinlər:

- Ay Şəbnəm, hardasan?

Amma yazıq qoca nə qədər axtardı, tapa bilmədi ki, bilmədi. Qonşular da axtardılar. Cünki baba yorulmuşdu. Birdən anbar tərəfdən səs gəldi:

                   

                        

- Baba, mən buydayam, məni tapa biymədin!..

Baba çox hirsləndi, amma nəvəsini çox istədiyindən bir söz demədi.  Yığışdı ki, şəhərə yollansın. Şəbnəm ağladı:

- Baba, nə olay, məni səhəyə apayma! Mən cizlənməyəm, cözümü yumayam, sən cizlənəysən!

Baba güldü, hirsi soyudu. Baba-nəvə yeməklərini yeyib, sonra gizlənpaç oynadılar. Şəbnəm gizlənpaç oynamağı xoşlayırdı. Gah baba gizlənir, Şəbnəm onu tapır, gah da nəvə gizlənir, baba tapırdı. Baba yorulsa da, Şəbnəm yalvarırdı:

 - Baba, nə olay, biycə dəfə də gizlənək!    

Şəbnəm babanı o qədər yormuşdu ki, bir də buzovun səsini eşidəndə babanın yadına düşdü ki, buzovu otlaqdan gətirməyib.

- Vay, qoca başım, - deyib, bağa götürüldü.

Buzovun yanına çatanda gördü ki, buzov yerindədi, qarşısında da gözləri parıldayan canavar.

Yazıq buzov bağlıydı deyə, dartınır, qaçıb canavardan qurtula bilmirdi. Canavar  elə ağzını açırdı ki, buzovu yesin, bu vaxt lap yaxından Şəbnəmin ciy səsi gəldi: 

- Baba, səni tapdım, indi cözümü yumum, sən məni tap!

Şəbnəmin ciy səsi meşənin sakitliyində əks-səda verdi. Canavar bu səsdən elə hürkdü ki, buzovu yeməkdən vaz keçib, bir anda meşənin qaranlığında itdi. Buzov da elə qorxdu ki, ipini qırıb evə tərəf götürüldü. Yazıq baba qorxudan huşunu itirib, yerə yıxıldı.

                   

    Bir də səhər hava işıqlaşanda Şəbnəmın ağlamaq səsinə ayıldı. Ayılıb nə görsə yaxşıdır? Gördü meşədədir, başının üstündə Şəbnəm dayanıb ağlayır. Baba dedi:

  - Ağlama, gəl evə gedək!

  - Cetmiyəm, mən səndən çüsmüsəm!

 - Niyə küsmüsən?

- Sən cığalsan, cözüvü çoxlu yumdun, mən də çoxlu cizləndim, cəlib məni tapmadın!  

Baba indi başa düşdü ki, axşam canavarı görəndə qorxudan huşunu itirib, gecəni meşədə qalıblar. Olanları yadına salıb dəhşətə gəldi.

                      

 - Ay qoca başım, - deyib, qızı qucağına alıb, düz şəhərə qaçdı.