Danışan saqqız

Müəllif: Gülzar İbrahimova

Əvəz adlı balaca bir oğlan vardı. Bir gün Əvəz mağazadan saqqız aldı. Saqqızı axşama qədər çeynədi, axşam yatanda da qulağının dalına yapışdırıb yatdı ki, itməsin.

Bu, iki gün belə davam elədi. Üçüncü gün Əvəz yatanda səs eşitdi. Bilmədi səs hardan gəlir. Durub oturdu. O, əlini qulağına qoydu ki, səsin hansı tərəfdən gəldiyini yəqin eləsin. Əli toxundu qulağının dalındakı saqqıza, saqqız qopub düşdü yerə, diyirləndi çarpayının altına. Bu dəfə səs çarpayının altından gəldi. Durub işığı yandırdı ki, baxsın danışan kimdir... Əyilib baxdı, gördü yerdə balaca bir şey tərpənir. Əlinə götürüb gördü ki, üst-başı çirk içərisində, saçları pırtlaşıq, balaca bir kukladır, amma danışır. Soruşdu: 

- Sən kimsən?

- Saqqız! –Deyə, balaca, dəcəl qızlar kimi danışan Saqqız ciyildəyə-ciyildəyə danışmağa başladı.

- Saqqız da danışar?

- Danışmayım, neyləyim? Üç gündür sənin ağzındayam, məni çeynəyirsən, canıma o qədər mikrob dolub ki, hirsimdən az qalıram partlayam. Yekə oğlansan, bir dişlərini yu daaaa... Hələ bu azmış kimi, yatanda da məni yapışdırırsan çirkli qulağının dalına.

- Aynaya baxsan, görərsən çirkli kimdir!

- Məni, sən bu hala salmısan, pinti oğlan!

- Az danış, zəhlətökən Saqqız! –Deyib, Əvəz saqqızı yerə tulladı, üzünü çevirib yuxuya getdi. Saqqız isə deyinə-deyinə qaldı:

- Baxarıq kimdir “zəhlətökən”! 

Bundan sonra saqqız harda pis söz eşidirdi, tez-tez təkrar edir, Əvəz də öyrənirdi. Bütün bunları Əvəz yuxuda görürdü. Həqiqətdə isə, tamam başqa hadisələr baş verirdi.

Bir səhər Əvəz yuxudan oyanıb Saqqızdan eşitdiyi pis sözü təkrar elədi. Hamı dilxor oldu.

Nənə dedi:

- Narahat olmayın, uşaqdır, böyüyər, başa düşər, dilinə almaz! 

Sonralar Əvəz pis söz işlətdikcə, ağzındakı dişlər “bu dəhşətdir!”, deyib bir-bir laxlayıb çıxmağa başladılar. Əvəzin dili buna dözmədi:

- Balaca bir uşağın sözü ilə inciyib gedirsiniz. Bilmirsiniz bunun axırı necə qurtarar?

- O, bizi heç sayır ki?

- Ağzına gələni danışır, söyüş də söyür!

- Başa düşsə, danışmaz!

- Heç bizi gündə bir dəfə nədir, heç həftədə bir dəfə də olsun yuyub çimdirmir!

- Günlərlə fırçalanmamış qalırıq!

- Pis qoxudan bilmirik başımızı götürüb hara qaçaq?!...

Dil onları sakitləşdirməyə çalışdı:

- Vaay, mən sizi başa düşürəm, buna dözmək mümkün deyil, amma xahiş edirəm, birtəhər dözün, çıxıb getməyin, nə olar? Siz getsəniz mənə çətin olar, ac qalaram, yeməyi onda gərək mən bölüm, mənim buna gücüm çatar? Sonra pəltək kimi danışaram!

- Dözürdük ki, bəlkə özü bir gün səhvini başa düşər! Amma daha bəsdir!

Bu vaxt dişdibi mikroblar aranı qızışdırdılar:

- Əvəzə yaxşılıq yoxdur, çıxın gedin, sizə harda rahatdırsa, orda da yaşayın.

Dil mikroblara acıqlandı:

- Özünüz çıxıb gedin, dişlər öz köklərini atıb, heç yana getməli deyillər!

- Onlar getsə, bizim də yerimiz genişlənər. –Mikroblar dilləndi. 

Mübahisə uzanıb davaya çevrildi. Dil onları sakitləşdirə bilmədi. Dişlərdən bir neçəsi mikrobların köməyi ilə bir-bir laxlayıb, yerlərindən qopub gedirdilər. Dil gördü belə getsə, Əvəz dişsiz qalacaq, bütün damarlarını ayağa qaldırıb dişlərin arasına yığılmış mikrobları qovmağa başladı. Əvəzin ağzı elə şişdi ki, bir qaşıq su da boğazından keçmədi. Onu xəstəxanaya apardılar. Ağzına acı dərman tökdülər.

Şişmiş dilini, dişlərinin arasını dezinfeksiya eləyib bütün mikrobları məhv elədilər. 

Əvəz yeməklərə həsrətlə baxır, heç nə yeyə bilmirdi. Bir müddətdən sonra Əvəzin ağzı, dili, boğazı sağaldı. Amma həkim atanı-ananı xəbərdar elədi:

- Bir də belə olsa, Əvəz dişsiz qala bilər.  

Dişsiz qalmaq Əvəz üçün dəhşət idi.Ona görə də tamam dəyişdi: Pis söz danışmadı, köhnə saqqızlarla dostlaşmadı, dişlərini fırçalamamış yatmadı.

Az vaxtda inciyib getmiş dişlər yerlərinə qayıtdılar. Mikroblar heç yaxına da gəlmədi. Dil hər yanda elə danışdı ki, hamı ona heyran oldu. Nənə hər yanda Əvəzi tərifl ədi:

- Gördünüz, Əvəz necə oğlan oldu?!...

Daha heç vaxt danışan saqqız Əvəzin yuxusuna girmədi.