Qırmızıpapaqla Qırmızıyanağın nağılı

Müəllif: Gülzar İbrahimova

 

 

 

 

Bir göyçək, balaca qız var idi. Qızın adı olsa da, başına həmişə qırmızı papaq qoyduğundan, ona “Qırmızıpapaq” deyərdilər. Qırmızıpapaq həmişə bağa gələr, ağacdan alma dərib yeyər, kölgəsində oturub nağıl oxuyardı.

Belə belə o, ağacdakı bütün almaları yeyib qurtardı, birindən başqa. O bir alma elə hündürdə idi, əli çatmadı. Amma elə qırmızı yanaq, elə gözəl idi, Qırmızıpapaq ona baxdı, ağzı sulandı. Ağaca çıxdı dərsin, yenə əli çatmadı. Ondan sonra neçə gün Qırmızıyanaq Qırmızıpapağı görmədi.Amma hər gün Qırmızıpapağı gözləyirdi ki, gəlib onu da yesin. Qız gəlmirdi ki, gəlmirdi. Bir gün Qırmızıyanaq ağacda tək qalmaqdan darıxıb, düşdü yerə. Ordan da sürüşdü, sürüşdü, çaya düşdü. Çayda oxuya-oxuya üzməyə başladı:

- Toppuş, qəşəng almayam,

Yeməliyəm, dadlıyam.

Ağacda darıxmışam,

Düşüb yerə qaçmışam.

Çoxlu nağıl bilirəm,

Hər şeyi öyrənirəm!

Çayda qəşəng üzürəm,

Özümə dost gəzirəm!

Qırmızıyanaq oxuya-oxuya üzürdü, bir timsaha rast gəldi. Timsah sevincək dedi:

- Ay Qırmızıyanaq! Sevindim, səninlə rastlaşdım! Gəl, dost olaq!

- Olaq! Amma de, kimsən? Kiminlə dost oluram? 

- Timsaham! Qorxulu, vəhşi timsah! Hər kəs məndən qorxur. Dərim elə bahalıdır, ən bahalı çantalar mənim dərimdən hazırlanır!

- Ən bahalı şeylər paxıl və görməmişlər üçündür. 

- Sən bunları hardan öyrənmisən?

- Mənim bir dostum var, Qırmızıpapaq. Həmişə ağacın altında bərkdən kitab oxuyardı, mən də eşidərdim. Ondan öyrənmişəm!

- Nə əcəb səni yeməyib? Bu yerdə alma bikef oldu:

- İstəyirdi yesin, əli çatmadı dərsin. Gərək onda özüm ağacdan düşəydim. Deyəsən məndən küsüb gedib, indi onu axtarıram!  

- Ləzzətli almaya oxşayırsan, gəl, mən səni yeyim!

- Yox, vəhşiyə, xeyirsizə yem olmaram! Sənin xeyirin azdır. Üstəlik qorxulusan, camaatı qorxudursan! Bizimki tutmaz! Məni yesən, heyif olaram! Getdim! 

Timsah hirslənib quyruğunu suya çırpdı. Şığıdı almanın üstünə, onu yesin, alma bir anda “hop” elə-yib kənara tullandı. Timsah almaya baxdı, ağzının suyu axdı. 

Qırmızıyanaq mahnı oxuya-oxuya getdi, getdi, gəlib nənənin komasına çıxdı. Komanın qarşısında ağaca çıxıb oxumağa başladı. Elə bildi Qırmızıpapaq burdadır.Çünki Qırmızıpapaq həmişə nənəyə baş çəkməyə gələrdi. Nənə səsə pəncərədən başını çıxarıb gördü ağacda bir alma var, çox gözəldir. Özü də elə oxuyur, elə oxuyur, elə bil bülbül cəh-cəh vurur:

- Toppuş, qəşəng almayam,

Yeməliyəm, dadlıyam.

Çoxlu nağıl bilirəm,

Hər şeyi öyrənirəm!

Ağacda darıxmışam,

Düşüb yerə qaçmışam,

Çayda qəşəng üzmüşəm,

Timsaha rast gəlmişəm.

Nə boyda ağzı vardı,

Dişləri ağappaqdı.

Mən qorxub qaçdım ondan, 

Tullandım, çıxdım çaydan.

Axtarıram dostumu,

Görməmisən sən onu?

 

Nənə elə güldü, elə güldü, ağzındakı bütün dişləri (cəmi ikicə dişi vardı) göründü. Gülməkdən özünü güclə saxlayıb dedi:

- Görməmişəm! Kimdir sənin dostun?

- Qırmızıpapaq! 

- O mənim nəvəmdir, səhərdən gözləyirəm mənə kökə gətirsin, gəlib çıxmır, ac qalmışam!

Almanın nənəyə lap yazığı gəldi. Dedi:

- Ac qalmısansa, məni ye!

Nənə dedi:

- Yox, səni yemərəm, çox dadlı almaya oxşayırsan.Nəvəm gəlib səni yeyər!

- Sən ye, nənə! Yeyəndən  sonra çəyirdəyimi bağa atsan yenə göyərərəm. 

- Nə yaxşı?! Dişim yoxdur, onda gedim bıçaq gətirim, səni doğrayım, sonra yeyim! 

Nənə bayıra çıxıb gördü alma nə gəzir... Qırmızıyanaq yoxdur. Çağırdı:

- Hardasan, Qırmızı-yanaq?

Uzaqdan səs gəldi:

- Mənim bıçaqdan xoşum gəlmir!

Nənə peşman-peşman almanın arxasınca baxdı, ağzının suyu axdı. 

Alma getdi, getdi, yolda bir canavara rast gəldi. Canavar gördü yumbalana-yumbalana bir alma gəlir, bir alma gəlir, qırmızıyanaq, gözəl, ətirli. Səsi də meşəni götürüb:

 

- Toppuş, qəşəng almayam,

Yeməliyəm, dadlıyam.

Çoxlu nağıl bilirəm, 

Hər şeyi öyrənirəm! 

Ağacda darıxmışam,

Düşüb yerə qaçmışam.

Çayda qəşəng üzmüşəm,

Timsaha rast gəlmişəm.

Qorxub qaçdım Timsahdan.

Tullandım, çıxdım çaydan.

Rast gəldim bir nənəyə 

İstədi məni yeyə. 

Getdi bıçaq gətirsin,

Məni doğrayıb yesin.

Nənədən də qaçdım mən

Söylə mənə, sən kimsən? 

- Canavar!

- Bildim hansı canavarsan! Nənəni udan canavar! Qırmızıpapağı aldadan canavar!

- Düzdür! Olar səni də aldadım yeyim?

- Məni aldada bilməzsən. Mən oxumuş almayam! 

- Oxumuş alma, məndən qaça bilməyəcəksən! Yaxşısı budur, xoşluqla gəl, səni yeyim! 

- Gəl, onda belə oyun oynayaq!  Mən gizlənim, axtar-tap, tutan kimi ye!

- Razıyam! 

 

Alma budaqdan-budağa hoppandı. Canavar onun ardınca qaçmağa başladı. Axırda alma elə ağaca tullandı ki, dibində quyu vardı. Canavar guruluguppaz düşdü quyuya.

- Vay belim! – Deyə bərkdən uladı. 

Alma yenə başladı oxuya-oxuya gəzib dostunu axtarmağa. Bu dəfə bir Tülküyə rast gəldi.Tülkü hiyləgər-hiyləgər almaya baxdı, ağzının suyu axdı:

- Nə dadlısan, nə ətirlisən? Səni yemək olar?

- Kimsən? ‒ Qırmızıyanaq soruşdu.

- Tülküyəm! Avam, yazıq, sakit tülkü. Hamı məni aldadır, yeməyimi əlimdən alır! 

- Mən elə-belə alma deyiləm, oxumuş almayam, səni yaxşı tanıyıram!

- Necə tanıyırsan?

- Sən qoğalı aldadıb yemiş tülküsən! Hiyləgərsən, çoxbilmişsən! 

Belə deyəndə Tülkü hönkür çəkib ağlamağa başladı:

- Ah, yazıq qoğal, zavallı qoğal, heç bilmirəm bu, necə baş verdi ki, mən onu bilmədən yedim! Səni yemərəm, sən çox gözəlsən. Gəl, dost olaq!

- Olaq!

- Mənə mahnı oxuyarsan?

- Oxuyaram! 

Qırmızıyanaq mahnı oxumağa başladı: 

- Toppuş, qəşəng almayam,

Yeməliyəm, dadlıyam.

Çoxlu nağıl bilirəm, 

Hər şeyi öyrənirəm! 

Ağacda darıxmışam,

Düşüb yerə qaçmışam, 

Çayda qəşəng üzmüşəm,

Timsaha rast gəlmişəm.

Qorxub qaçdım Timsahdan,

Tullandım, çıxdım çaydan.

Nənədən də mən qaçdım, 

Canavarı aldatdım.

“Vay belim” ‒ dedi canavar,

Dedim, “bu sənə dərs olar”!

- Nə qəşəng oxuyursan, amma heç yaxşı eşitmədim. Kim qışqırdı “ay elim”?

- “Ay elim”, yox, “vay belim”, Canavar qışqırdı.  

- Yaxşı başa düşə bilmədim. Burnumda oturub oxuya bilərsən?

- Əlbəttə! Onda çıxım ağaca, ordan tullanım burnunun üstündə oturum!

- Tullan, ‒ deyə, Tülkü sevindi. 

Qırmızıyanaq ağacın lap hündür bir budağına qalxıb ordan düz tullandı Tülkünün başına. Zərbə ilə onun başına elə dəydi ki, Tülkü yumrulanıb fırlandı, fırlandı, sonra da düz gedib düşdü canavar olan quyuya. Canavarla Tülkünün səsi meşəni bürüdü. Elə ki, Alma oxumağa başladı, onlar səslərini kəsib qulaq asdılar:

- Toppuş, qəşəng almayam,

Yeməliyəm, dadlıyam.

Çoxlu nağıl bilirəm, 

Hər şeyi öyrənirəm! 

Ağacda darıxmışam,

Düşüb yerə qaçmışam, 

Qəşəng üzürdüm çayda, 

Rast gəldim bir Timsaha.

Timsahdan qorxdum qaçdım,

Tullandım çaydan çıxdım.

Sonra nənədən qaçdım, 

Canavarı aldatdım.

İstədi Tülkü lələ 

Aldada, məni yeyə,

Elə dəydim başına

Düşdü su quyusuna! 

Başına alma dəydi, 

Gedib quyuya girdi.

Axtarıram dostumu

Heç kəs görməyib onu?

Səs ver, Qırmızıpapaq!

Hardasan, gəl, dost olaq!

 

Qırmızıyanaq oxuya-oxuya gedirdi, qoca bir Marala rast gəldi. Maral oturub, başını yerə qoymuşdu. Qırmızıyanaq soruşdu:

- Bütün marallar qaçır, gəzir, sən isə başını uzadıb oturmusan. Niyə? Xəstələnmisən?

- Qocalmışam, dizlərimin taqəti qalmayıb ki, gedim yem axtarım!

- Məni ye, dizlərin qüvvətlənsin!

- Yemərəm səni, sən çox yaxşısan, şirin dillisən!

- Qorxma, ye, amma sonra çəyirdəyimi bağa at ki, təzədən cücərə bilim. 

- Bu mümkündür?

- Mən sehrli almayam, mümkündür!

Maral “Çox sağ ol!”, ‒ deyib, Qırmızıyanağı ləzzətlə yedi. 

Bir azdan Qırmızıpapaq gəlib çıxdı. O, Maraldan soruşdu:

- Qırmızıyanağı görməmisən? Eşitdim məni axtarır.

Bunu eşidəndə Maralın yadına düşdü ki, çəyirdəyi bağa atmağı unudub. Başladı ağlamağa. Qırmızıyanaq soruşdu:

- Niyə ağlayırsan?

Maral başına gələnləri danışıb axırda dedi:

- Qırmızıyanaq mənə yaxşılıq elədi, mən isə ona pislik elədim, çəyirdəyi bağa atmalıydım ki, təzədən göyərsin! – Deyib daha da bərkdən ağlamağa başladı. 

Bu vaxt Qırmızıpapaq gülməyə başladı. Maral acıqlandı:

- Mən ağlayıram, sən isə gülürsən!

Qırmızıynaq dedi:

- Gölə düşən əksinə baaax!

Maral suda əksini görəndə təəccübdən gözləri böyüdü. 

 

Buynuzlarının üstündə alma ağacı bitmişdi. Ağacda bir çiçək göyərdi. Çiçək dönüb qırmızıyanaq alma oldu və oxumağa başladı:

 

- Çıxdım Maral başına,

Ordan baxdım hər yana.

Maral nənə, ağlama,

Çəyirdək idim oldum,

Qırmızıyanaq bir alma!

Belə deyib, Qırmızıyanaq atıldı Qırmızıpapağın qucağına. Qırmızıpapaq sevindi, almanı ləzzətlə yedi, çəyirdəyini isə bağa atdı. Bağdan ağac cücərdi, ağacdan qırmızıyanaq bir alma.

Qırmızıyanaqla Qırmızıpapaq əl-ələ verib qaçdılar oynamağa...